Bu gün Dağıstanın paytaxtı Mahaçqalada iki partlayış törədilib. Lent.az-ın məlumatına görə, bu barədə “Twitter” və “İnstagram” istifadəçiləri hadisə yerindən xəbər veriblər.
Yerli sakinlər bildirirlər ki, partlayış Sovetski və Daxadayev küçələrinin birləşməsində baş verib. Ardından ikincisi də qeydə alınıb. İstifadəçilərdən biri partlayışın “Damskiy uqodnik” zərgərxanasında, “İnterfaks” agentliyi isə spirtli içkilərin satıldığı “Dərbənd” mağazasının girişində baş verdiyini iddia edir. Yerli Daxili İşlər Nazirliyi 10 nəfərin yaralandığını xəbər verib.
Qeyd edək ki, partlayışın baş verdiyi Sovetski rayonunda oktyabrın 29-da terrorçulara qarşı əməliyyat rejimi tətbiq olunub. İki küçənin kəsişməsi Mahaçqalanın ən gur yeri sayılır. 2011-ci ildə həmin məhəllədə bir sıra terror aktı həyata keçirilib. Nəticədə onlarca insan zərər çəkib. Teraktlar eyni plan üzrə baş verib: Əvvəlcə birinci partlayış, ardından ikincisi törədilir, sonra da hadisə yerinə insanlar toplaşırlar.