Los-Ancelesdə küçəyə sərinləşdirici asfalt çəkildi
Havanın çox isti olması asfaltın da qızması deməkdir. Qara asfalt işığı özünə daha çox çəkir və daha çox isti buraxır. Los-Anceles şəhərində yollarındakı asfaltın üzərinə çəkilən sərinləşdirici örtük sınaqdan keçirilir. Rəsmilər bu örtüyün adi asfaltın temperaturundan aşağı olduğunu deyir.
APA "amerikanınsesi"nə istinadla xəbər verir ki, Los-Ancelesin “Yol Xidmətləri Bürosu”nun işçiləri şəhərin küçələrindəki asfaltın temperaturunu aşağı salmağa çalışır. Onlar sərinləşdirmək üçün asfaltın üzərinə salınan yeni səthin temperaturunu yoxlayır. “Yol Xidmətləri Bürosu”nun işçisi Qreq Spotts: “Biz indicə üzərinə yeni səth çəkilmiş asfaltın temperaturunu ölçdük, Orada temperatur müsbət 48 dərəcə idi. İndi biz qara asfaltın temperaturunu ölçək, burada isə müsbət 62 dərəcəyə yaxındır. Yəni yeni örtüklü asfaltın temperaturunda fərq çoxdur.”
Qarşıdan gələn 10 il ərzində Los-Ancelesin təxminən 1500 küçəsinə sərinləşdirici asfalt çəkilməsi planlaşdırılır. “Bu asfalt çox nazikdir. Bir az boyaya bənzəyir. Yəni onda-bir millimetrdir. Bu örtük nəm çəkmə standarına da cavab verir. Yolu sürüşkən etmir” - deyə, Qreq Spotts bildirir.
Mütəxəssislər Los-Anceles kimi böyük şəhərləri sərinləşdirməyin vacib olduğunu deyirlər. Belə ki, qlobal istiləşmə davam etdikcə və temperatur durmadan artıqca buna ehtiyac artacaq. Onlar bu sınağın müsbət nəticə verəcəyinə ümid edirlər. Qreq Spotts: “Biz bu layihəyə 2014-cü ildə başlamışdıq. Həmin vaxt Ətraf Mühit Birliyi bizə sərin örtükdən istifadə etməyi tövsiyə etdi. Lakin biz sonradan bu örtükdən Kaliforniyada heç kəsin istifadə etmədiyini müəyyən etdik. Biz pilot layihə üçün 150,000 dollar aldıq və bu pulla biz 15 şura dairəsinin hər birində bir küçəni asfaltladıq. İndi yenicə gəlmiş 300,000 dollarla biz bütöv üç məhəlləni və şəhərin 40 küçəsini əhatə etmişik.”
Sakinlər nəticədən razıdır. Lass: “Onlar küçədə asfaltı dəyişmək haqda bizə yazılı məlumat verəndə, mən oxuyub belə qərara gəldim ki, bunu dəstəkləməliyik. Siz başqa bir məhəllədə avtomobil sürərkən öz məhəllənizdəki fərqi görə bilərsiniz. Bura daha sərindir.”
Layihə hələ təcrübə mərhələsindədir və hələ də narahatlıqlar var. Məsələn, təkər sürüşmələrinin örtüyün effektivliyinə mənfi təsiri ola bilərmi? Ancaq hər şey qaydasında gedərsə, Los-Anceles şəhərinin rəsmiləri layihəni genişləndirməyə və örtüklərdən damlar və səkiləri də sərinlətmək üçün istifadə etməyə başlayacaqlarına ümid edirlər.
1573