İraqda bir neçə partlayışın nəticəsində 35 nəfər həlak olub, 120-dən çox sakin xəsarət alıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Bağdadda 6 minalınmış avtomobilin partlaması nəticəsində 98 nəfər yaralanıb. Şəhərətrafı kafelərdən birində partlayıcı qurğunun işə düşməsi nəticəsində 5 nəfər həlak olub, 15-i yaralanıb.
Bundan başqa əl-Amar, Hill, Nəsiriyyə və Kərkük şəhərlərindəki hərbi komissarlığa və mülki obyektlərə basqın edilib.
Təhlükəsizlik qüvvələri “Əl-Qaidə” ilə əlaqədə şübhəli bilinən 116 silahlı saxlayıb.
Mənbənin məlumatına görə, əməliyyat zamanı terrorçuların bir neçə təlim düşərgəsi, əldəqayırma partlayıcı qurğu hazırlamaq üçün gizli sexlər ləğv olunub.
İraq hakimiyyəti terror təşkilatlara qarşı genişmiqyaslı əməliyyatlar aparır, lakin cari ilin əvvəlindən bu günədək artıq 3500-dən çox insan zorakılığın qurbanı olub.