ABŞ hakimiyyəti Fransanın «Total» neft şirkətini 398,2 milyon dollar məbləğində cərimələyib.
Lent.az-ın «Frans press»ə istinadən məlumatına görə, İranın vəzifəli şəxslərini «pula ələ aldığı» üçün şirkətə bu cəza kəsilib.
«Total» ABŞ-ın beynəlxalq korrupsiyaya qarşı mübarizə qanununu pozmaqda ittiham olunub. Şirkət bu cərimənin 153 milyon dollarını Qiymətli kağızlar komissiyası üzrə birjanın hesabına köçürəcək, 245,2 milyon dolları isə Ədliyyə Nazirliyi tələb edib.
ABŞ hakimiyyəti 1995-2004-cü illərdə «Total»ın iranlı məmurlara 60 milyon dollar rüşvət verdiyini təsdiqləyib.
Mənbənin məlumatına əsasən, Paris prokurorluğu da İranda korrupsiya ilə məşğul olduğu üçün bu neft müəssisəsini Fransanın antikorrupsiya haqqında qanununu pozmaqda ittiham edib.
«Total» isə fəaliyyətinin qanuni olduğunu məhkəmədə sübut etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, şirkət 1996-2003-cü illərdə də İraqda məmurlara rüşvət verməkdə ittiham olunub. Hər iki cinayət də «Total»ın baş direktoru Kristof de Marjerin adı hallanır.