Almaniyada İrandan Polşa, Fransa, Belçika, Konqo, o cümlədən Afrika ölkələrinə ixrac edilən və dəyəri milyonlarla avro olan xalçalarda böyük miqdarda narkotik maddə aşkar edilib.
APA-nın “Radiofərda” istinadən verdiyi məlumata görə, Almaniyanın gömrük rəsmiləri yanvarın 28-də Leypsiq hava limanında 9 xalçanın digərləri ilə müqayisədə ağır olmasından şübhələniblər və onları yoxlamaq qərarına gəliblər. Nəticədə X şüalarının yardımı ilə 9 xalçada 45 kiloqram heroinin mövcud olduğu aşkarlanıb. Narkotik maddə ip kimi düzəldilərək qara qılafın içərisinə yerləşdirilib və həmin xalçaların daxilindəki iplərə toxunub.
Bu hadisədən sonra Avropanın bir sıra ölkələrində, xüsusilə Polşa, Fransa və Belçikada həbslər həyata keçirilib. Ancaq hələlik neçə nəfərin tutulduğu barədə heç bir məlumat verilməyib.