İran İslam Respublikasının ən böyük müxalif qruplarından olan Xalq Mücahidlər Təşkilatının İraqdakı “Əşrəf” qərargahına silahlı hücum olub.
Lent.az-ın məlumatına görə, sentyabrın 1-də İraqın hökumət qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində ən azı 52 mücahid qətlə yetirilib, onlarla adam yaralanıb, 5 nəfər isə tutularaq bilinməz istiqamətə aparılıb.
Hücum zamanı “Əşrəf” qərargahında cəmi 100 mücahid olub.
İran Xalq Mücahidlər Təşkilatı qırğının rəsmi Tehranın İraq hökumətinə verdiyi tapşırıq əsasında həyata keçirildiyini bəyan edib. Təşkilatın bəyanatında deyilir ki, mücahidlərə hücumdan bir neçə gün əvvəl İran İnqilab Keşikçiləri Qvardiyasının xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadının komandanı Qasım Süleymani Bağdada səfər edərək, İraqın baş naziri Nuri əl-Maliki ilə görüşüb.Həmin görüşdə “Əşrəf” qərargahındakı mücahidlərin ölkədən çıxarılmasını, ya da onların “taleyinin biryolluq həll olunmasını” istəyib.
Rəsmi Tehran isə bu iddiaları təkzib edib, “Əşrəf” qərargahına hücumda heç bir iştirakı olmadığını bildirib.
Məlumatlara görə, hücum zamanı mücahidlərin bəzilərinin əllərini bağlayıb,ç başından güllə ilə vurublar. Bəzi yaralıların qərargahın klinikasında ikinci dəfə hücuma məruz qaldığı, burada güllələndiyi bildirilir.
Qətlə yetirilənlərdən 7-si Xalq Mücahidlər Təşkilatının Rəyasət Heyətinin üzvüdür.
Silahlı basqında həlak olan mücahidlər bunlardır: Hüseyn Sultani, Əmirhüseyn Əfzəlniya, Bijən Mirzai, Nasir Kirmanian, Əmir Nəzəri, Zöhrə Qaimi, Giti Givəçian, Mitra Baqırzadə, Jila Tülu, Fatimə Kamyab, Məryəm Hüseyni, Məcid Şivyari, Əzim Narui, Rəhman Mənani, Həsən Cabbari, Səid Əxəvan, Hüseyn Rəsuli, Nasir Həbəşi, Əli Əsğər Mekanik, Əli Mahmudi, İbrahim Əsədi, Mehdi Fətullah Nejad, Əlirza Xoşnevis, Mahmudrza Səfəvi, Əsğər Emadi, Şəhram Yasəri, Səid Norəsi, Əli Seyid Əhmədi, Sirus Fəthi, Heydər Gərmabi, Kuruş Səidi, Əli Feyz Şəbangahi, Həmid Sabiri, Nəbi Seyf, Hadi Nəxciri, Şahrox Ohədi, Əli Əsğər Qədiri, Şüca Mütəvəlli, Mehrdad Cəfərzadə, Məhəmməd Gürci, Qasım Rizvani, Əhməd Bustani, Hüseyn Mədəni, Nasir Sərabi, Qubad Səidpur, Yasər Haciyan, Əlirza Purməhəmmədi, Ərdəşir Şərifiyan, Əhməd Vəşaq, Fəriborz Şeyxülislam, Həmid Batibi və Həsən Qulampur.
Xalq Mücahidləri Təşkilatı İranda şahlıq dövründə yaradılıb. Təşkilat 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidləri Təşkilatının minlərlə üzvü edam olunub və ya xarici ölkələrə mühacirət edib. Təşkilatın silahlı qanadı əsasən İraqdakı “Əşrəf” hərbi qərargahında məskunlaşıb. ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamamilə tərk-silah edilib, “Əşrəf” qərargahı ABŞ ordusunun nəzarətində saxlanılıb. 2009-cu ildə öz qüvvələrini İraqdan çıxaran ABŞ hökuməti bu qərargaha nəzarəti İraq hökumətinə tapşırıb. Burada bir neçə dəfə hücuma məruz qalan 3 mindən çox mücahid BMT qüvvələrinin nəzarəti ilə 2013-cü ilin ilk aylarında Bağdad yaxınlığındakı “Liberti” hərbi qərargahına köçürülüb. 100 nəfər mücahid isə “Əşrəf”də qalıb.