Suriyada Homs şəhərinin məhəllələrində Bəşar Əsəd rejiminə bağlı ordu ilə müxalifət qüvvələri arasında döyüşləri davam edir.
Lent.az-ın xarici informasiya vaistlərinə istinadən məlumatına görə, iyulun 6-da Homsun Halidiya yaşayış məntəqəsində ordu müxalifətə həlledici həmlələr endirib.
Müxalif fəallardan birinin «Associated Press» agentliyinə verdiyi məlumata əsasən, iyulun 6-da səhər üsyançılara qarşı artilleriya, minaatanlarla hücumlar olub.
Onu da qeyd edək ki, Homsda bir həftədir hərbi əməliyyatlar davam edir.
Bir neçə gün öncə BMT bu şəhərdə mülki vətəndaşların mühasirəyə düşdüyünü və onların şəhəri tərk etmələrinə şərait yaradılması ilə bağlı tərəflərə çağırış etmişdi.
Qurumun məlumatında bildirilib ki, 2011-ci ilin martından bu yana Suriyada 90 mindən çox adam həlak olub. Yüz minlərlə suriyalı ev-eşiyindən didərgin düşüb.