Gürcüstanın yeni prezidentinin andiçməsi Tiflisdəki keçmiş parlament binasının arxasında keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu jurnalistlərə Gürcüstan xarici işlər naziri Maya Pancikidze deyib. Onun sözlərinə görə, mərasim üçün bu yerin seçilməsində məqsəd Rustaveli və ona bitişik küçələrin bağlanmamasıdır.
Nazir qeyd edib ki, inauqurasiya mərasimi prezident seçkiləri kimi Avropa standartlarına uyğun keçiriləcək. Mərasimdə iştirak etmək üçün 70 tərəfdaş ölkəyə dəvət göndərilib. Lakin Rusiya nümayəndə heyətinə dəvət göndərilməyib.
Pancikidze bildirib ki, mərasimə Mixail Saakaşvii, Eduard Şevardnadze və Gürcüstan parlamentinin bütün üzvləri dəvət olunacaq.
Xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə, tədbir sadə olacaq və ən başlıcası, baha başa gəlməyəcək. “Mərasimdə aviasiya, ağır texnika olmayacaq, yalnız Gürcüstan Müdafiə Nazirliyinin şəxsi heyəti iştirak edəcək. Tədbirdə Gürcüstanın himni səslənəcək və dövlət bayrağı qaldırılacaq”.
Pancikidze qeyd edib ki, inauqurasiyada prezident and içəcək, sonra o, Qəhrəmanlar meydanına gedib Gürcüstan uğrunda həlak olan qəhrəmanların xatirəsini yad edəcək, ardınca Rustaveli teatrında konsert təşkil olunacaq. Sonda prezident xarici qonaqları qəbul edəcək.
İnauqurasiya mərasimi noyabrın 17-də saat 13.00-da başlayacaq.