Girov götürülmüş azərbaycanlının qaytarılması üçün Ermənistanla danışıqlar aparılır
19 avqust 2013 10:44 (UTC +04:00)

Girov götürülmüş azərbaycanlının qaytarılması üçün Ermənistanla danışıqlar aparılır

APA-nın Gürcüstan müxbiri Sadaxlıda girov götürülən soydaşımızın ailəsində olub

 

APA-nın Gürcüstan bürosunun müxbirinin Ermənistan sərhədçiləri  tərəfindən girov götürülən Allahverdi Pələngovun ailəsində olub. Hadisəni təfərrüatı ilə öyrənən müxbirimizin qeydlərini təqdim edirik.

 

“Sadaxlı kənd icra nümayəndəliyinin inzibati ərazi dairəsinə daxil olan Burma kəndindəyik. Erməni sərhədçilərinin girov götürdüyü Allahverdi Pələngovun ailəsi bu kənddə yaşayır. Məni Sadaxlı kənd mərkəzində Allahverdi Pələngovun qardaşı oğlu Anar Pələngov qarşıladı və polisin hadisə baş verən kəndə getdiyini dedi. Az sonra “Niva” markalı avtomobilin sürücüsü Mirzə Pələngov (sonra öyrəndim ki, o, girov götürülən şəxsin qardaşıdır) yaxınlaşdı, mənim kim olduğumu soruşdu və jurnalist olduğumu eşidəndə bildirdi ki, “bizə jurnalist lazım deyil, bizə hökumət adamı, polislər lazımdır. Qardaş sən geri qayıt, bizim işimizə mane olma, qoy polislə işimizi görək, ermənilər bilsə ki, bu məlumat mətbuata ötürülüb, qardaşımızın işi yaxşı olmaz”.

 

Gürcüstan-Ermənistan gömrük məntəqəsindən sağa burulub, təxminən 3 km yol gəldikdən sonra Burma kəndi başlayır. Ermənistan gömrük məntəqəsi ilə bu kəndi magistral yoldan cəmi 100-150  metr məsafə ayırır. Burma kəndinə çatanda yerli sakinlərin toplaşıb hadisəni müzakirə etdiklərini gördüm. Gürcüstanın “Gürcü Arzusu” partiyasının Siyasi Büro üzvü Əli Babayev və “Sadaxlı Dirçəliş İttifaqı” qeyri-hökumət təşkilatının sədri Sabir Mehdiyev  də  kənddə polislərlə hadisənin təfərrüatlarını öyrənməyə çalışırdı. Polislər Allahverdi Pələngövun həyat yoldaşından, oğlu Kənan  və hadisənin digər şahidlərindən izahat alırdı. Allahverdi Pələngövun evində olarkən qardaşı Mirzə Pələngov yenə mənim və “Sadaxlı Dirçəliş İttifaqı” qeyri-hökumət təşkilatının sədri Sabir Mehdiyevə kəndə gəlməmizə etiraz etdi və Allahverdi Pələngovun həyat yoldaşından açıqlama almağıma mane oldu. Mirzə Pənləngov şəkil çəkməyimə də etirazını bildirdi. Mən kənd sakini Vaqif Naibovun maşını ilə sərhədə gedərək Ermənistan sərhədçilərinin dayandığı sərhəd zolağını da çəkmək istədim. Vaqif Naibov bildirdi ki, 3-4 il bundan əvvəl ermənilər 1974-cü ilin qondarma xəritəsini əsas gətirərək meşəyə yaxın ərazidə kənd evlərinin yerləşdiyi ərazilərin Ermənistana aid olduğunu iddia edib və azərbaycanlıları dədə-baba evlərimizdən çıxartmaq istəyiblər: “Lakin biz mübarizə apardıq, müvafiq təşkilatlara müraciət etdik, bundan sonra evlərimizi vermədik. Lakin başımıza hələ də çox hadisələr gəlir”.

 

Allahverdi Pələngovun əmisi oğlu Süleyman Pələngov APA-ya açıqlamasında girov götürülən şəxsin Ermənistan-Gürcüstan sərhədinin neytral sahəsində iki erməni çobanı ilə görüşdüyünü və birlikdə çörək yediklərini bildirib: “Sonra erməni sərhədçiləri onların hər üçünü tutaraq, yaxınlıqda olan erməni sərhəd zastavasına aparıblar. Ermənilər izahat verdikdən sonra azad buraxılıb əmim oğlu Allahverdini isə İrəvana aparıblar. O, indi Ermənistan Təhlükəsizlik Nazirliyində saxlanır”.

 

“Gürcü Arzusu” partiyasının Siyasi Büro üzvü  Əli Babayev baş verən hadisə barədə Gürcüstanın baş naziri Bidzina İvanişvilinin milli azlıqlarla iş üzrə köməkçisi Savalan Mirzəyevin də məlumatlı olduğunu deyib. O hadisəyə müdaxilə edəcəyini və müvafiq orqanları məlumatlandıracağını bildirib. Burma kəndində mənə hadisə ilə bağlı artıq Azərbaycan və ABŞ-ın Gürcüstandakı səfirliklərinə məlumat verildiyini bildiriblər.

 

Hadisə yerinə gələn Sadaxlı kənd icra nümayəndəliyinin rəhbəri Hüseyn Əsgərov APA-ya açıqlamasında hadisə ilə bağlı Gürcüstan Təhlükəsizlik İdarəsi rəsmilərinin Ermənistanın əlaqədar qurumları ilə danışıqlar apardığını və bu gün Allahverdi Pələngovun geri qaytarılacağını söylədi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1718
avatar

Oxşar yazılar