«Ermənistan Gömrük İttifaqına daxil olmaqla Avropa Birliyi ilə azad ticarət müqaviləsinin bağlanması yolunu bağladı». Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, AB-yə sədrlik edən Litvanın xarici işlər naziri Linas Linkeviçyus bildirib.
Onun sözlərinə əsasən, AB Ermənistan prezidenti Serj Sarksiyanın qərarına hörmət edir, ancaq iki sistem bir araya gələ bilməz.
«Biz istənilən dövlətin seçiminə hörmət edirik. Ancaq onlar iki fərqli tələbli təşkilatın eyni zamanda üzvü ola bilməz» -deyə, litvalı diplomat «Frans press»-ə müsahibəsində bildirib.
Linkeviçyusla yanaşı Şimal və Baltikyanı 7 dövlətin xarici işlər nazirləri keçmiş sovet ərazisində Rusiyanın təzyiqləri ilə bağlı bəyanat verib.
«Şərq tərəfdaşlarına, onların Avropaya inteqrasiyasına qarşı istənilən iqtisadi və ya siyasi təzyiq AB tərəfindən qəbuledilməzdir» -deyə, bəyanatda vurğulanıb.