İrəvan Xorvatiya hökumətinə müraciət edərək, bu ölkənin silahlanmadan çıxardığı M-36 «Jackson» maşınlarının onlara hədiyyə olunmasını xahiş edib
Ermənistan Xorvatiyadan bu ölkənin silahlanmasından çıxarılan, M-36 «Jackson» tank vuran hərbi texnikalar əldə etmək istəyir.
Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat daxil olub.
Ermənistan tərəfi Xorvatiya hökumətinə müraciət edərək, bu ölkənin silahlanmadan çıxardığı, II Dünya Müharibəsi dövrünün hərbi texnikası olan M-36 «Jackson» tank vuran maşınlarının onlara hədiyyə edilməsini istəyib.
Ermənistan tərəfinin bu maşınlardan hansı məqsədlər üçün istifadə edəcəyi bəlli deyil. Bununla bağlı qərarı Xorvatiya hökuməti qəbul etməlidir.
90 mm çaplı topa malik M-36 Amerika Ordusu tərəfindən 1944-cü ildən II Dünya və Koreya müharibəsində geniş istifadə olunub. Sonrakı dövrlərdə keçmiş Yuqoslaviya Ordusunda bu tırtıllı maşınlarda T-55 tanklarının malik olduğu 500 at gücünə malik dizel mühərrik quraşdırılıb. Yuqoslaviyada vətəndaş müharibəsi zamanı xorvatlar bu maşınlardan istifadə ediblər.
Çəkisi 29 ton olan M-36 maşınının heyəti 5 nəfərdən ibarətdir.
Maşının silahlanmasına 90 mm çaplı top və pulemyot daxildir.