Ermənistan Silahlı Qüvvələrində kadr dəyişiklikləri olub.
APA-nın erməni mediasına istinadən verdiyi məlumata görə, prezident Serj Sərkisyanın imzaladığı sərəncamla polkovnik Henrix Muradyan respublika hərbi komissarı vəzifəsinə təyin edilib. Baş Qərargah rəisinin müavini general-leytenant Aykaz Baqmanyanın vəkalət müddəti daha 5 il müddətinə uzadılıb. Bundan başqa, Baş Qərargahın təşkilati-səfərbərlik idarəsinin rəisi polkovnik Arakel Martikyan vəzifəsindən azad edilib. Bu posta beşinci ordu korpusunun komandiri general-mayor Kamo Koçunts təyin edilib.
Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu korpusunun komandiri general-mayor Ovik Oqanyan da vəzifəsindən azad olunaraq, onun yerinə dördüncü ordu korpusunun sabiq komandiri, general-mayor Poqos Poqosyan təyin edilib. Dördüncü ordu korpusuna isə general-mayor Andranik Makaryan komandir təyin olunub.