Ərdoğanla Obamanın fərqi nədir? - MARAQLI FAKTLAR
21 avqust 2013 15:27 (UTC +04:00)

Ərdoğanla Obamanın fərqi nədir? - MARAQLI FAKTLAR

Türkiyənin “Aksiyon” dərgisində maraqlı bir məqalə dərc olunub. Lent.az-ın məlumatına görə, məqalə müəllifi ABŞ prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan arasındakı fərqləri araşdırıb. Məqalədə qeyd edilir ki, hər iki lider  xalqının böyük əksəriyyətinin dəstəyi ilə qələbə qazanıblar: “Onlar arasındakı fərqi mənsub olduqları cəmiyyət, mədəniyyət və sistemdən qaynaqlandığını da nəzərə almaq lazımdır”.

 

Müəllif iki lider arasındakı aşağıdakı fərqlərin olduğunu qeyd edib:

 

1. Xarizma: Obamanın xarizması özündəndir, Ərdoğanın isə, xarizma özüdür!

 

2. Liderlik: Obama; zirvədə duran, lakin öz zamanını itirməyə üz tutan bir ölkənin başçısıdır. Ərdoğan isə zirvə yolunda olan bir ölkənin baş naziridir.
 

3. Tərz: Obama - a) ehtimalları qiymətləndirir, b) Hesabatlara baxır, c) Ekspertləri dinləyir, d) müxalifətlə müzakirələr aparır, e) Qərar verib, tətbiq edir. Ərdoğan  isə bütün bunları əksinə edir.

 

4. Ömür yolları: Obama – mühacir uşağı "yarı amerikalı", anası "yarı qara", atası müsəlman və dindar olmayan "yarı xristiandır". Ərdoğanın həyatında "yarı" yoxdur.
 

5. Natiqlik: İkisi də yaxşı natiqdir. Obama əvvəl ağıllara, sonra ürəklərə xitab edir. Ərdoğan isə əvvəl ürəklərə, sonra ağıllara.

 

6. Güc: Obama supergüclü bir ölkənin, öz ayaqları üstündə dayanmağa çalışan başçısıdır. Ərdoğan isə öz ayaqları üstündə dayanmağa çalışan bir ölkənin supergüclü baş naziridir.
 

7. Müvəffəqiyyət: ABŞ iqtisadiyyatının zəifləməsini və ölkənin imicinin sarsılmasını dayandırmaq Obamanın uğuru, Türkiyənin dirçələn iqtisadiyyatını və parlayan imicini dayandırmaq isə Ərdoğanın uğursuzluğu ola bilər.

 

8. Hədəf: Obama ölkəsini özündən əvvəlki bir prezident (oğul Buş) istisna olmaqla,  sabiq dörd prezidentin (Klinton, Ata Buş, Reyqan, Karter) parlaq dövrünə geri döndərməyi, Ərdoğan ölkəsini özündən əvvəlki bir baş nazir (Gül) istisna olmaqla, sabiq dörd baş nazirin (Ecevit, Yılmaz, Ərbakan, Çillər) çətin zamanlarına döndərməməyi qarşısına məqsəd qoyub.

 

9. Sevgi: İkisini də sevən çoxdur. Amma heç bir amerikalı Obama üçün canını verməz. Ərdoğan üçün isə canını fəda edənlər tapılar.
 

10. Nifrət: İkisinə də nifrət edənlər çoxdur. Amma kimsə Obamanı öldürməyə cəhd etməyib. Ərdoğana isə sui-qəsd planları olub.
 

11. Güvən: Seçiciləri Obamaya deyil, sistemə güvənir və hər şeyi prezidentdən gözləmir. Ərdoğanın seçiciləri isə sistemə deyil, Ərdoğana güvənir və hər şeyi baş nazirdən gözləyirlər.

 

12. İki problem: Obama irqçiliyin, Ərdoğan isə qəyyumluğun qarşısını alaraq, öz ölkələrinin lideri olub. Amma hər iki xalq başa düşür ki, iki çiçəklə yaz açılmaz.

 

13. Zəncilik: Dünən biri Amerikanın, digəri rejimin “zənci”siydi. Bu gün, ikisi də çətin bir prosesi keçərək lider olub. Sabah Obama yenə zənci kimi yaşayacaq, Ərdoğan isə çətin ki “zənci” kimi qala...

 

14. Dünya: Obamaya Avropada heyran olanlar çoxdur. ABŞ prezidenti Afrikada sevilsə də, Orta Şərqdə  sevilmir. Ərdoğana gəlincə, ona Orta Şərqdə heyran olanlar çoxdur. Türkiyənin baş naziri Asiyada sevilir, Avropada isə sevilmir.
 

15. Müxalifət: Obamanın ölkədə iki, Konqresdə bir müxalif partiyası var, amma ona “ot yoldururlar”. Ərdoğanın isə ölkədə 20-dən artıq, Məclisdə 3 müxalif partiyası var, lakin heç biri təsir etmək gücünə malik deyil.
 

16. Partiyadaxili müxalifət: Obamanın tərəfindən olan millət vəkillərinin öz ştatları üçün ABŞ prezidentini “xərcləmək” ehtimalları böyük olsa da, Türkiyədə bunun tam əksidir.


17. Polemika: Obama müxalifətlə ictimaiyyət qarşısında mübahisə etməsə də, arxada onların quyusunu qazır. Ərdoğana gəlincə isə onun üçün “hər yer Trabzondur”!

 

18. Səs fərqləri: Obamanın müxalifətə münasibəti mənfi mənada dəyişdikcə, səs tonu artdıqca, seçicilərdən ala biləcəyi səs azalır. Ərdoğanda isə bunun tam əksidir.

 

19. Zənginlər: ABŞ-da sərmayə imkanları genişdir. Ən zəngin amerikalılarla Obama arasında açıq bir mübarizə olmasa da, gizlində mübarizə var. Türkiyədə isə sərmayə imkanları dardır, zənginlərlə Ərdoğan arasında açıq mübarizə gedir.

 

20. Bürokratlar: Amerikadakı bürokratlar Obamanı sevmirlər və ona müqavimət də göstərmirlər. Ona görə də ABŞ prezidenti onları gözardı etmir. Türkiyədəki bürokratlar isə Ərdoğanı sevmirlər və ona müqavimət göstərirlər. Bu səbəbdən baş nazir onları gözardı edir.

 

21. Şəxsiyyət seçimi: Obama şəxsiyyət seçərkən, ilk öncə həmin adamın ləyaqətinə, sonra isə onu sədaqətinə fikir verir. Ərdoğan isə sədaqətinə görə sıraladığı adamların içərisindən, varsa, ən ləyaqətlisini seçir.

 

22. Millət vəkili: Obama senator və ya millət vəkili seçkilərində minimum söz sahibidir. Ərdoğan isə maksimum.

 

23. Qanun: Obama Ağ Evdə öncə layihə hazırlatdırır, aylar keçdikdən sonra Konqresdə və Senatda müzakirəyə çıxarır və layihə qəbul edilərsə, qüvvəyə minir. Ərdoğanın hazırlatdırdığı layihə bəzən bir gecədə qanun olur.

 

24. Vəzifə dəyişikliyi: Obama əvvəl senator, sonra prezident seçilib. Prezidentlik müddəti bitdikdən sonra isə yenidən senator seçiləcəyi ehtimal olunur. Ərdoğan isə bələdiyyə sədrliyindən baş nazir postuna qədər yüksəlib. Çox güman ki, bundan sonra da Türkiyənin prezidenti olacaq.

 

25. Partiya: Obama partiyadan çıxarılsa da, Demokrat Partiyası yenə də öz varlığını qoruyub saxlayacaq. Ərdoğan bu gün partiyadan getsə, onun rəhbərlik etdiyi AKP fəaliyyətini dayandıracaq.

 

26. Seçmək sədaqəti: Obama yeni partiya yaradarsa, yanında çalışanların 5 faizini özü ilə aparmaz. Ərdoğan isə yeni partiya yaradarsa, ətrafında olanların 95 faizini özü ilə yeni yaratdığı partiyaya aparar.

 

27. Risk: Obama çox zaman risk etməsə də, Ərdoğan risk edir. Obamanın etdiyi riski dövlət müəyyən etsə də, Ərdoğanda bunun əksidir.

 

28. Açıqlama: Obamanın açıqlamaları gec, təmkinli, qapalı, dayaz tərəfsiz, planlı olur. Ərdoğanın açıqlamaları isə əksinə. 

 

29. Açıq qapı: Obama həm dost, həm də düşməni ilə əlaqələrində hər an dönə biləcəyi bir açıq qapı saxlayır və bu, onun işini asanlaşdırır. Ərdoğan üçün isə dostu dost, düşməni isə düşməndir. Geri dönmək üçün açıq qapı saxlamır. Bu da Türkiyənin baş nazirinin işlərini çətinləşdirir.

 

30. Həyat: Obamanın 52, Ərdoğanın isə 59 yaşı var. İkisi də evlidir və iki qızları var (Ərdoğanın iki oğlu da var). İkisi də gənclik illərindən aktiv idmanla məşğul olurlar. Obama basketbol, Ərdoğan isə futbol oynayır. Obamanın ali təhsili hüquq, Ərdoğanın isə ali təhsili iqtisadiyyatdır.

 

31. Siyasət: Obama əldə etdiyi bütün siyasi təcrübəsinə görə İllinois ştatına borcludur. Ərdoğanın isə aktiv siyasətlə tanışlığı İstanbuldan başlayır.


32. Seçki: Obama 100 illik tarixi olan bir partiyada əvvəl Hillari Klintonu, sonra da Makkeyn kimi bir əfsanəni məğlub edib. Ərdoğan isə AKP-ni özü yaradıb və 20 partiya ilə mübarizədə qalib gələrək, baş nazir seçilib.

 

33. Səfərlər: Obama ölkəsinə rəhbərlik etdiyi müddətdə 42 dövlətə ümumilikdə 61 dəfə səfər edib. Ərdoğan isə 81 ölkəyə cəmi 234 dəfə səfər edib. Obama Türkiyədə bir dəfə, Ərdoğan isə ABŞ-da 14 dəfə səfərdə olub.
 

34. Problemlə mübarizə: Obama daxildə bir neçə, xaricdə onlarla böyük problemlə məşğul ola bilər. Ərdoğan isə ölkədə onlarla, xaricdə bir neçə nəhəng problemlə mübarizə apara bilər.
 

XÜLASƏ: İkisi də fövqəl ölkələrin fövqəl liderləridir. Amma bir fövqəl fərq var: biri amerikalı, digəri türkdür...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2497
avatar

Oxşar yazılar