Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İstanbulun Üsküdar rayonunda yerləşən evinin qarşısında atəş açılıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisədən yarım saat sonra Rəcəb Tayyib Ərdoğan evindən çıxaraq öncədən planlaşdırıldığı kimi CNR Sərgi Mərkəzinə yollanıb.
Güllə baş nazirin evindən 50 metr aralıda yerləşən şirniyyat dükanın qarşısında dayanan satıcı Ergün Gökırmakın çiyninə dəyib. Ergün Gökırmakın qəfil qışqırtısından sonra ərazi polis tərəfindən əhatəyə alınıb. Çiynindən yaralanan Ergün Gökırmak xəstəxanaya aparılıb. Şirniyyat dükanının yanındakı ayaqqabı dükanının şüşəsində də deşik aşkarlanıb. Ayaqqabı dükanının sahibi Hayrullah Özellioğlu deyib ki, qəfil atəş səsi eşidiblər və onların yaxınlığında olan Ergün Gökırmak yaralanıb.
Polis araşdırma aparır.