İran prezidenti Mahmud Əhmədinejad müşaviri və qduası İsfəndiyar Rəhim Məşainin prezident seçkisindən kənarlaşdırılmasına kəskin etiraz edib.
Lent.az-ın «Sky News» telekanalına istinadən məlumatına görə, o, məsələyə dair ölkənin ali rəhbəri ayətulla Seyid Əli Xamneyiyə müraciət edəcəyini bildirib.
Mayın 22-də jurnalistlərə açıqlamasında M.Əhmədinejad bunları söyləyib: «Məşayiyə zülm olunub. Güman edirəm ki, vəliyi-fəqhi (Xamneynin tutduğu vəzifənin adı – red.) olan ölkədə məzlumun haqqı bu cür tapdanmamalıdır. Mən ölkə rəhbəri vasitəsilə son ana qədər məsələnin araşdırılmasına çalışacağam. Allah qoysa, bu problem öz həllini tapacaq.
Məşayini ölkə üçün mömin, saleh və xeyirxah bir insan kimi tanıyır, təqdim etmişəm. Mənə və Məşayiyə hörməti olan bütün vətəndaşlardan istəyirəm ki, səbirli olsunlar. Çünki ölkə rəhbəri olan yerdə heç bir problem yaranmayacaq və məsələ öz həllini tapacaq».
Prezidentliyə namizəd olmaq istəyən 686 nəfərdən Nəzarət Şurası aşacıda adları sadalanan 8 nəfərin namizədliyini qeydə alıb: Qulaməli Həddad Adil
Səid Cəlili
Möhsün Rzai
Həsən Ruhani
Məhəmmədrza Arif
Məhəmmədbağır Qalibaf
Məhəmməd Qərəzi
Əli Əkbər Vilayəti.
Xatırladaq ki, Qulaməli Həddad-Adil İran parlamentinin sədri olub. Onu çoxları mühafizəkar cərəyanın təmsilçisi kimi tanıyır.
Səid Cəlili ali təhlükəsizlik şurasının katibidir. İranın atom-nüvə proqrammı ilə bağlı danışıqlarda ölkəsinin nümayəndə heyətinə başçılıq edir.
Ələkbər Vilayəti İslam Respublikasının keçmiş xarici işlər naziri olub. Hazırda ali rəhbər ayətulla Seyid Əli Xamneyinin müşaviridir.
Məhəmmədbağır Qalibaf Tehranın icra başçısıdır.
Möhsün Rzai İnqilab Keşikçiləri Qvardiyasının komandanı olub. Hazırda Rəfsəncaninin başçılıq etdiyi Məsləhət Şurasının katibidir.
Məhəmmədrza Arif keçmişdə prezident müavini olub.
Həsən Ruhani isə İran ali təhlükəsizlik şurasının katibi vəzifəsində çalışıb.
Məhəmməd Qərəzi isə keçmiş poçt naziridir və islahatçıların təmsilçisi sayılır.