Dünyanın ən qədim suyu tapılıb.
Lent.az-ın “Nature” jurnalına istinadən verdiyi məlumata görə, Kanadanın Ontario ştatında Timmins bölgəsində mədəndə qazıntı aparan kanadalı və ingiltərəli alimlər 2,4 km dərinlikdə 1,5 milyard il əvvəldən qalmış su tapıblar.
Su hələ hidrogen və metan kimi qazlarla zəngindir. Əvvəllər yer səthində olan, daha sonra qayaların arasından sızıb yer altında toplanan suyun içərisində mikroorqanizmlərin olub-olmadığını müəyyənləşdirmək üçün analiz aparılır. Mançestr Universitetinin professoru Kris Ballentine deyib ki, daha əvvəl Cənubi Afrikada milyonlarla il əvvələ aid su tapılıb: “Kanadada sulfit cövhərində tapılan su 40-50 dərəcə temperaturda olub və indiyə qədər tapılmış ən qədim sudur. Cənubi Afrikadakı su da oxşar kimyəvi quruluşa malikdir və suda bəzi mikroblar tapılmışdı”.
Kris Ballentine bildirib ki, suyun yaşını müəyyənləşdirmək üçün 3 fərqli üsuldan istifadə edilib. Onun sözlərinə görə, suda tapılacaq mikroorqanizmlər qədim yaşayışla bağlı son dərəcədə önəmli məlumatlar əldə edilməsinə yardımçı olacaq.