Ukraynanın paytaxtı Kiyevdə boks üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında yarımfinalçılar məlum olub. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandasının 4 üzvü bu vəzifənin öhdəsindən gələrək, ən azı bürünc medalı təmin edib.
¼ finalda İsmayıl Hüseynov (63 kq) finlandiyalı Məhəmməd Abdilrassonu yenib – 2:1 (30:26, 30:24, 27:29). Həmyerlimiz finala gedən yolda koreyalı Janq Byonq Hi ilə üz-üzə gələcək.
Hüseyn Tarverdili (70 kq) slovakiyalı Andrey Riqonu yarışdan kənarlaşdırıb – 3:0 (30:27, 30:27, 30:27). Millimizin üzvü yarımfinalda ukraynalı Ramil Hacıyevlə qarşılaşacaq.
Şükran Mehdiyev (80 kq) ABŞ təmsilçisi Suray Mahmutoviç üzərində qələbə qazanıb – 2:1 (29:28, 29:28, 27:30). Mehdiyevin yarımfinaldakı rəqibi ukraynalı Robert Marton olacaq.
Rövşən Musayev (66 kq) də yarımfinalçılar sırasındadır. O, ¼ finalda avstraliyalı Mark Qlevi çətinlik çəkmədən üstələyib – 3:0 (29:28, 30:27, 29:28). Boksçumuz növbəti mərhələdə Tacikistan idmançısı Şahboz Neqmatulloyevlə döyüşəcək.
Qeyd edək ki, yığmamızın 3 üzvü – Ümid Rüstəmov (50 kq), Qüdrət Quliyev (52 kq) və Elşən Qafarlı (48 kq) ¼ finalda uduzaraq, medal şanslarını itirib.