Rusiyadan deportasiya edilmək üçün Krasnoyarskda “Yemelyanovo” aeroportuna gətirilən Azərbaycan vətəndaşı Azadov Vüsal Bəxtiyar oğlu qaçıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bu gün Rusiya Federal Təhqiqat Bürosunun mətbuat xidməti məlumat yayıb.
Krasnoyarsk Sovetsk Rayon Məhkəməsi bir sıra qanun pozuntularına yol verdiyinə görə, Vüsal Azadovun Rusiyadan deportasiya edilməsinə qərar verib. Azadov məhkəmə icraçılarının müşayiəti ilə Krasnoyarsk-Bakı aviareysi ilə Bakıya yola salınmaq üçün aeroportun beynəlxalq terminalına gətirilib. Ancaq tanışları ilə birgə öncədən qaçış planı hazırlayan Vüsal Azadov beynəlxalq terminaldan qaçıb və aeroportun qarşısında onu gözləyən minik avtomobili ilə aradan çıxıb.
Bununla belə, polis Vüsal Azadovun qaçmasına kömək edən şəxsləri tezliklə tapıb. Onlar isə qaçışa kömək etdikləri üçün cinayət məsuliyyəti daşıdıqlarını öyrəndikdən sonra Vüsal Azadovun gizləndiyi yeri deyiblər. Vüsal Azadov saxlanılıb və Bakıya deportasiya edilib.