Banqladeşin paytaxtı Dakka ətrafında aprelin 24-də çökən 8 mərtəbəli binada ölənlərin sayı 953 nəfərə çatıb.
APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Banqladeş ordusunun rəsmi nümayəndəsi açıqlamasında bildirib. Axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, binada 4 tikiş fabriki, çoxlu sayda mağaza və bank şöbələri fəaliyyət göstərib. Binanın çökməsinə təhlükəsizlik normalarına zidd quraşdırılmış 4 güclü generatorun səbəb olduğu güman edilir. Belə ki, binada işıqlar söndükdən sonra həm generatorların, həm də tikiş maşınlarının eyni anda işə düşməsi güclü silkələnməyə səbəb olub və bina çöküb. Həmin an içəridə 3 mindən çox adam olub. Onlardan 2,5 mindən çoxu xilas edilib.