“Jurnalistlərin telefonlarının dinlənilməsi onların Konstitusiya hüquqlarının pozulmasıdır ”
ATƏT-in media və söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç ABŞ hökumətini Ədliyyə Nazirliyinin “Associated Press” agentliyinin jurnalistlərinin telefonlarını gizli dinləməsinin səbəblərini şəffaf şəkildə araşdırmağa çağırıb. APA-nın məlumatına görə, bu çağırış Dunya Miyatoviçin dövlət katibi Con Kerriyə məktubunda öz əksini tapıb.
Dunya Miyatoviç bu faktdan narahatlığını ifadə edib: “Bu jurnalistlərin Konstitusiya hüquqlarının bu cür geniş şəkildə pozulmasına heç bir vəchlə haqq qazandırmaq olmaz. Təhlükəsizlik maraqlarında çıxış edərək jurnalistlərin fəaliyyətinə məhdud müdaxilə hallarına yol verilir, bu zaman müdaxilə məhkəmə tərəfindən sanksiyalaşdırılmalıdır. Lakin belə hərəkətlərin geniş miqyas və xarakter daşıması Əsas Konstitusiya hüquqları ilə ziddiyyət təşkil edir”.
Qeyd edək ki, “Associated Press” agentliyinin jurnalistlərinin iş, ev və mobil telefonları iki ay ərzində ABŞ Ədliyyə Nazirliyi tərəfindən dinlənilib. Nazirlik bu faktı etiraf etsə də, dinləmənin səbəblərini açıqlamayıb.