AİHM: Yuliya Timoşenko qanunsuz həbs olunub
30 aprel 2013 16:52 (UTC +04:00)

AİHM: Yuliya Timoşenko qanunsuz həbs olunub

Avropa İnsan Haqları Məhkəməsi Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbsini qanunsuz sayır.


 

APA-nın məlumatına görə, məhkəmə bu gün bununla bağlı müvafiq qərar çıxarıb.

 

Timoşenko 2011-ci ilin avqustunda Rusiya ilə qaz müqavilələrinin imzalanması zamanı səlahiyyətlərini aşmaqda ittiham olunaraq həbs edilib. Onun məhkəmə iclaslarında intizam qaydalarını mütəmadi olaraq pozması səbəbilə nəzarət altına götürüblər. Elə həmin ay məhkəmənin qərarından AİHM-ə şikayət ərizəsi göndərilib. Sabiq baş nazir hakimin çıxardığı qərarın siyasi motiv daşığını iddia edir. O həmçinin işgəncələrə məruz qaldığını, beş ay saxlandığı müvəqqəti istintaq təcridxanasında ona tibbi yardımın göstərilmədiyini bildirib.

 

Şikayəti araşdıran Avropa İnsan Haqları Məhkəməsi Timoşenkoya münasibətdə İnsan Haqları üzrə Avropa Konvensiyasının bir neçə müddəasının pozulması qənaətinə gəlib. AİHM Timoşenkonun məhkəmə qərarından şikayət vermək hüququndan məhrum edildiyini düşünür. Bundan başqa bildirilir ki, sabiq baş nazir hüquq pozuntularına yol verdiyinə görə deyil, başqa səbəblərdən həbs olunub.

 

Məhkəmə Timoşenkonun işgəncələrə məruz qalmasına dair iddialarını isə qəbul etməyib. Xatırladaq ki, bu qərarın Yuliya Timoşenkonun ədalətli məhkəmə hüququ ilə bağlı iddia ərizəsinə aidiyyəti yoxdur. Bununla bağlı iddia ərizəsi Yuliya Timoşenko yeddi il müddətinə azadlıqdan məhrum edildikdən sonra AİHM-ə göndərilib. Bu iş üzrə şikayətin bir müddət sonra araşdırılacağı gözlənilir. 

 

# 588
avatar

Oxşar yazılar