ABŞ Suriya müxalifətini silahlandırmağa başlayıb.
Lent.az-ın “The Washington Post” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi iki həftə əvvəl müxalif qruplara yüngül silahlar və döyüş sursatları ötürməyə başlayıb.
Ancaq ABŞ hələ suriyalı müxaliflərə tank əleyhinə idarə olunan raketlər və daşınan yer-hava raket sistemləri verməkdən imtina edir. ABŞ rəsmiləri “The Washington Post” qəzetinə bildiriblər ki, ABŞ suriyalı müxaliflərə silahları Türkiyə və İordaniyadakı gizli baza şəbəkələri vasitəsi ilə ötürür.
Qeyd edək ki, sentyabrın 9-da Suriya Müxalifəti və İnqilabi Qüvvələrinin Milli Koalisiyasının Vaşinqtonda olan təmsilçisi Xalid Saleh də ABŞ-ın müxalif Suriya Azadlıq Ordusuna bəzi silah növləri verməyə başladığını söyləyib. General Səlim İdrisin başçılıq etdiyi Suriya Azadlıq Ordusu bu silahların radikal qruplaşmaların əlinə keçməyəcəyinə zəmanət verib. Söhbət ilk növbədə “Əl-Qaidə” terror təşkilatına bağlı “Əl-Nusra Camaatı” qruplaşmasından gedir.