Rusiya ötən gecə saxlanılan ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı Foql Rayan Kristoferi “persona-non qrata” elan edərək, onun tez bir zamanda ölkəni tərk etməyini tələb edib. APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN bəyanatla çıxış edib.
“ABŞ-ın Moskvadakı səfiri M.Makfol insidentlə bağlı Rusiya XİN-nə çağırılıb. Rusiya tərəfi Foqlu “persona-non qrata” elan edib və onun tez bir zamanda ölkəni tərk etməyini tələb edir”, deyə Rusiya XİN açıqlamasında bildirilir.
Xəbər verildiyi kimi, Rusiya əks-kəşfiyyatı ötən gecə ABŞ-ın Moskvadakı səfirliyinin 3-cü katibi adı altında fəaliyyət göstərən Amerika casusunu ifşa edib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzindən deyiblər.
Açıqlamada bildirilib ki, mayın 13-dən 14-nə keçən gecə Rusiya xüsusi xidmət orqanlarından birinin nümayəndəsini əməkdaşa cəlb etməyə cəhd göstərən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı, ABŞ-ın Moskvadakı səfirliyinin siyasi şöbəsində 3-cü katib adı altında fəaliyyət göstərən Foql Rayan Kristofer saxlanılıb. Kristoferin üzərində xüsusi texniki vasitələr, əməkdaşlığa cəlb olunan Rusiya vətəndaşı üçün yazılı təlimatlar, iri məbləğdə pul və xarici görünüşü dəyişmək üçün vasitələr aşkarlanıb.
Saxlanılan şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin qəbul bölməsinə aparılıb və müvafiq prosedurlar həyata keçirildikdən sonra ABŞ səfirliyinin rəsmi nümayəndələrinə təhvil verilib.