İyunun 13-də ABŞ-ın Luiziana ştatındakı Qeysmar şəhərində «Uilyams Olefins» («Williams Olefins»)
kimyəvi zavodda baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub, 73 nəfər isə yaralanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, faciə yerinə gəlmiş ştatın qubernatoru Bobbi Cindal bu haqda açıqlama verib.
Onun sözlərinə əsasən, yanıq yarası alanlar Luiziana mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin vəziyyətinin çox ağır olduğu da bildirilib.
Məlumata görə, zavodda 4,5 min nəfər işləyir. Partlayış baş verəndə orada 600 nəfər olub.
Olayın baş verməsi səbəbi açıqlanmayıb.
«Uilyams Olefins»-də etilen və propilen istehsal olunur.