Yaponiyada “Aum Sinrike” dini sektanın lideri Syöko Asaxara edam edilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sektanın digər rəhbərləri – Kiyohido Hayakava, Tomomasa Nakaqava, Yosixiro İnoue və başqaları barəsində də çıxarılan edam hökmü icra edilib.
Ümumilikdə, ölümə məhkum olunan 13 şəxsdən 7-si asılaraq edam edildiyi bildirilir.
Qeyd edək ki, 50 minədək davamçı toplamış “Aum Sinrike” radikal dini sekta 1987-ci ildə Syöko Asaxara (əsl adı Tidzuo Matsumoto) tərəfindən yaradılıb.
1994-cü ildə sektanın üzvləri Matsumoto şəhərində zəhərli “zarin” qazından istifadə edərək terror aktı törədiblər. Nəticədə 7 nəfər ölüb. 1995-ci ilin martında isə onlar Tokio metrosunda analoji terror aktı törədib, nəticədə 13 nəfər ölüb, 6300 nəfər xəsarət alıb.
Hadisədən sonra sektanın 30-dək rəhbər üzvü həbs edilib, onlardan 13 nəfər barəsində məhkəmə edam hökmü çıxarıb.