“Abdelfettah əl-Sisi məsuliyyət daşıyır, ordu Misiri Suriya ilə eyni taleyə sürükləyir”
Misir ordusunun prezident Məhəmməd Mursini devirməsindən sonra ölkədə gərginlik artmaqda davam edir.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, “Müsəlman Qardaşları” Hərəkatı (İhvan) bu gün səhər namazı vaxtı Respublika Qvardiyasının Qərargahı qarşısında devrilmiş prezidentin tərəfdarlarının atəşə tutulmasında müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Abdelfettah əl-Sisini günahlandırıb.
İhvanın “Facebook” sosial şəbəkəsi vasitəsi ilə yayılan bəyanatında vurğulanıb ki, olaylara görə Abdelfettah əl-Sisi məsuliyyət daşıyır və ordu Misiri Suriya ilə eyni taleyə sürükləyir. İhvan Məhəmməd Mursi tərəfdarlarına atəş açılmasının qorxunc bir cinayət olduğunu bəyan edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Qahirədə Respublika Qvardiyasının qərargahı yaxınlığında devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarına atəş açılması nəticəsində ölənlərin sayı 50 nəfəri keçib, 500-dən çox yaralı var. Ordunun aksiyaçıları atəşə tutmasından sonra Məhəmməd Mursinin mənsub olduğu İhvanın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyası yazılı açıqlama yaymışdı. İhvanın yazılı açıqlamasında inqilabın tanklarla oğurlandığı vurğulanmış və xalq inqilabı oğurlayanlara qarşı üsyana çağırılmışdı.