“Rusiya-ABŞ münasibətləri “Snouden işi” kontekstində”  dəyirmi masa
05 avqust 2013 21:47 (UTC +04:00)

“Rusiya-ABŞ münasibətləri “Snouden işi” kontekstində” dəyirmi masa

“ABŞ və Rusiya Edvard Snouden məsələsinin qapalı şəkildə həll olunmasında maraqlıdırlar”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri “RİA Novosti” beynəlxalq informasiya agentliyində keçirilən “Rusiya-ABŞ münasibətləri “Snouden işi” kontekstində” adlı dəyirmi masada Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin bildirib.

 

Onun sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya tərəfindən müvəqqəti sığınacaq verilməsi heç də dövlətin onun bilgilərindən istifadə edəcəyi anlamına gəlmir və gəlməməlidir: “Lakin ABŞ Rusiyanın bu qərarından sonra hansısa bir tədbirə əl atsa, misal üçün, “Maqnitski siyahısı”nı genişləndirsə, o zaman Rusiya hakimiyyəti Snoudendən istifadə edəcək. Onu da qeyd etmək istəyirəm ki, Edvard Snouden Mərkəzi Kəşfiyyat İdarəsinin gənc işçisi olub. Onun çox böyük gizli məlumatlara malik olması inandırıcı deyil. Bu qədər gizli bilgilərə malik olmağa, belə demək mümkündürsə, onun yaşı və iş stajı çatmır. Əlbəttə ki, o, bəzi mühüm hadisələrin şahididir. Ona görə də Rusiya Amerika kəşfiyyatçısından şahid kimi istifadə edə bilər”.

 

Politoloq Edvar Snoudenlə bağlı yaranan problemin Rusiya-ABŞ münasibətlərinə ciddi təsir etməyəcəyini də bildirib: “Belə hadisələr iki ölkə arasında birinci dəfə baş vermir. Yaxın tarixə nəzər salsaq, çoxlu sayda belə hadisələrin şahidi olarıq”.

 

“Rusiyanın Snoudenə müvəqqəti sığınacaq verməsi ABŞ-ın imicinə böyük zərbədir. Lakin bu gün Rusiya ilə ABŞ arasında mövcud olan problem təkcə Edvar Snouden problemi deyil. İki ölkə arasında bir neçə sahədə mühüm fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqları heç də Edvar Snoudenlə bağlı yaranan problemdən kiçik deyil”. Bu fikirləri isə dəyirmi masada çıxış eedən Rusiya Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, politoloq Vladimir Kozin bildirib. Onun sözlərinə görə, Rusiya-ABŞ münasibətləri kökündən dəyişməlidir: “Neçə illərdir ki, iki ölkə arasında hərbi-siyasi sferada eyni problemlər hökm sürür. Bunlara ABŞ-ın Avropada hava hücumundan müdafiə sistemini yaratması, ABŞ Yaxın və Orta Şərqdə yürütdüyü siyasət və digər problemlər aiddir. Hesab edirəm ki, ABŞ Snoudenlə bağlı yaranmış problemi bəhanə edib iki ölkə arasında olan mövcud dialoqdan imtina etməyəcək. ABŞ prezidenti Barak Obamanın Snoudenlə əlaqədar Rusiya səfərini təxirə salması ilə bağlı yayılan xəbərlər də əsassızdır. Çünki Obama mütləq gələn ay keçiriləcək “Böyük 20-lər”in Sankt-Peterburq sammitində iştirak edəcək. Sammitdən sonra Moskvada keçirilməsi planlaşdırılan Rusiya-ABŞ sammitində də Obama iştirak etməlidir. Bu sammit çərçivəsində Snouden problemi deyil, sırf iki ölkə arasında olan və bütün dünyanı narahat edən fikir ayrılıqları müzakirə olunmalıdır”. 

 

Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin dekan müavini, politoloq Andrey Sidorov çıxışında Edvard Snoudenə Rusiyanın müvəqqəti sığınacaq verməsinin iki ölkə arasında olan münasibətlərə təsirsiz ötüşməyəcəyini bildirib. Onun sözlərinə görə, onsuz da “perezaqruzka” dövrünü yaşayan münasibətlər indi daha da pisləşə bilər: “Lakin bir məqamı nəzərə almalıyıq ki, buna qədər də iki ölkə arasında olan münasibətlər yaxşı deyildi. Çünki Rusiya-ABŞ münasibətləri çoxtərəflidir. Rusiya ikili münasibətlərdə daha çox iqtisadi əlaqələrin, investisiya və qarşılıqlı ticari əməkdaşlığın tərəfdarıdırsa, ABŞ isə əksinə, Rusiya ilə əlaqələrdə bu sahələrə maraq göstərmir. İkili münasibətlərdə ABŞ-ın maraq göstərdiyi sahələrə də Rusiya maraq göstərmir. Bunlar nüvə başlıqlarının azaldılması, insan hüquqları və digər sahələrdir”.

 

A.Sidorov ABŞ hökumətinin Rusiyaya qarşı hansısa konkret addımlar ata biləcəyini də söyləyib: “Snouden hadisəsindən sonra ABŞ siyasilərinin Rusiyaya qarşı sərt çıxışlarının şahidi olduq. Rusiyanın bu addımı ABŞ demokratlarının imicinə böyük zərbə kimi qiymətləndirilə bilər. Bundan ustalıqla respublikaçılar istifadə edəcək. Ümumilikdə isə bu gün ABŞ siyasətçiləri Rusiya ilə əməkdaşlıq etmək niyyətində deyillər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589
avatar

Oxşar yazılar