Gürcüstan parlamenti bu gün keçirilmiş iclasında “İşğal olunmuş ərazilər haqqında” qanuna dəyişikliklər edilməsini təxirə salıb. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, dəyişikliklər qəbul edildikdən sonra, Gürcüstan ərazisinə separatçı Abxaziya və Cənubi Osetiyadan keçməklə ilk dəfə daxil olan xarici vətəndaşlar inzibati məsuliyyətə cəlb olunmaqla 250 dollar məbləğində cərimə olunacaq. Həmin şəxslər eyni hərəkəti təkrarladıqları təqdirdə onlara qarşı cinayət işi başlanmaqla 2 ildən 4 ilədək həbs cəzası tətbiq edilə bilər. Mövcud qanuna görə isə, Gürcüstan ərazisinə separatçı rejimlərin nəzarəti altında olan ərazilərdən keçməklə daxil olan xarici vətəndaşlar dərhal saxlanılırdı.
Qeyd edək ki, müxalifət qeyd olunan qanun layihəsinin Rusiyanın maraqlarına xidmət etdiyini hesab edir, çünki Rusiya XİN rəhbəri Sergey Lavrov bir müddət əvvəl məhz bu müddəanın ləğv edilməsini tələb edib.
Müxalifət nümayəndələri qeyd edib ki, bu qanun layihəsi Gürcüstan sərhədlərinin bölünməzliyini pozur, çünki əcnəbilər sərhədin başqa hissələrini qanunsuz keçdikdə cinayət məsuliyyətinə cəlb olunacaq.
“Dövlət sərhədlərinə bu cür yanaşma təəccüb doğurur, çünki separatçı ərazilərdə sərhədlərə dair tətbiq olunacaq xüsusi rejim sərhəd siyasətinə ümumi yanaşmanın yenidən baxılmasını labüd edir”
Parlament azlığının nümayəndələri birinci oxunuşda müxtəlif prosedur yollarla qanun layihəsinin müzakirəsini uzatmaq və baxılmasının qarşısını almağa çalışıb.
Qanun üç oxunuşda qəbul olunacaq. Lakin azlıq bəyan edir ki, qeyd olunan qanun qəbul olunsa belə prezident Mixail Saakaşvili ona veto qoyacaq.