Zimbabvenin seçki komissiyası Robert Muqabenin prezident seçkisində qələbə qazandığını elan edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 89 yaşlı mövcud prezident bu siyasi kampaniyada 60 faizdən çox toplayıb.
Bununla da Muqabe 7-ci dəfə Zimbabvenin prezident olub.
Bir müddət öncə onun rəqibi baş nazir Morqan Tsvanqirai və «Demokratik Dəyişikliklər uğrunda Hərəkat» Partiyası iyulun 31-də keçirilən prezident seçkisinin rəsmi nəticələrini qəbul etmədiyini və bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdi.
Onun sözlərinə əsasən, baş verənlər seçkidə partiyasının və onun namizədinin qalib gəldiyini göstərir, Muqabel və tərəfdarları seçki prosesində saxtakarlıq edib, səsləri oğurlayıb.
Müxalifət ölkə əhalisini seçkilərin (bir gündə həm parlament, həm də prezident seçkiləri keçirilib) nəticələrini qəbul etməməyə və «passiv müqavimət aksiyasına» çağırıb.
Onu da qeyd edək ki, parlamenti də Muqabenin partiyası udmuş elan olunub.
Avropa Birliyi hələ Zimbavedə keçirilən seçkilərin nəticələrini tanımayıb və seçki zamanı pozuntuların baş verməsindən rahatsız olduğunu bildirib. Bundan başqa seçkilərə Qərbdən olan müşahidəçilər buraxılmayıb.