Lent.az yeni layihəyə başlayır. “İblisin övladları” adlanan bu layihə çərçivəsində tarixin şər dahiləri haqqında silsilə yazılar hazırlanacaq, onların həyatı, fəaliyyəti, bəşər tarixində oynadıqları rol barədə söhbət açılacaq. İlk yazımız tarixə Neron kimi bir şər dahisini bəxş etmiş qadın – Aqrippina haqqında olacaq.
...İmperator üç dəfə zəhərlənməkdən, bir dəfə dəryada batmaqdan qurtulan bu qadının qətlinə axırda açıq-aşkar fərman vermək zorunda qaldı. Pretorianlar içəri girəndə artıq həyatının sona yetdiyini anlayan qadın paltarını cırıb qarnını ona tərəf uzanan qılıncların, nizələrin qarşısına verdi. Bununla demək istəyirdi ki, bu qarın Romaya İmperator doğmuş qarındı...
İlan balasının anası...
"İblisin övladları" silsiləsini 666, yəni şeytan rəqəmli Neronla başlamaq istəyirdim. Ancaq sonra düşündüm ki, axı, bu "İblis övladı"nı balaca ilan kimi köksündə böyüdüb adam, yox, daha dəqiqi şeytan eləyən bir qadın var. Bəli, bu qadın Aqrippina idi - Neron Klavdiya Sezar Avqust Qermanikin anası Aqrippina...
Mənimlə razılaşarsınız, qədim Roma bəşəriyyətə yalnız böyük estetik dəyərlər deyil, həm də qətl və xəyanət, əxlaqsızlıq nəzəriyyəsinin sayı-hesabı bilinməyən nümunələrini verib. Hətta bir qədər irəli gedib qətiyyətlə Roma tarixinin məhz bu nəzəriyyə üzərində bərqərar olduğunu, bu nəzəriyyə ilə inkişaf, dünyanı bu nəzəriyyə ilə fəth elədiyini söyləyə bilərik. Roma imperatorlarının, sərkərdələrinin, zadəganlarının həyatları buna bariz sübutdur. Bu insanlar lap kiçik yaşlarından cəngəllik qanunları ilə yaşamağa, mübarizə aparmağa məhkum idilər. Qəhrəmanımız Aqrippinanın həyatı da istisna deyil.
Sürgündən Romaya qayıdış
Əfsanəvi sərkərdənin qızı kimi doğulub, bir imperatorun bacısı, başqa birinin arvadı, digərinin anası olmağı bacaran Aqrippinanın 14 yaşı olanda anası Avqust Tiberi tərəfindən uzaq bir adaya sürgün edilmişdi. Aqrippina bu sürgün həyatında bir qardaşını itirsə də, qoca Tiberinin ölümündən sonra taxt-taca çıxan qardaşı Kaliqulanın hesabına yenidən Romaya qayıdır, əsl-nəcabətinə uyğun həyat sürməyə davam edir. Qədim Roma müəllifləri birmənalı olaraq Kaliqulanın öz bacıları ilə birgə yaşadığını, axşamdan başlayan kef məclislərinin adətən səhərə qədər eyş-işrətlə davam elədiyini yazırlar. Ancaq bunlar Aqrippinanın ərə getməyinə maneçilik törətmir və o, Avqustun nəvəliyi Qney Domisiy Aqenobarbla ailə qurur. Gələcəyin imperatoru - tarixdə Neron kimi ad çıxaracaq Lusiy Domisiy 37-ci ildə məhz bu nikahdan doğulur. Rəvayət edirlər ki, Aqrippinanın oğlan uşağı doğduğunu eşidən Qney zarafatla deyib: «Mənimlə Aqrippinanın məhsulu olan bu uşaq insanlığın başına bəla olacaq». Ancaq Kaliqulanın sevimli bacısı Aqrippina ləyaqətli ana, sadiq həyat yoldaşı olmaq üçün yaranmamışdı. 39-cu ildə Aqrippina məşuqəsiylə birgə qardaşı İmperator Kaliqulaya qarşı sui-qəsd hazırlamaq ittihamı ilə sürgün edilir. Arvadının sürgünündən sonra Qney oğlu Lusiy ilə Roma ətrafındakı malikanəsində bir il yaşayır və su çiçəyindən ölür. Kaliqula bacısı oğlunun atasından qalmış mirasını mənimsəyir. Ortalıqda qalan Lusini atasının bacısı Dominika Lepida tərbiyə eləməyə başlayır.
İmperator arvadı...
Aqrippinanın, belə deyək, bəxt ulduzu Kaliqulanın ölümündən sonra parlayır. Bəli, Aqrippinanın əmisi - mənbələrdə daha çox başdanxarab kimi xatırlanan Klavdi Roma taxtına çıxan kimi onu sürgündən geri qaytarır, ərindən qalmış mirasını özünə verir. Aqrippina vaxt itirmədən cəmiyyətdə böyük nüfuz sahibi olan natiq Krisp Passivnaya ərə gedir. Üç ildən sonra Krisp müəmmalı şəkildə, ola bilər, arvadının verdiyi zəhərdən ölür, Aqrippina onun da mirasına sahiblənir. Bundan sonra onun Klavdinin arvadı Messalini ilə əvvəlcə gizli, sonra açıq mübarizəsi başlayır. Messalini, Aqrippinanın oğlu Lusini hər imkanda önə çəkməyindən, müxtəlif tədbirlərdə imperator dayısından oğlu üçün xüsusi imtiyazlar istəməyindən əməlli-başlı rəncidə olmuşdu. Beləliklə, qadınlar arasında əsl savaş başlayır. Messalini Klavdidən olan oğlu Britannikin, Aqrippina isə Qneydən doğduğu Lusinin varis olması üçün çalışırdı. Qadınların mübarizəsi 48-ci ilədək davam edir. Bəli, məhz bu il Aqrippinanın gizli casusları Messalinin məşuqu Qay Siliya ilə eyş-işrət zamanı İmperatora qarşı sui-qəsd hazırlaması barədə təkzibolunmaz dəlilləri Klavdiyə çatdırırlar. Tasit yazır ki, bundan sonra Messalini vəziyyətin çıxılmazlığını görüb intihar edir, məşuqu isə öldürülür. Ardından Klavdinin evlənmək məsələsi ortaya çıxır və Aqrippinaya yaxın adamlar İmperatora arvad olacaq ən yaxşı namizədin elə bu qadının özü olduğuna inandırırlar. Əsasən də, İmperiyanın maliyyə naziri vəzifəsini tutan yunan Pallantın "məşhur soyaddan olan qadının başqa birisinə qismət olması yaxşı hal deyil" fikri Klavdinin ağlına batır. Beləliklə, 34 yaşlı Aqrippina rəsmən üçüncü dəfə ərə gedir, təmtəraqlı "Avqusta" adını qəbul edir. Xatırladaq ki, Roma tarixində hələ heç bir qadın bu böyük adla təltif olunmamışdı. Az keçmir Roma pullarının üstündə Aqrippinanın şəkli də peyda olur. Artıq onun öz oğlunu İmperatorun varisi elan eləmək üçün getdiyi yolda heç kəs dayana bilməzdi. Lusiyə əsasən yunan müəllimlər tutulmuş, ona dövrünün bütün elmləri öyrədilməyə başlanmışdı. Balacanın həyat və sənət müəllimi isə 54 yaşlı filosof Seneka idi.
Ya ana, ya bibi, Neron!
Bundan sonra Aqrippina Klavdinin qızı Oktavianın Lusi ilə nişanlanmasına nail olur. Təbii ki, bu iş də qurbansız ötüşmür. Aqrippina əvvəlcə qızın birinci nişanlısı Lusiy Silan Torkvatı sıradan çıxarır. Torkvata qarşı doğmalarla cinsi yaxınlıq ittihamı irəli sürülür və bəxtsiz nişanlı özü öz boğazını kəsməklə həyatını başa vurur.
50-ci il fevralın 23-də artıq Lusiy rəsmi olaraq varis elan olunur və bundan sonra Neron Klavdiy Sezar Druz Qermanik adlanır. Aqrippinanın və onunla əlbir olan yunan nazirlərin təsiri altında olan 60 yaşlı Klavdi, bizim təbirimizcə desək, arvadının bir sözünü iki eləmir, hətta özü Romadan çıxanda şəhəri Nerona, dolayısı ilə Aqrippinaya tapşırırdı. Aqrippina ona verilən bu imtiyazlardan istifadə eləyərək, illər əvvəl sürgündə olanda Neronu himayəsinə alıb saxlayan Dominisiy Lepidanı - birinci əri Qneyin bacısını da aradan götürür. Bəli, o, oğlu Neronun bibisinə olan məhəbbətini və hörmətini qətiyyən qəbul eləyə bilməzdi. Axı, o, oğlunun yeganə və tək sevimlisi olmalıydı... Beləliklə, bibiyə qarşı cadugərlik və qullarla qeyri-qanuni əlaqə ittihamı irəli sürülür. Ailənin başçısı kimi Kladvinin hakimlik elədiyi məhkəmədə 17 yaşlı Neron anasının diktəsiylə sevimli bibisinə qarşı ifadə verir və... Və Domisiya Lepida bibi edam edilir...
Öldü İmperator, yaşasın İmperator!
Bu yazıda adlarını sadaladığımız və sadalamadığımız digər rəqibləri də aradan götürən Aqrippina artıq həlledici, qəti döyüşə hazır idi. Növbəti qurban onun əmisi, əri, oğlu Neronun atalığı - İmperator Klavdi idi... Bu əmələ onu məcbur eləyən bir neçə tutarlı hadisələrdən, məsələn, senatda onun tərəfdarlarının həbsindən və sürgünündən, bəzi casuslarının edamından sonra qadın başa düşür ki, Klavdinin təbii ölümünü gözləmək axmaqlıq olardı. Axı, düşmənlər də dinc dayanmamışdılar. Tasit yazır ki, Aqrippina ələ aldığı xidmətçinin yardımıyla zəhər qarışdırdığı göbələkli yeməyi Klavdiyə yedizdirir. Əvvəlcə hamı yemək zamanı həm də şərab içən Klavdinin sərxoş olduğunu güman edir. Çünki İmperator əvvəlcə özünü pis hiss eləsə də, az sonra özünə gəlməyə başlayır. Aqrippina zəhərin zəif təsir elədiyini görüb ərinə kömək eləmək bəhanəsiylə guya yediklərini qaytarması üçün zəhərli lələyi onun boğazına soxur. Artıq bundan sonra ona heç nə kömək eləyə bilməzdi... Klavdi ölür... Səhəri gün onun çoxillik arzusu çin olur: oğlu Neron İmperator taxt-tacına sahiblənir...
"Qoy öldürsün, təki hökmranlıq eləsin"
Təbii ki, taxta Neron çıxsa da, bütün külli-ixtiyar Aqrippinanın əlindəydi. Bundan sonra onun öldürdüyü Roma aristokratlarının sayı azalmadı, artdı. Bu qadın oğlunun hökmdarlığına qarşı ən xırda təhlükələri belə amansızlıqla dəf edirdi. Bununla belə, Neronun hakimiyyət təcrübəsi artdıqca, onun da anasına qarşı münasibəti dəyişir. Təbii ki, bu işdə İmperatorun ətrafının, əsasən də Senekanın rolunu xüsusi qeyd eləmək lazımdı. Deyirlər, ananın azğınlığı o həddə çatıbmış ki, hətta İmperatorla yanaşı taxtda da oturmaq arzusuna düşübmüş. Senekanın Nerona məsləhətindən sonra bu biabırçılıqdan yaxa qurtarmaq mümkün olur. Aqrippina hökmdar oğlunun və onun ətrafının ona olan soyuqluğunu hiss eləyən kimi Klavdinin doğma oğlu Britanniklə yaxınlaşmağa başlayır. Yazılanlara inansaq, belə görünür, Aqrippina Neronun yerinə bu dəfə Roma taxtına Britanniki oturtmaq fikrindəymiş. Ancaq anasının balası olan Neron bundan duyuq düşür və Britannik məclislərin birində zəhərlənərək öldürülür. İmperator oğulun Aqrippinaya qarşı qəzəbindən xəbərdar olanlar bu dəfə artıq ona qarşı Neronun ətrafında birləşməyə başlayırlar. 58-ci ildə Neronun Roma aristokratiyasının nümayəndələrindən olan Poppey Sabina ilə yaxınlığı isə Aqrippinanı əməlli-başlı dəli eləyir. Artıq bütün Roma ananın oğul İmperatora qarşı sui-qəsd hazırladığı barədə danışırdı. Aqrippina bir neçə məhkəmədən canını qurtarsa da, Neronun onun təsirindən qurtulmaq istəyi daha güclü idi. Bundan əlavə, hər şeydə özünə və taxtına təhlükə görən Neronu anasını aradan götürməyə daha bir ciddi, qorxulu məsələ vadar edirdi. Tasitə inansaq, belə çıxır ki, Neronun anasıyla bir yatağı bölüşməyi məsələsi artıq Roma sarayında çox ciddi şəkildə müzakirə olunurmuş. Bəli, bu şərəfsizlikdən ordu xəbər tutsaydı, İmperatorun vəziyyəti son dərəcə ağır olacaqdı. Beləliklə, üç dəfə zəhərlənmədən qurtulan Aqrippinanı Neron gəmiylə guya səyahətə dəvət edir. Aqrippina bu dəfə də sağ qalanda, İmperator pretorianları anasının üstünə göndərir. Pretorianlar içəri girəndə artıq həyatının sona yetdiyini anlayan qadın paltarını cırıb qarnını ona tərəf uzanan qılıncların, nizələrin qarşısına verdi. Bununla demək istəyirmiş ki, bu qarın Romaya İmperator doğmuş qarındı. Elə həmin axşam da Aqrippinanın cəsədi yandırılır, Senekanın Neronun adından yazdığı məktub senata göndərilir. Məktubda Aqrippinanın İmperatora qarşı sui-qəsd düzənlədiyi, bu baş tutmadıqda isə özünü öldürdüyü yazılmışdı...
...Roma müəllifləri yazırlar ki, Neron sonralar dəfələrlə etiraf edirmiş ki, hərdən gecələr anasının ruhu onu dinc qoymur. Hətta bu ruhdan qurtulmaq üçün, deyilənə görə, o, maqların xidmətindən də yararlanıb.
Belə bir rəvayət var ki, guya hələ Neron imperator olmazdan illər əvvəl görücülər Aqrippinaya oğlunun imperator olacağını, ancaq elə İmperator oğlunun əliylə də öldürüləcəyini deyiblərmiş. Aqrippinanın cavabı onlara belə olub: "Qoy öldürsün, təki hökmranlıq eləsin". Qadın arzusuna çatıb, deməli...
İlham Tumas