Fransanın Sen Maritim departamentində tanınmış ətriyyat mağazasının işçisinin sayıqlığı nəticəsində polis 5 nəfərlik dəstəni zərərsizləşdirib.
Lent.az-ın actu.fr saytına istinadla xəbərinə görə, polis ötən həftə iş yerlərinə 5 nəfərin fotolarını paylayıb. Mütəşəkkil dəstənin üzvləri ötən ay departamentdəki mağazalardan 4 000 avroluq ətir oğurlasalar da, onları ələ keçirmək mümkün olmayıb.
Ötən gün isə dəstənin bahalı ətirlərin satıldığı mağazadakı “reyd”i uğursuz olub. Satıcılardan biri onları mağazaya girərkən tanıyıb və fotosunu polisdə işləyən sevgilisinə yollayıb. Polis onları rəflərdən ətir götürdüyü yerdə yaxalayıb.
Hakim qarşısına çıxarılan 5 nəfərin Gürcüstan vətəndaşları olduğu müəyyən edilib. Onlardan yalnız 1 qadının Fransada yaşamaq icazəsi olub. Məhkəmə onların bir ay müddətində deportasiya olması barədə hökm çıxarıb.