“Hazırda Antarktidadan “A-76” adlandırılan ən böyük aysberqin buz dağından parçalanaraq ayrılması qlobal istiləşmə ilə əlaqədar deyil”
APA xəbər verir ki, bunu Rusiyanın Sankt-Peterburqda yerləşən Arktika və Antarktika Tədqiqat İnstitutunun tədqiqatçısı Andrey Korotkov rəsmi “Telegram” kanalında qeyd edib.
O, nəhəng buz parçasının ayrılmasını təbii proses kimi xarakterizə edib: “Bu hadisəni o qədər də şişirtmək olmaz, bunu sürətli deqradasiya kimi təqdim edib, qlobal istiləşmə ilə əlaqələndirmək düzgün deyil. Təxminən 60 ildə bir dəfə aysberq buz dağı həddinə çatanda təbii olaraq genişlənir və ayrılır”.
Korotkov bildirib ki, elm adamları bu prosesi müşahidə edərsə, yeni buz bloklarının meydana çıxacağını proqnozlaşdıra bilərlər: “Məsələn, bu onilliyin ortalarında Antarktidanın şərqindəki “Emeri” Buz Şelfindən böyük bir buz dağının qopması gözlənilir”.
Qeyd edək ki, 1964-cü ildə də sahəsi təxminən 11 min kvadratmetr olan Eymeri buz lağından bir aysberq qopmuşdu.
Xatırladaq ki, bu yaxınlarda Avropa Kosmik Agentliyi Antarktidanın qərbində yerləşən Ueddell dənizində, hazırda dünyanın ən böyük buz dağlarından olan “Ronne” Buz Şelfindən təxminən 4.32 min kvadrat metr sahəsi olan aysberqin qopduğunu bildirmişdi.