İran “11 sentyabr” ittihamına nə ilə cavab verir?
24 may 2011 19:40 (UTC +04:00)

İran “11 sentyabr” ittihamına nə ilə cavab verir?

Amerikaya sığınmış İranın kəşfiyyat orqanının keçmiş zabit və daha iki iranlı ABŞ-ın Manhetten bölgə məhkəməsində sensasiyalı açıqlama ilə çıxış ediblər. Onların bu çıxışı 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş məlum terror aktı qurbanlarının ailə üzvləri və yaxınlarının iddia qaldırması üçün ciddi əsas sayıla bilər. Onlar məhkəmədə and içərək, bildiriblər ki, sentyabrın 11 tarixində baş vermiş həmin terror aksiyasının hazırlanmasında və sonradan bu cinayətin izinin itirilməsində İran hakimiyyəti də iştirak edib.

Sığınanların sözlərinə görə, Tehran hakimiyyəti təyyarələrin ələ keçirilməsi ilə bağlı terrorçuların təlimatlanmasına və məşq etmələrinə yardım edib. Onların idldiasına əsasən, İran rejiminin uyğun qurumları həmin cinayətdən dərhal sonra “əl-Qaidə”-nin yüzlərlə yaraqlısını maddi cəhətdən dəstəkləyib”.

Terror aksiyası qurbanlarının yaxınlarının vəkili ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agentinə müraciət edərək, 28 saatlıq bu ifadədə ziddiyyətli məqamları tapmasını istəyib. Keçmiş agent bildirib ki, onların söylədikləri inanmağa əsas verir.

İranlıların ifadələri yayıldıqdan sonra ETTELAAT Mərkəzi Kəşfiyyat (MKİ)İdarəsinin azı 30 nəfərlik “casus şəbəkəsi”ni aşkarlayıb, “casus”ları həbs etdiyi haqda bəyanat verdi.
İran təhlükəsizlik qurumunun bildirdiyinə görə, şəbəkə üzvləri iranlıları “ABŞ diplomatları vasitəsi ilə İrana qarşı casusluğa cəlb edirmiş”.

Ötən gün isə İran İslam Respublikası informasiya vasitələri “MKİ-nin 30 casusunun tutulması” başlığı altında daha sensasiyalı xəbər yayıb. Məlumata əsasən, “casus”lardan biri 25 ildən artıq nazirliklərdən birində rəhbər vəzifədə çalışıb. O, MKİ-ni “İslam Respublikası rentgen aparatlarının göstəriciləri və nüvə proqramı haqda məlumatlandırırmış”. Bundan başqa, həmin vəzifəli şəxs “sabotaj, nüvə və elmi obyektlərə hücum planları hazırlayırmış”.

Bu fəaliyyət qarşılığında o, ABŞ-da fəxri təqaüd alacaqmış. İran mənbələri “casus”un və çalışdığı nazirliyin adını açıqlamır.

İran parlamenti milli təhlükəsizlik və xarici siyasət komissiyasının başçısı Əlaəddin Brücerdi “30 nəfərlik casus” olayı ilə bağlı məsələyə münasibət bildirərək, deyib ki, ABŞ-ın bölgədəki “ən kiçik hərəkətlərini belə izləyirlər”. O, ölkəsinin təhlükəsizlik qurumlarının fəaliyyətini tərifləyərək, deyib: “İran tamamilə açıq bir ölkədir. Ölkə vətəndaşları başqa ölkələrə asanlıqla səfər edə bilir. Son əməliyyat isə ETTELAAT-ın MKİ-yə və MOSSAD-a qarşı duruş gətirdiyinin göstəricisidir”.

İranın açıq dövlət olduğu və vətəndaşlarının istənilən ölkəyə sərbəst getməsi məsələsi müəyyən mənada həqiqəti əks etdirsə də, onların səfərdən qayıtdıqdan sonra İran ETTELAAT-ı tərəfindən dəfələrlə sorğu-sual edilməsi faktlarından deputat, təəssüf ki, danışmır.

Tehran hakimiyyəti Manhetten ştatı məhkəməsində verilən məlum ifadələrə münasibət bildirməyib. Bu baxımdan ehtimal etmək olar ki, “30 nəfərlik casus şəbəkəsi” əməliyyatı rejimin bəhs etdiyimiz məsələni ört-basdır cəhdidir.

Son zamanlar İran prezidenti Mahmud Əhmədinejadın yan-yörəsindəkiləri həbs etməklə hakimiyyət özünə məxsus “təmizləmə” işləri aparır. Ona görə də onlardan birinin bu siyahıda olacağı da istisna edilmir. “25 illik vəzifə” sahibi məsələsi də təsadüfi olaraq ictimai rəyə sızdırılmayıb.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433

Oxşar yazılar