Dünyanın sonu gəlmədi
23 may 2011 11:56 (UTC +04:00)

Dünyanın sonu gəlmədi

Mayın 21-də saat 18:00-da qiyamət gününün başlayacağı ilə bağlı 89 yaşlı məşhur amerikalı keşiş Harold Kempinqin proqnozu özünü doğrultmayıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, şənbə günü nə dünyada güclü zəlzələlər baş verib, nə də digər böyük fəlakətlər qeydə alınıb.

Harold Kempinq də artıq yoxa çıxıb, “Family” radiosuna açılan zənglər, göndərilən elektron məktublar cavabsız qalır. Qiyamət günü ilə bağlı aparılan kampaniya üçün şəxsi büdcəsindən 140 min dollar xərcləmiş Robert Fitspatrik nə baş verdiyini anlamır. Harold Kempinqin tərəfdarlarından olan bu şəxs hələ də yaşadığına inanmır.

“Waşinqton Post” qəzeti isə Harold Kempinq tərəfdarlarının özlərinə sui-qəsd etmələrinin qarşısını almaq üçün xüsusi “qaynar xətt” açıb. Ateist təşkilatların təsisçiləri isə şənbə günü həyatın davam etməsi münasibəti ilə “Family” radiosu qarşısında aksiya keçiriblər.

Qeyd edək ki, Harold Kempinq mayın 21-də dünyanı çox böyük zəlzələlərin cənginə alacağını və qiyamət başlayacağını bəyan etmişdi. O bildirmişdi ki, proses 5 ay davam edəcək, dünyanın sonu 21 oktyabr 2011-də olacaq. O, bu kampaniyanı Amerikanın 100 milyon dollarlıq kapitala malik “Family” radiosu vasitəsi ilə aparıb. Harold Kemplinq də daxil olmaqla, Oklandda yaşayan 10 xristian, bu xəbəri hər kəsə çatdırmaq üçün ailələrini qoyub, var-yoxlarını satıb karvanlarla yola çıxıblar. Onlar sarı köynəklər geyərək ölkə-ölkə gəzməyə, insanları xəbərdar etməyə başlayıblar.


“Karvan Proyekti” olaraq tanınan bu kampaniyaya qatılanlar, özlərini “elçi” adlandırıblar və insanları əllərindəki tarixin doğruluğuna inandırmağa çalışıblar. Onlar bildiriblər ki, bu proses zamanı əhalinin ancaq 2 faizi səmaya (cənnətə) qalxacaq, digərləri isə əks istiqamətdə gedəcəklər.


Bir neçə gün öncə “CNN”ə müsahibəsində qrupun lideri, 89 yaşlı Harold Kampinq “Tarix dəqiqdir, çünki İncildə də bu barədə işarələr var və müqəddəs kitab yalan yazmaz” deyib. Harold Kempinqin sözlərinə görə, o, müqəddəs kitab olan İncildə gizli olan gələcəyi xəbər vermə yollarını riyazi üsullarla açıb.


Onun hesablamalarına görə, bu il mayın 21-də İsa peyğəmbərin çarmıxa çəkilməsindən 722500 gün ötəcək. Keşişin iddiasına görə 722500 önəmli rəqəmdir. Çünki o 3 müqəddəs rəqəmin (5,10,17) birinin digərinə 2 dəfə vurulmasından alınır.


Kempinqin ehtimalları Amerikada televiziya və radiolarda, qəzet-jurnallarda, reklam şitlərində tirajlanıb. 89 yaşlı keçmiş mühəndis gündəlik olaraq "Family Radio"da tərəfdarlarına müraciətlər edir. Britaniya qəzetinin yazdığına görə, məhz adıçəkilən radio “Qiyamət günü”nün yaxınlaşması barədə məlumatları maliyyələşdirib. Bu kampaniyada 2 mindən artıq reklam lövhələrindən istifadə edib.


“Cəmiyyətdəki bütün bu oğurluqlar, yalanlar, cinsi əxlaqsızlıqlar, mavilərin paradları, hər cür pisliklər bizə nə isə deyir. Tanrı bütün bunları sonun əlaməti kimi göndərir” - deyə, Harold Kempinq vurğulayıb.


Qrupun liderlərindən olan Tom Evansa görə, 1948-ci ildə İsrailin qurulması, kilsələrin İncilin doğru izahından yayınması və homoseksuallıq kimi əxlaqsızlıqların artması zatən qiyamətin müjdəçisi olub.


“Pew” araşdırma şirkətinin keçən il keçirdiyi sorğuya görə, xristian amerikalıların 40 faizindən çoxu yaxın 40 il ərzində qiyamətin başlayacağına inanır. Lakin son günlərdə müşahidələr göstərir ki, yevangelistlərin qızğın xəbərdarlıq kampaniyalarına baxmayaraq, əhali arasında təşviş halları yaranmayıb.


Xatırladaq ki, protestantlığın radikal qanadı olan Yevangelistlər bundan öncə qiyamət gününün 1994-cü ilin 4 sentyabrında olacağını iddia ediblər. Həmin tarixdə heç bir qlobal fəlakət baş vermədikdə onlara qarşı yalançılıq ittihamları irəli sürülüb. Qrupun rəhbəri isə bunu sadəcə bir hesablama səhvi kimi izah edir və bu dəfə yanılmadıqlarını iddia edib.


1994-cü il sentyabrın 6-da onun yüzlərlə dinləyicisi İsa peyğəmbərin gəlişini gözləyib. Keçmiş mühəndis bu iddialarının doğru çıxmamasını o vaxt İncili dəqiq öyrənməməsi ilə izah edib, indi isə Tanrının ona sübut verdiyini deyib.


Bu il həm də Nuhun tufanından 7000 il ötür. O tufan zamanı Tanrı bütün yer üzün silib. Neçə vaxtdır ki, dünya mətbuatında bununla bağlı yazılar yer alıb.


Harold Kempinqin bütün dünyada 10 mindən çox tərəfdarı var...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 829

Oxşar yazılar