Hamilə Papa: əfsanə və gerçək tarix… - ARAŞDIRMA
16 may 2011 18:59 (UTC +04:00)

Hamilə Papa: əfsanə və gerçək tarix… - ARAŞDIRMA

Baxmayaraq ki, feminizm bütün planetdə çox sürətlə yayılır, elə yerlər var ki, hələ də ora gedən yollar qadınlar üçün bağlıdır. Bunlardan biri də Roma Papası vəzifəsidir. Lakin Vatikanın tarixi artıq uzun əsrlərdir ki, yüksək taxt-tac sahibi olmağa cəsarət edən qadın haqqında əfsanəni ciddi-cəhdlə qoruyub saxlayır.

Onun varlığı barədə məlumatlar şübhəlidir, rəsmi Papalıq salnamələri da bunu qətiyyətlə rədd edir. Başqa cür ola da bilməz, axı bu misli görünməmiş ədəbsizlikdir!

Hesab edilir ki, bu əfsanə Konstantinopolda pravoslav və katolik kilsələri arasında düşmənçilik zəminində yaranıb. Tarixçilərin bir çoxu bunu uydurma sayır. Lakin sizə elə gəlmirmi ki, bu əfsanə yaranıb və uzun əsrlər yaşayıbsa, boş yerə deyil və deməli, doğrudan da tarix qadına bu yüksək mənsəbi tutmağa – xalqların dini rəhbəri olmağa “icazə” verib.

Sirli monax

Əfsanədə deyilir ki, 855-ci ildə Papa IV Levin ölümündən sonra taxt-tac 2 il, 5 ay və 4 gün salnamələrdə “Papessa İoanna” (Covanna, Janna, Anna) adı ilə qeyd olunan qadının əlində olub. İddia edilir ki, bu ad altında gözəl simalı, dərin zəkalı əsilzadə ingilis qadını gizlənib. Papessa haqqında ilk dəfə 1276-cı ildə geniş şəkildə bəhs olunub. V Adrianın ölümündən sonra yeni Papa xronologiyaya uyğun olaraq XX İoann deyil, XXI İoann adını qəbul edir. Deyilənlərə görə, “itmiş” Papa əleyhdarları tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. Başqa bir ehtimala görə isə, o qadın olub və onun mövcudluğu barədə unutmağa çalışıblar.

Bizim günlərə qədər bu qeyri-adi qadının tərcümeyi-halı barədə çoxlu faktlar gəlib çatıb. Əsl adı Aqnessa olan qadın 822-ci ildə Almaniyanın Mayns şəhəri yaxınlığında İnqelhaym şəhərciyində ingilis missionerinin ailəsində doğulub. Aqnessanın anası dünyasını dəyişəndən sonra o, atası ilə səyahət etmək məcburiyyətində qalır.

Təhlükələrlə dolu olan missioner həyat tərzi kiçik Aqnessanın həyatında çox böyük izlər buraxır. Tez-tez qarşılaşdıqları çətinliklər onu qeyri-adı bacarıqlara, natiqlik sənətinə yiyələnməyə, kütlənin diqqətini cəlb etmək qabiliyyətini formalaşdırır. Hələ səkkiz yaşında ikən o, həyətlərdə, restoranlarda stolun üstünə çıxaraq moizə oxuyur, nitq söyləyirdi. Onun kütləyə güclü təsiretmə bacarığı vardı və ehtimal olunur ki, elə o vaxtlardan da Aqnessa kişi paltarı geyinməyə başlayıb.

Atası öldükdən sonra vaizlik Aqnessanın yaşaması üçün yeganə vasitə olur və bu məqsədlə o, bütün dünyanı dolaşmağa başlayır. Görünür, Aqnessa yüksək təhsil almaq niyyəti ilə özünün qadın olduğunu gizlətməyə davam edir, çünki o dövrdə təhsil almaq qadın üçün əlçatmaz arzu idi. Bütün Avropanı gəzən Aqnessa İoann Lanqlua adına monastırda teologiya və fəlsəfədən yüksək təhsil alır.

Əməksevər və bilikli tələbə bacarığı və ağlı ilə tezliklə ətrafındakı oğlanlardan seçilir. Lakin artıq qızın 16 yaşı tamam olmuşdu və vaxt keçdikcə qadın təbiəti ehtiyatlılığı üstələyirdi. Aqnessa onunla birgə təhsil alan gənc monaxa diqqət yetirir və ona əsl kimliyini etiraf edir. O andan etibarən gənclər ayrılmır. Tezliklə onların dostluğu şübhə doğurmağa başlayır (heç kimin ağlına gəlməzdi ki, İoann kişi deyil). Bir müddət sonra onların gizli münasibətlərinin üstü açılır.

Cəzadan qorxan cütlük monastırdan qaçaraq əvvəl İngiltərəyə, sonra Afinaya gedir. Sevgilisi olmağına baxmayaraq, gənc qız kişi paltarı geyinməkdən imtina etmir və düşünür ki, ancaq bu görkəmlə uğur qazanacaq və şəxsiyyət kimi özünü təsdiq edəcək.

“Atalar atası” taxtında qadın

Aqnessa kütləvi teoloji mübahisələrdə iştirak edir və tədricən hersoqların, abbat və alimlərin diqqətini cəlb edir. Afinada gənclər mütəmadi olaraq ən tanınmış dini və fəlsəfi məktəbləri ziyarət edirlər. Aqnessanın sevgilisi yüksək təhsil alaraq Romaya getməyi və kardinal, hətta Papa olmağı arzulayırdı. Lakin Avropaya növbəti səyahət zamanı gənc oğlan xəstələnir və qızdırmadan ölür. Bundan təsirlənən Aqnessa gəncin məzarı üstündə and içir ki, onun arzusunu yerinə yetirəcək. Və o, Romaya yollanır.

“Əbədi şəhər”də Aqnessa çox asanlıqla Papa sarayının nümayəndələri ilə münasibətlər yaradır. Oradakı keşişlər o qədər də yüksək təhsilə malik deyildilər və Aqnessanı təkcə geniş dünyagörüşü və möminliyinə görə deyil, həm də yaraşıqlı görünüşünə görə də qəbul edirlər.

Natiqlik qabiliyyəti, zəngin biliyi və bir çox başqa bacarıqlarına görə tezliklə Aqnessaya yunan məktəbində kafedra verirlər. Çox keçmədən bu yüksək təhsilli monaxın şöhrəti bütün Romaya yayılır. “Covanni Anqliko” adı ilə tanınan Aqnessa Papa IV Levin etimadını qazanaraq, sarayda söz sahibinə çevrilir. O, çox böyük məharətlə təkcə kilsə deyil, həm də dövlət işlərilə məşğul olur. Əsasən Vatikanı əhatə edən hündür divarların tikintisinə rəhbərlik edir. Aqnessa eyni zamanda Papa yanında notarius fəaliyyəti də göstərirdi. Gözəl natiqlik qabiliyyəti, zəngin biliyi, yaltaqlığı və xeyirxah görünüşü ilə kardinal vəzifəsinə yüksələ bilir.

Qəribəlikləri ilə seçilən Papa IV Lev bir gün özünü müqəddəs Pyotra bənzədərək, suyun üzərində yeriməyə cəhd edir. Təbii ki, bundan yaxşı heç nə alınmır və soyuq suya düşən Papa xəstələnərək tezliklə vəfat edir. Papalıq seçkisi zamanı kardinal kimi namizədliyini irəli sürən Aqnessa fərqli təbliğat kampaniyası aparır. O dövrdə Papa meydana toplaşan insanlar tərəfindən seçilirdi və digər namizəd kardinalların adamları oraya toplaşan insanlara müxtəlif hədiyyələr verir, namizədin üstün cəhətlərindən danışırdılar. Aqnessa isə başqa metodlarla təbliğat aparmağa üstünlük verir. Onun tələbələri meydana toplaşan insanlar qarşısında çıxış edərək, kardinal İoannın əvvəlki Papalardan fərqli olaraq hərəmxana saxlamayacağını, kilsənin gəlirlərinin kasıblar arasında bölünəcəyini elan edirlər. Nəticədə İoanna seçkidə qalib gəlir və Roma, Kainat və Göyün simvolu olan üçlü taca sahib olur.

Orta əsr salnamələri xəbər verir ki, Papalıq seçkisi bir çox əlamətlərlə yadda qalıb: İtaliyada şəhər və kəndlər zəlzələdən yerlə-yeksan olub, Fransada çəyirtkələr tarlaları məhv edib, İspaniyada müqəddəs Vinçensonun oğurlanan nəşi gecə vaxtı kilsənin kandarında görünərək, onu yenidən əvvəlki yerində dəfn etmək üçün yalvarıb.

Papessa İoannanın hakimiyyəti uzun sürməsə də firavanlıq və bir çox nailiyyətlər əldə edilməsi ilə müşayiət olunub. Aqnessanın idarəçiliyi humanist, rəhmli və inkvizisiya işgəncələrindən uzaq olub. O, ruhanilərin əxlaqsızlığının qarşısının alınması üçün fərmanlar imzalayıb. 855-ci ilin sonunda Aqnessa alman imperator Lotarın öz günahlarını yuması üçün monax olmağa razı salır.

Qadın olmaq cinayəti

Beləliklə, İoanna alnına yazılmış yüksək mənsəbə nail olur. Lakin bu yalan uzun sürə bilməzdi. İoanna Vatikanın yüksək rütbəli məmurlarından biri ilə sevgi münasibətləri yaşayır və bir müddət sonra hamilə olduğunu öyrənir. Bununla bağlı məqamlar bir az mübahisəlidir. Çox böyük əziyyət və mübarizələrlə belə bir məqama çatmış və ikili həyat yaşayan qadın necə ola bilər ki, risk etsin? Belə bir ehtimal da var ki, İoannın həqiqi kimliyini öyrənən adam onu bu addımı atmağa məcbur edib.

Sutananın (katolik ruhanilərinin cübbəsi) geniş qırçınları uzun müddət papessanın korlanan fiqurasını insanlardan gizlətməyə kömək edir. Sevgilisi kömək edərək onu müəyyən bir vaxt vəziyyətdən çıxarır. O, Papanın xəstələndiyini elan edir. Lakin hadisələrin inkişafı arzuolunmaz istiqamətdə davam edir. Hamiləliyin son ayında - insanların qarşısına çıxmağın heç cür mümkün olmadığı bir vaxtda Romada epidemiya yayılır. Xalq tələb edir ki, Papa xaç yürüşü elan etsin. Çarəsiz Aqnessa nə edəcəyin bilmir və ibadət gününü mümkün qədər uzatmağa çalışır. Lakin papessa vəziyyətə tabe olmağa məcbur olur.

857-ci il noyabr ayının 20-də günəşli bir gündə Roma əhalisi şənlikdə iştirak etmək üçün küçələrə tökülür. Hər tərəfdən kardinallarla əhatə olunmuş İoann ayığını güclə atırdı. Kolizeylə Müqəddəs Kliment kilsəsinin arasındakı keçiddə yerə yıxılan Aqnessa hamiləlikdən azad olur. O və yeni doğulmuş körpəsi qəzəbli kütlə tərəfindən daş-qalaq olunur. Öldürülənlər Müqəddəs Kliment kilsəsində dəfn olunur. Bəzi ehtimallara görə, körpə sağ qalır və monastıra verilir. Böyüdükdən sonra kilsədə fəaliyyətini davam etdirərək Ostiya şəhərinə yepiskop təyin olunur.

Papa taxt-tacına yiyələnmiş qadının belə bir dəhşətli sonluğu həm də onun cəzasıdırmı? Papessanın öldüyü yerdə uzun müddət kiçik kilsə olub. Lakin onun haqqında hər bir xatirəni unutdurmaq məqsədi ilə kilsə uçurulub, papessanın məzarının yerini bildirən qəbir daşı isə yoxa çıxıb.

Rəsmi Vatikanın nə deməyindən asılı olmayaraq, Papalıq taxtının qadın tərəfindən ələ keçirilməsi ilə bağlı mövzu uzun əsrlərdir insanların yaddaşından silinmir. Hadisənin inkar edilməsinə rəğmən, onun doğruluğunu bilavasitə təsdiq edən əyani vəsaitlər də mövcuddur. Belə ki, X əsrdən başlayaraq XVI əsrə qədər Vatikanda yeni seçilmiş Papanın cinsini yoxlayan mərasim keçirilib. Bunun üçün ortası iri deşik olan və "Sello Stercoraria" adlanan xüsusi kreslodan (hal-hazırda Roma muzeylərinin birində saxlanır) istifadə olunub. Görünür, Roma kilsəsi bir daha yalana yol verilməsini istəməyib. Deməli, onların qadının Papa tacını geyinmək qorxusunun əsası varmış. Qadının Müqəddəs Pyotr taxtını zəbt etməsi epizodu Vatikanın çox böyük həssaslıqla qoruduğu sirlərdən biridir.

Hətta Papessa haqqında əfsanə uydurulmuş olsa belə, çox böyük məharətlə tərtib olunub. Və bu əfsanə qadınları daim alçaldan və əsarətdə saxlayan ruhanilərin və feodalların əməllərinə qarşı xalqın etirazı idi. Gənc, gözəl, ağıllı, təhsilli, xeyirxah və humanist Aqnessa ondan əvvəl və sonra Papalıq taxtına oturan qəddar insanlara sübut etdi ki, qadın kişi ilə bərabərhüquqlu ola bilər. Xalqın səsi - Haqqın səsidir. Papessa haqqında xatirələri məhv etməyə çalışsalar da o, hələ uzun illər orta əsrlər həqiqətlərinin insanlarda nifrət oyadan zülmətli fonunda ağ ləkə kimi qalacaq...

Yaqut Əliyeva
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1204

Oxşar yazılar