İranı “çöldə saxlayırlar” - ŞƏRH
13 may 2011 15:39 (UTC +04:00)

İranı “çöldə saxlayırlar” - ŞƏRH

Fələstin Muxtariyyatının, “Fəth” təşkilatının başçısı Mahmud Abbas və HƏMAS-ın lideri Xalid Məşəlin Misirdə imzaladığı barışıq anlaşması bunu bir daha təsdiqlədi.

Misiri idarə edən hərbçilər HƏMAS liderinə boyun olub ki, yaxın zamanda Qəzza zolağına gedib, yerləşə bilərlər.

Yeri gəlmişkən, Londonda ərəb dilində çıxan “əl-Həyat” qəzeti ötən həftə yazmışdı ki, Qətər hakimiyyəti qurumun Siyasi Bürosunun sədri Xalid Məşəli və təşkilatın başqa liderlərini qəbul etməyə razılıq versə də, yaraqlıları öz torpaqlarında görməkdən qəti imtina edib. Başqa bir məlumata görə, HƏMAS-ın hərbi rəhbərliyi və Xalid Məşəl yaxın zamanlarda Dəməşqdən Qəzza zolağına köçürüləcək.

HƏMAS-ın Fələstindəki rəsmiləri bildirib ki, İordaniya və Misir təşkilatın uyğun istəyini rədd etdikdən sonra onlar Qətərə müraciət ediblər.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun 15 üzvü 1999-cu ildən Dəməşqdədir.

Qurumun yaxınlarda Qahirədə daimi ofisinin açılması da planlaşdırılıb. Ofisə Xalid Məşəlin müavini Mussa Əbu-Marzuk başçılıq edəcək.

Lent.az-ın “mignews”a istinadən məlumatına əsasən, barış anlaşmasını imzalaması üçün bu, HƏMAS-a boyun olunanların bir hissəsidir. Odur ki, Fələstindəki tərəflərin arasında anlaşma gerçəkləşib dərinləşərsə, bu halda İran İslam Respublikasının bölgədəki durumuna ciddi təsir göstərə bilər. Bu baxımdan, Fələstin liderlərinin bəyanatları da maraqlıdır.

Ötən həftə M.Abbas Ramallahda “J Street”in, ABŞ-dakı liberal yəhudi lobbisinin təmsilçiləri ilə görüşüb. O, bildirib ki, İsraillə danışıqlar bərpa ediləcəyi təqdirdə, 2011-ci ilin sentyabrında Fələstinin müstəqilliyindən imtina etməyə hazırdır. Bununla yanaşı, muxtariyyat başçısı əlavə edib ki, İsrail Şərqi Qüdsə və İordan çayının Qərb sahilinə köçürməni tam dayandırarsa, o zaman danışıqlar masasına qayıda bilər.

“J Street”-in prezidenti Ceremi ben-Ami isə bildirib: “Ola bilsin, danışıqların bərpası üçün bu, son imkandır. O, 1967-ci il sərhədləri daxilində Fələstinin müstəqilliyinin tanınmasının dəstəklənməsi haqda ABŞ prezidenti B.Obamaya müraciət edəcəyini də söyləyib.

Yeri gəlmişkən, mayın ikinci yarısında İsrailin baş naziri Beniamin Netanyahu ABŞ-a səfər edəcək. Onun bu ölkədə B.Obama ilə görüşəcəyi, eləcə də konqresin hər iki palatasında çıxış edəcəyi planlaşdırılıb.

İsrailin prezidenti Şimon Peres də “Fəth”lə HƏMAS-ın anlaşmasına münasibət bildirib: “Əgər dünya İsrailin təhlükəsizlik problemi həll edilmədən Fələstinin müstəqilliyini tanıyarsa, bu münaqişənin davam etməsi deməkdir. Mən kürəyimi fələstinlilərin barış anlaşmasına çevirmək niyyətində deyiləm. Mahmud Abbas sülh istəyir, zorakılığa qarşıdır”.

HƏMAS ldieri Xalid Məşəl “Röyter”ə müsahibəsində deyib ki, ABŞ və Avropa Birliyi fələstinlilərin “milli barışığını” təsdiqləməlidir: “Çünki bu, Fələstin xalqının seçimidir”. O, Fələstinin müstəqilliyi tanındığı, İsrail işğal etdiyi torpaqlardan çıxdığı və s. bu sayaq şərtləri yerinə yetirdiyi təqdirdə, yəhudi dövlətini tanıyacaqlarını da bildirib.

İranın Beyrutdakı səfiri Qəzənfər Rüknabadi yerli “əl-Nəşra” qəzetinə müsahibəsində fələstinli liderlər arasındakı danışıqları belə dəyərləndirib: “Misirdə baş verənlər bütün sülhsevərlərdən ötrü vacib olaydır. “Fəth”lə “Həmas” arasında barışığın əldə edilməsi İsrailin təhlükəsizliyinin möhkəm dayağı uçmasının nişanəsidir”.

O, ölkəsinin bölgədəki rolundan danışarkən deyib: “Biz yenə də vurğulayırıq ki, bizim İsraildən başqa düşmənimiz yoxdur…”

Burada bir haşiyə çıxmaq istərdik. Səfir bu bəyanatı ilə ayətulla Xomeyninin vəsiyyətini pozur. Ayətulla Xomeyni demişdi ki, İran gələcəkdə İsraillə də barışa bilər, ancaq “biz Səudiyyə Ərəbistanı ilə heç vaxt barışmayacağıq”.

İran hakimiyyətinə aid informasiya vasitələrinin yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanı “İsraillə anlaşıb”. Bundan sonra Səudiyyə Ərəbistanı ABŞ şirkətlərinin vasitəsi ilə İsrailin neftə olan ehtiyacını təmin edəcək.

Ərəblərin Fələstin məsələsini öz aralarında və İsraillə anlaşma çərçivəsində həllə edəcəkləri təqdirdə, İran hakimiyyətinin bütün “kozırları” əlindən çıxa bilər. Belə bir halda Tehran hakimiyyətinin bölgədə adi pozucu və ya terrorçu təşkilata oxşayacağı ehtimal daha çoxdur.

Fələstinin aparıcı təşkilatları və liderlərinin anlaşmasından Tehran hakimiyyəti çox üzgün görünür. Onun könlünü almaq üçün fələstinlilərə bəzi jestlər də edir. Fələstin “İslami-cihad”ın təmsilçisi Nasir əbu-Şərif İran rəhbərliyini Qəzza zolağında nümayəndəliyini açmağı təklif edib.

Fələstinin “Maan” informasiya agentliyinin məlumatına əsasən, HƏMAS-ın xarici işlər naziri Məhəmməd Avad bəhs etdiyimiz məsələ ilə bağlı bunları deyib: “Fələstinin Tehranda diplomatik nümayəndəliyi fəaliyyət göstərir. İranın Qəzza zolağında səfirliyi və nümayəndəliyinin açılması təbidir. Hazırda Qəzza zolağı işğaldan azaddır və İran buranın diplomatik həyatında fəal rol oynaya bilər. Fələstinin müstəqilliyini ilk tanıyan dövlət İrandır”.

Bir müddət öncə, Qəzza zolağında Misir diplomatik nümayəndəlik açacağını ciddi şəkildə götür-qoy etdiyini bildirmişdi.

Beləliklə, Fələstin məsələsi ətrafında çox aydın və mürəkkəb mənzərə yaranıb. Misir fələstinliləri barışdırır, İran mənbələrinə inansaq, Səudiyyə Ərəbistan İsraillə dil tapmağa başlayır. Onda İran hakimiyyətinə bölgəyə girişmək üçün yer qalmır. Hər halda, vəziyyətin əbədi belə qalacağı istisnadır. Bütün münaqişələrin, savaşların sonu danışıqlardan keçir. Odur ki, Fələstin ərəblərinin tale ilə oynayanların, o cümlədən İran İslam Respublikasının bölgə insanlarının anlaşmasını əngəlləməsinin də sonu olacaq…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar