Əhmədinejadın yeni vədi: “2013-də hamının evi olacaq”
06 may 2011 11:09 (UTC +04:00)

Əhmədinejadın yeni vədi: “2013-də hamının evi olacaq”

İslam Respublikasının informasiya vasitələrinin yaydığı xəbərə əsasən, mənzil tikintisi və şəhərsalma nazirinin müavini Əbülfəzl Sumalu bildirib ki, cari ildə də banklarla ötən ilki kimi yaxşı əməkdaşlıq qurulsa, eləcə də “Mənzil mehri” proqramına büdcədən lazım olan məbləğdə vəsait ayrılarsa, o halda 2013-cü ilə kimi İranın bütün vətəndaşları mənzillə təmin ediləcək.

“Ötən il 40 min mənzil təhvil verilib, 200 min isə istismara hazırdır” - deyə, o, söyləyib.

Nazir müavini bu bəyanatı çörək bahalaşandan sonra verib. Bir gündə çörəyin ən çox alınan növünün 45 faiz bahalaşmasına elə ciddi etiraz olmasa da, hakimiyyət bundan rahatsızdır. Çünki cəmiyyətin bu sayaq məsələlərə təpkisi iqtidarın müəyyən nəticələr çıxarmasına yardım edir. Bahalaşmanın sükutla qarşılanmasından rahatsızlıq hökumətin yeni-yeni vədlər verməsi ilə müşahidə olunur.

Qeyd edək ki, İranda minimum əmək haqqı 300 dollara yaxındır. Ölkədə işləyən vətəndaşların 40 faizə yaxını ayda bu qədər maaş alır.

İndiki ağır maliyyə durumunda Tehran hakimiyyətinin bu vədin öhdəsindən gələcəyi inandırıcı görünmür.

Bu yaxınlarda İranın “İRNA” xəbər agentliyi maraqlı xəbərə yayıb. Xəbərdə deyilir ki, İslam Respublikasının rəhbərliyi körfəz üzərindən “nəhəng körpünün” tikintisinin özülünü qoyub. Bu körpü Bəndər-Abbas şəhəri ilə Keşm adasını birləşdirməlidir. Uzunluğu 2,3 km olacaq bu “nəhəng körpü” layihəsi 650 milyon avrodur. Amma onun tikintisinə 38 il sərf ediləcək. Başqa sözlə ildə 60 m, gündə 10 santimetr inşa olunacaq. Hakimiyyət bu körpünün bölgə iqtisadiyyatının inkişafına və yük daşınmasına böyük töhfə verəcəyinə ümid edir.

38 ilə 2,3 km-lik körpünü tikməyi planlaşdıran bir hakimiyyətin 2013-cü ilədək evsiz ölkə vətəndaşlarının hamısının mənzillə təmin edəcəyinə inanmaq mümkün deyil. Ona görə də məsələnin arxasında daha çox siyasətin durduğu istisna edilmir.


Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453

Oxşar yazılar