Mübarək edam edilə bilər
30 aprel 2011 20:35 (UTC +04:00)

Mübarək edam edilə bilər

0
Misirin ədliyyə naziri Muhammed El Guindi sabiq prezident Hüsnü Mübarək haqqında edam qərarı çıxarıla biləcəyini söyləyib. Lent.az-ın “Əl-Əhram” qəzetinə istinadən verdiyi məlumata görə, ədliyyə naziri deyib ki, əgər Hüsnü Mübarəkin ölkədə keçirilən aksiyaları dağıtmaq üçün atəş açmaq əmri verildiyi təsdiqini taparsa, edam qərarı ilə üzləşəcək.

Muhammed El Guindi bu məsələdə hazırda özü də istintaqa cəlb edilmiş sabiq daxili işlər naziri Habib El Adlinin ifadəsinin həlledici olacağını vurğulayıb. Əgər sabiq daxili işlər naziri Hüsnü Mübarəkin aksiyaçılara atəş açmaq əmri verdiyi yönündə ifadə verərsə, sabiq prezidenti edam qərarı gözləyir. Ədliyyə naziri Hüsnü Mübarəki əfv etmək səlahiyyətinin də yeni prezidentə mənsub olduğunu dilə gətirib. Muhammed El Guindi Hüsnü Mübarəkin asılmasını istədiyini də gizlətməyib: “Prezident olsaydım, 800 nəfəri şəhid etdiyi üçün onu əfv etməzdim”.

Muhammed El Guindi həm də Hüsnü Mübarəki hökumətdə korrupsiya mədəniyyəti yaratmaqda günahlandırıb və sabiq prezidentin bir dostunun şirkəti vasitəsi ilə İsrailə satılan qaz və silah anlaşmaları sayəsində mal-mülk əldə etdiyini vurğulayıb.

Qeyd edək ki, Hüsnü Mübarək fevralın 11-də 18 gün davam edən aksiyalar nəticəsində postunu tərk edib. Aksiyalar zamanı ən azı 846 nəfər həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 726

Oxşar yazılar