İran bölgədə gərginlik axtarır - ŞƏRH
20 aprel 2011 17:23 (UTC +04:00)

İran bölgədə gərginlik axtarır - ŞƏRH

0
Bu ölkənin hakimiyyəti İraq, Suriya, Livan və Fələstində törətdikləri azmış kimi, indi də Bəhreynə keçib. Bir müddət öncə Körfəzdəki ərəb dövlətləri şurası Küveyt və Bəhreyndə casusluq şəbəkəsi yaratdığı və həmin ölkələrdə pozuculuq fəaliyyəti göstərdiyi üçün İran İslam Respublikasını suçlamışdılar.
Aprelin 18-də isə şura üzvləri BMT Təhlükəsizlik Şurasından İranın bölgə ölkələrinə qarşı təhriklərinin qarısını almağı tələb ediblər.
Şuraya üzv olan Bəhreyn, Küveyt, Əmman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirlərinin birgə bəyanatında bildirilib ki, İran İslam Respublikası «bölgədə düşmənçilik və nifaq toxumları səpir», onun bu siyasətinin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir: «İrandan bizim daxili işlərimizə qarışmağa son qoymağı, bölgə ölkələrinə qarşı təhrikçi siyasətdən əl çəkməyi tələb edirik».
Bir müddət öncə Səudiyyə Ərəbistanın İrandakı səfirliyinin diplomatlarına zorakılıq edilmişdi. Sənəddə bu məsələyə toxunularaq, belə davranış pislənib: «Bu ölkədə diplomatların təhlükəsizliyi təmin edilməsə, Ər-Riyad onları Tehrandan geri çağırmaq məcburiyyətində qalacaq»..
Xatırladaq ki, aprelin 11-də Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi qarşısında aksiya keçirilmişdi. Səudiyyə Ərəbistanının Bəhreynə hərbi müdaxiləsinə etiraz olaraq keçirilən aksiyada səfirlik binasına “Molotov kokteyli” atılmışdı.
«Radio Svoboda»nın məlumatına əsasən, Səudiyyə Ərəbistanı İslam Respublikasının bu köhnə vərdişinə etiraz edərək, bildirib ki, Tehran hakimiyyəti onların təhlükəsizliyini təmin edə bilməzsə, o zaman öz diplomatlarını geri çağıracağını bəyan edib.
Qeyd: 1979-cu il inqilabından sonra ABŞ səfirliyinin əməkdaşları «İmam(ayətullah Xomeynini nəzərdə tuturlar-S.S.) yolunda» olanlar tərəfindən 444 gün girov saxlanılmışdı. Girov saxlayanların arasında indiki prezident Mahmud Əhmədinejadın da olduğu iddia edilir.
İran parlamentinin sədri Əli Laricani ötən gün İraq prezidentinin müavini Adil Abdullahi əl-Mehdini qəbul edərkən, qonşu dövlətdə və bölgədəki durumdan danışıb. Bəhreyndən söz açan məclis sədri deyib: «Bəhreyndəki şiələrini hissləri ilə oynayanlar sonucda bu işdən zərərli çıxarlar».
«Fox News»-un məlumatına görə, Bəhreyn krallığı Xarici İşlər Nazirliyi bildirib ki, İrandan gələn təhlükə aradan qalxmayana qədər xarici qoşunlar ölkə ərazisində qalacaq. Xarici işlər naziri Xalid bin Əhməd əl-Xəlivənin sözlərinə görə, körfəz dövlətlərinin ordusu İranla bağlı kampaniyaya qarşılıq olaraq Bəhreyndədir. O, əlavə edib ki, bu təhlükə bütün bölgəyə aiddir.
Nazir müttəfiq qoşunlarının krallıqdakı vacib obyektləri qoruduğunu söyləyib: «Bu, regional bir təhdiddir. Mən heç kəsi nədəsə günahlandırmaq istəmirəm. Lakin İranın Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin işğal olunmuş adalarındakı əməlindən gördüklərimiz o qədər də ürəkaçan deyil. Bu, daimi və davamlı bir təhdiddir”.
Aprelin əvvəlində İran parlamentinin 200 deputatı Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyən bəyanat qəbul edib.
Tərəflər arasında qarşılıqlı ittihamlar çeşidli rəsmi səviyyələrdə davam etməkdədir. Bir neçə gün öncə Səudiyyə Ərəbistanının Misirdəki səfiri Əhməd əl-Qəttan Misirin “Əl-Həyat” telekanalına açıqlamasında İranı hədələyərək deyib ki, ölkəsi həmişə İrana dostluq əli uzatsa da, o, bölgə ölkələrinə qarşı sui-qəsddən, ara qarışdırmaqdan əl çəkmir: «Onlar bu günə qədər fars imperiyası xülyasında yaşayırlar. İranlıların son iddiaları çox qəribədir. Onlar Səudiyyə Ərəbistanını Bəhreynin daxili işlərinə qarışmaqda günahlandırırlar. Bu düzgün deyil.
İran bizə bu ittihamı irəli sürdüyü bir vaxtda özü Livan, İraq, Misir və körfəzdəki ölkələrin daxili işlərinə qarışmaqla məşğuldur. Bizim İranla münasibətlərimiz çox pis nöqtəyə gəlib çatıb. Biz onlara çox mühüm və güclü bir mesaj göndərib bildirmişik ki, heç kəsə körfəz ölkələrinin təhlükəsizliyini pozmaq imkanı verməyəcəyik.
İranın Küveytdə casusluq şəbəkəsi yaratmaqda məqsədi nə idi? Bu hərəkətin özü bizim üçün bir xəbərdarlıqdır.
İran bir neçə ildir ki, Birləşmiş Ərəb Əmirliklərinin adalarını işğal edib və bu barədə hər hansı müzakirədən boyun qaçırır. İran hətta problemin beynəlxalq məhkəməyə çıxarılmasına da razılıq vermir. Bu ölkənin işi ərəb ölkələrinin daxili işlərinə qarışmaqdır. Hazırda bir çox digər ərəb ölkələri kimi Misir də bu məsələdən əziyyət çəkir.
Ümid edirəm ki, iranlılar bizim gücümüzü sınağa çəkməyəcək. Onlara Səudiyyə Ərəbistanının gücünü sınamağı məsləhət görmürəm. Onlar körfəz ölkələrinin təhlükəsizliyini pozmağa çalışsalar, Allahın köməkliyi ilə bizim İranın qarşısında dayanmağa kifayət qədər gücümüz var”.
Elə həmin gün İran parlamenti xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Brücerdi jurnalistlərə açıqlamasında deyib: «Səudiyyə Ərəbistanının Misirdəki səfirinin bəyanatı Amerika və İsrailin İrana qarşı siyasətindən başqa bir şey deyil. Belə bir tonla danışmaq bölgə ölkələrinə yaraşmır. İran İslam Respublikası siyasi müstəqilliyə və yüksək hərbi gücə malik olmasına baxmayaraq bütün ölkələr, o cümlədən qonşularla yaxşı münasibət saxlamağın tərəfdarıdır. Səudiyyə Ərəbistanı tarixi səhvə yol verib, Bəhreyn torpağını işğal etməsəydi, hazırkı siyasi çaxnaşmalar da yaranmazdı».
Tərəflər arasında qarşılıqlı ittihamlar vəziyyətin daha da gərginləşəcəyini ehtimal etməyə əsas verir. İran hakimiyyətinin bölgədəki başlıca dayaqlarından bir Suriyadakı Bəşər Əsəd rejimdir. O, öz yaşından da artıq davam edən fövqəladə vəziyyət rejimini ləğv etsə də, hakimiyyətinə qarşı etiraz aksiyaları ara verməyib. Ölkədə hadisələr bu yöndə inkişaf edərsə, onda Tehran hakimiyyəti Dəməşqdəki havadarını itirə bilər. Bu isə onu «yaralı aslan»ın vəziyyətinə gətirər. Belə hal isə İran rəhbərliyinin bölgədə yeni savaş ocağı «yandıracağı» qənaətinə gəlməyə əsas verir. Odur ki, düşdüyü mövcud durumdan çıxmaq yolunu rəsmi Tehran görə bilər. Başqa sözlə, İran İslam Respublikası müharibəyə başlamaq üçün vurnuxur. O, hakimiyyətini saxlamaq və «Fars imperiyasını» bölgənin hegemon dövlətinə çevirməkdən ötrü bu addımı ata bilər. Çünki İraqla savaşın başlaması şəraiti və onun nəticəsi bunu təsdiqləyir…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 588

Oxşar yazılar