Səmalarda və zirvələrdə duran “hind siyasətinin nənəsi” - HEKAYƏT
29 yanvar 2011 16:52 (UTC +04:00)

Səmalarda və zirvələrdə duran “hind siyasətinin nənəsi” - HEKAYƏT

Pratibha Devisinq Patil! (Pratibha Devising Patil)

O, Hindistanın ilk QADIN prezidenti kimi adını TARİXƏ yazdı!

Xanım Patil prezident seçilməzdən öncə Konqresdə Maharaştradakı Eldabad dairəsini təmsil edirdi. O, həm də Racəstanın ilk qadın qubernatoru olmuşdu. Hindistan Milli Konqresinin üzvü olan Patilın prezidentliyə namizədliyini Birləşmiş Alyans və Solçu Hindistan Partiyaları irəli sürmüşdü. O, 25 iyul 2007-ci ildə Abdul Kamaldan sonra hakimiyyətə gəlib. Prezident seçiləndə 72 yaşı vardı.

O dünyaya gələndə Hindistan müstəmləkə idi. Budur, indi o müstəqil dövlətin qadın prezidentidir!

Hindistanın 12-ci prezidenti və ilk qadın rəhbəri Pratibha Devisinq Patil 1934-cü il dekabrın 19-da Maharaştra ştatının Nadqaon kəndində anadan olub. Pratibha Patil Maharaştrada Narayan Rao Patilin ailəsində dünyaya gəlib. İlk təhsilini Vidyalayada, Calqaonda alıb. Bundan sonra o, Calqaondakı (Jalgaon) Mulji Ceita (Mooljee Jaitha) Kollecində siyasi elmlər və iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Bombey Universitetində, Dövlət Hüquq Kollecindən isə hüquq ixtisası üzrə bakalavr dərəcəsi alan Pratibha, eyni zamanda çox fəal şəkildə idman yarışlarında da iştirak edirdi. Kollecdə oxuyarkən stolüstü tennislə məşğul olmuş və universitetlərarası turnirlərdə çoxlu ödüllər qazanmış, dəfələrlə qalib olmuşdu.

Xanım Patil hüquqşünas kimi öz peşəkar karyerasına Calqaon Əyalət Məhkəməsində başlamış, eyni zamanda ictimai fəaliyyətlə, xüsusilə yoxsul qadınlara yardımla fəal məşğul olmuşdur. İctimai fəaliyyəti dövründə o, qadınlar, uşaqlar və cəmiyyətin daha az hüquqa malik üzvləri üçün çoxlu işlər görmüşdür. Onların xeyrinə bir neçə təhsil müəssisəsi yaratmışdır.

O, deyirdi: “Mən təhsilə çox bağlıyam və hər kəsi, hər bir qadını və kişini, qızı və oğlanı çağdaş təhsildən bəhrələnmiş görmək istəyirəm. Qadınalrın səlahiyyətlərinin artması mənin üçün çox vacibdir, çünki, mən bununla bütün millətin səlahiyyətlərinin artacağına inanıram.”

O, 1965-ci il iyulun 7-də maarifçi Devisinq Ramsinq Şexavatla ailə qurub. Cütlüyün bir qızı və bir oğlu var. Xanım Prezidentin həyat yoldaşı da siyasətçidir.

Pratibha Patil, əri ilə birlikdə Calqaon və Mumbayda məktəb və universitetləri idarə edən Vidya Bharati Şikşan Prasaraq Mandal adlı təhsil müəssisəsi yaratmışdır. O, həm də Dehlidə, Mumbayda, Pyundə işləyən qadınlar üçün mehmanxanalar şəbəkəsi yaratmış, Calqaonda mühəndislik məktəbi açmışdır.

Patil həm də şəkər zavodunun və kooperativ bankın sahibidir.

Bundan başqa, yoxsul uşaqlar üçün məktəb və görmə qabiliyyəti zəif olanlar üçün “sənaye təlimi məktəbi” açdırmışdır.

Siyasi karyerası

O, 1961-ci ildə 27 yaşında ikən Maharaştradankı Calqaon dairəsindən qanunverici orqana seçildi. 1967-ci ildə Konqresdəki tərəfdaşlarının köməyi ilə təhsil nazirinin müavini oldu. Sonralar müxtəlif vaxtlarda turizm, sosial rifah və mənzil təminatı nazirliklərində nazir müavini vəzifəsində çalışdı.

O, dörd dəfə Eldabad dairəsindən parlamentə seçilmişdir. 1985-ci ildən 1990-cı ilə kimi parlamentdə yuxarı palatanın üzvü kimi fəaliyyət göstərmiş, 1991-ci ildə isə Amravati dairəsindən Aşağı Palataya üzv seçilmişdir.

1977-ci ildə, İndira Qandinin məğlubiyyətindən sonra Konqresdəki partiyalar iki hissəyə bölündü. Ancaq siyasi təzyiqlərə baxmayaraq, Patil Qandini dəstəkləməyə davam etdi. Hətta 1977-ci ilin dekabrında Qandinin həbsinə etiraz etdiyinə görə 10 gün həbsdə qaldı. 1978-ci ildə Konqres yenidən fəaliyyətə başlayanda Patil Assambleyada müxalifət lideri kimi ön plana çıxdı.

1980-ci ildə öncəki Konqres yenidən hakimiyyətə qayıdanda onun adı baş nazir postuna nəzərdə tutulurdu. Lakin vəzifəyə Sancay Qandinin yaxın tərəfdaşı Antulay təyin edildi və iş elə gətirdi ki, tezliklə korrupsiya hallarına görə vəzifəsindən istefa verdi. Bundan sonra Raciv Qandi Patili Maharaştra Konqres Komitəsinin başçısı vəzifəsinə təyin etdi.

1983-cü ildə Patil, Konqresin Ştatlar Şurasına seçildi və buradakı fəaliyyətinin son iki ilində (1986-cı ildən 1988-ci ilə kimi) sədr müavini vəzifəsində işlədi. 1990-cı ilin aprelində onun bu vəzifədəki müddəti başa çatdı. Növbəti il Raciv Qandiyə sui-qəsddən sonra o, ərinin bir zamanlar mer olduğu Lok Sabadan nümayəndə seçildi.

Xanım Patil, həm də Kooperativ Banklar və Kredit Cəmiyyətləri Milli Federasiyasının, Milli Korporasiyanın və Hindistan Birliyinin direktoru olub.

Racəstanın qubernatoru

2004-cü ilin noyabrında Pratibha Patil, Racəstanın Qubernatoru seçildi. Qubernatorla yanaşı, Racəstanda daha iki yüksək vəzifədə, Assambleyanın spikeri və Baş nazir postunda qadınlar çalışırdı.

2006-cı ilin aprelində Racəstan Qanunvericilik Assambleyasında Racəstan din azadlığı qanunu qəbul edildi. Qanunun əsas məqsədi “dələduzluq yolu ilə və ya zorla qeyri-qanuni bir dindən başqasına keçməyə” nəzarət etmək idi. Ancaq bəzi xristian təşkilatları bu qanuna qarşı çıxırdılar. Patil, insan hüquqları prinsiplərinə – söz və ifadə azadlığı, vicdan azadlığı və dinə sitayiş azadlığına zidd olduğundan qanun layihəsini imzalamadı.

2006-cı ilin mayında Racəstan hökuməti qanun layihəsini yenidən Patilə göndərdi. O isə bir ildən sonra layihəni imzalanmamış halda Hindistan prezidentinə göndərdi və növbəti gün vəzifəsindən istefa etdi. İstefa verməyinə səbəb prezidentliyə namizəd olması idi.

2007-ci il prezident seçkilərində namizədliyini irəli sürən xanım Patilin Qandi ailəsinə sadiqliyi həm prezidentliyə namizəd olmasında, həm də uğur qazanmasında çox önəmli rol oynadı.

Hindistanın ilk qadın prezidenti olması potensialını nəzərə alaraq Sonya Qandi, Hindistanın Azadlığının 60-cı ilində Patilin namizədliyinin “tarixi hadisə” olduğunu dedi.
Dehliyə gəlməzdən öncə o, Qandiyə, göstərdiyi etibara görə təşəkkür etdi və prezident seçilərsə ilk işinin Milli Əyalət məşğulluq təminat aktının qəbulu olacağını açıqladı.

Ziddiyyətlər

Keçmiş prezident Abdul Kamal öz xələfi üçün çox yüksək standartlar təyin etmişdi. O hakimiyyətə gəlməzdən öncə alim və innovator kimi ün qazanmışdı. Prezidentliyi dövründə bütün kateqoriyadan olan insanlara bərabər münasibət göstərdiyindən onu “Kütlələrin prezidenti” adlandırırdılar. Onun əsas məqsədi Hindistanı 2020-ci ilə kimi elm və texnologiya nəhəginə, inkişaf etmiş ölkəyə çevirmək idi.

Onunla müqayisədə hələ prezident seçilməzdən öncə Patilin bu işi davam etdirmək bacarığı bəzi insanlar tərəfindən sual altına alınırdı. Prezident seçildikdən sonra ilk günlər belə, bir çox KİV-də onun barəsindəki məlumatlar daha çox prezidentlik fəaliyyəti barədə deyil, onun çatışmazlıqları barədə idi.

Hindistan Xalq Partiyası kampaniyası

Patil prezidentliyə namizəd olduqdan sonra Hindistan Xalq Partiyası (Bharatiya Janata Partiyası (BJP)) onun keçmişdəki fəaliyyəti ilə bağlı şərhlər verdi.

Partiyanın lideri Arun Şuri “Bu korlanmış insan prezident olmağa layiqdirmi?” adlı kitab nəşr etdirdi. Hindistan Xalq Partiyasının daha bir lideri “Pratibha Patili Tanıyın” adlı veb- səhifədə Patil və onun ailə üzvlərinin qalmaqallı maliyyə dövriyyələri barədə məlumatlar açıqladı. Bu kampaniyadan sonra media Patili ziddiyyətli namizəd kimi görməyə başladı.

Hindistan Xalq Partiyasının onun əleyhinə kampaniya başlatmasına baxmayaraq bütün bunlar hüquqi baxımdan onun əleyhinə çevrilə bilmədi.

Hindistan Ali Məhkəməsi açıqlamaların təsdiqlənməsi üçün kifayət qədər dəlilin olmadığını və bunun daha çox şəxsi zəmində olduğunu bildirərək Patilin namizədliyini geri götürməsi tələblərinə etiraz etdi.

Xanım Patil bir namizəd, hələ-hələ bir qadın üçün kifayət qədər ağır ittihamlarla dolu kampaniya qarşısında mətanətlə dözdü, geri çəkilmədi!

Nəhayət, etiraz etdi...

Hindistan Milli Konqresi və Solçu Hindistan partiyalarının liderləri bu faktların şişirtmələrdən ibarət bir qarışıq olduğunu deyirdilər. Onlar həmçinin bu faktların onun partiya sədrliyi və qubernatorluğu vaxtı heç vaxt açılmadığını da diqqətə çatdırdılar. Onlar Hindistan Xalq partiyasını Patilin seçki kampaniyasını gözdən salmaq məqsədi ilə yalan məlumatlar verməkdə günahlandırdılar. Baş nazir də Patili müdafiə etdi. 2007-ci il iyulun 27-də uzun müddətlik sükutu pozaraq Patil ona qarşı irəli sürülmüş faktları “yalan və əsassız” adlandırdı. Bu qədir sadə bir cavab: “yalan və əsassız”! Bəlkə də onun olay barədə geniş danışması şübhələri daha da artırardı; onun geniş özünümüdafiə tədbirləri görməsi yeni ittihamlar və suallar doğurardı. O rəqiblərinin gözlədiyi, onların açıqlamaları miqyasda cavablar verməməklə həm də “mən sizdən üstünəm” deyirdi, sanki!..
2007-ci il iyunun 17-də o Hindistanda mövcud olan çadra sisteminə qarşı çıxış etdi: “Hindistan mədəniyyətində qadınlara həmişə hörmət olub. Ancaq indi zaman dəyişib və sistem də dəyişməlidir. İndi, qadınların hər bir sahədə uğurları olduğu zamanda biz onları belə adətləri geridə qoyaraq irəli addımlamağa çağırmalı, dəstəkləməliyik”.

Bu fikirləri hətta keçmiş stereotiplərdən qurtulmaq istəyən racputlar (Hindistan Silahlı Qüvvələrinin əsgərləri) da dəstəklədi.

Yeri gəlmişkən, hind mədəniyyətinə sonradan – orta çağda gəlmiş “çadra”ya qarşı çıxan Patil, qədim hind mədəniyyətinə, hind adət-ənənələrinə baxışda kifayət qədər mühafizəkardır. Onun bir siyasətçi kimi obrazı da “mühafizəkar” və “sərt” sözləri ilə “süslənir”...

İlahi göstəricilər

Patil Racəstanda mərhum lider Baba Lekracın ruhu ilə danışdığını iddia edir. O, televiziyada “Baba Devinin bədəninə girərək mənimlə əlaqə yaratdı” kimi açıqlamalar vermişdi. Müxbirlər bunu onun üzərinə götürdüyü məsuliyyətin “ilahi göstəricisi” olduğunu deyirdilər.

Hind siyasətinin nənəsi göylərdə...

Hindistanın 74 yaşındakı qadın dövlət başçısı Pratibha Patil, günün ən çox danışılan isimlərindən biri oldu.

Sukhoi-30 tipli savaş təyyarəsi ilə göy üzündə 30 dəqiqə qalan Patil, həm bu cür bir təyyarəni sürən "ən yaşlı qadın", həm də "ilk qadın lider" olaraq tarixə düşdü.

Hindistanın qərbindəki Lohegoan aerodromundakı əsgərlər dövlət başçısını törənlə və qürurla qarşıladı.

74 yaşındakı Hind lideri xüsusi pilot geyimini geydi və dünyanın ən güclü savaş təyyarələrindən Rusiya istehsalı Sukhoi-30 tipli qırıcı bombardman təyyarəsinin kabinəsinə keçdi.

Ölkəsinin sayılı qadın pilotları arasında yer alan hindli lider, havada qaldığı yarım saat içində hava gəmisinin nəzarətini zaman-zaman dövr aldı və çevik manevrlər etdi.

74 yaşlı Patil həm savaş hava gəmisini idarə edən ən yaşlı qadın, həm də belə bir təyyarəni sürən ilk qadın lider olaraq tarixə adını yazdırdı. Pratibha Patil, 30 dəqiqəlik uçuşu uğurla tamamladı.

Hindistan dövlət başçısı, texnoloji olaraq dünyanın ən təkmilləşdirilmiş hava gəmisini idarə etməkdən həm bütün hind xalqı, həm də bütün Hind qadınları adına qürur duyduğunu söylədi.

Göylərdən endi yerlərdəki uğurlarından danışdı...

Xanım Patil, iqtisadiyyatdakı artımın 1 milyarddan artıq əhalisinin tələbi və islahat siyasətlərindən qaynaqlandığını ifadə etdi.
Patil, hökumətin "ölçülü və tədbirli" iqtisadi islahatlarının Hindistan iqtisadiyyatını qlobal iqtisadi böhrandan sovuşdurduğunu deyirdi. Təsadüfi deyil ki, Hindistan dövlət başçısı, 2009-cu ilin dekabr ayında ölkənin maliyyə mərkəzi Bombeyə edilən hücumların da Hindistan iqtisadiyyatını baltalamaq üçün edildiyini düşündüyünü dedi.

***

O, dünyaya gələndə Hindistan müstəmləkə idi.

Budur, indi o müstəqil dövlətin qadın prezidentidir.

İndən sonra nə olur-olsun, prezident olsun-olmasın, əcəl qapını kəsdirib dursun-durmasın: onun övladları, nəvə-nəticələri müstəqil Hindistanda doğulub, böyüyürlər! O yaddaşındakı, xalqın yaddaşındakı “müstəmləkə qatı”nı silməyə, daha doğrusu bir daha geri gəlməmək şərti ilə keçmişdə saxlamağa, gələcəyə daşımamağa qərarlı oldu, nəticələr əldə etdi. O özü ilə bağlı planlarında gələcəyə yox, keçmişə baxa bilər, təbii; ancaq ölkəsini həmişə gələcəyə aparmağa çalışdığını fərqləndirməliyik! O yalnız özünün deyil, bəlkə əfsanəvi İndira Qandinin, digər hind qadın aydınlarının arzularının ifadəçisi, canlı heykəlidir! O tipik hind (ümumən Şərq!) qadın siyasətçisi kimliyi ilə Qərb qadın siyasətçi kimliyini qoşa canlandıran bir dövlət xadimidir! Hissi-həyəcanı, atəşi, ruh halı, iki qaşının ortasındakı xalından tutmuş ilahi qaynaq axtarışına qədər bütün halı ilə hind (Şərqli!); yeri gəldikdə soyuqqanlılığı, sərt siyasi qərarları ilə, ümumən qərarlılığı, daşıdığı mövcud dövlət başçısı obrazının bir çox parametrləri ilə, habelə aldığı təhsillə Qərbli! Bəlkə də onun dövlətin (və şöhrətin!) zirvəsinə çatması bu iki halı, iki dünyanı, iki dəyəri harmoniyaya gətirə bilməsindədir!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008

Oxşar yazılar