Tonqalda külə dönən xilaskar bakirənin nağılı - HEKAYƏT -
26 yanvar 2011 18:43 (UTC +04:00)

Tonqalda külə dönən xilaskar bakirənin nağılı - HEKAYƏT -

O, Fransanın milli qəhrəmanıdır.

Onun adı Roma papası tərəfindən müqəddəslər sırasına daxil edilib.

“Orlean bakirəsi” və “Fransanın müqəddəs hamisi” kimi tanınan bu qadın yüzillik müharibə dövründə ölkəsini ingilis işğalçılarından müdafiə edib və fransızların müqavimət hərəkatına başçılıq edib.

Orleanda komandanı olduğu fransız ordusuyla ingilisləri məğlubiyyətə uğratdığı vaxt onun cəmi 17 yaşı vardı!

Onun həyatı onlarla kitabın və filmin mövzusu olub. Heykəlləri və büstləri qoyulub.

Fransada mayın 2-ci bazar günü onun günü kimi qeyd edilir.

1964-cü ildə onun adını daşıyan fransız kreyser suya buraxılıb.

Bu qadın adını dünya TARİXİNƏ qızıl hərflərlə yazmış, əfsanəvi Janna d’Arkdır!

Onun haqqında çoxlu sayda filmlərə baxmışıq və kitablar oxumuşuq. “Janna Dark”, “Janna Dark. Hakimiyyət və günahsızlıq”, “Janna Darkın prosesi” və s. filmlərin hamısına böyük maraqla baxmışam. Amma Lyuk Bessonun “Janna Dark”ını sözün əsil mənasında görməyə dəyər.

“Sizlər! Fransız krallığında heç bir haqqı olmayan ingilislər! Göylərin Tanrısı sizə mənim – bakirə Jannanın vasitəsilə səngərlərdən çıxmağı və öz ölkənizə qayıtmağı əmr edir. Əks təqdirdə elə bir müharibə başladacağam ki, dünya durduqca xatırlanacaq! Bu sizə üçüncü və axırıncı məktubumdur. Sizə bir də xəbərdarlıq etməyəcəyəm!”

Janna Dark (Bir döyüşdən öncə ingilis sərkərdəsinə yazdığı məktubdan)

Fransa möcüzə gözlərkən…

Janna Dark 1412-ci il yanvar ayının 6-da Fransanın şimal-şərqində Meze çayının kənarında yerləşən Domremi kəndində anadan olub. Lakin Papa X Piyin Məryəm ananın müqəddəs simalar sırasına aid edilməsi məsələsinə baxılan təntənəli iclasdan sonra qəbul etdiyi 6 yanvar 1904-cü il tarixli Dekretində həmin tarix 1408/1409-cu il 6 yanvar kimi göstərilib.

O, varlı kəndli ailəsində anadan olub (Bəzi mənbələr isə onun atasının müflisləşmiş zadəgan olduğunu bildirir). Atası əkinçiliklə məşğul olurdu. Jak Dark və İzabelin beş uşağı vardı. Ailənin üçüncü uşağı olan Jannanı o dövrdə həmyaşıdlarından fərqləndirən tək bir cəhət vardı: onun dinə böyük hörmət bəsləməsi və bu məsələdə özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi.

Janna adi bir uşaq olaraq qalsa, çəmənlikdə qoyunlarını otarsa, vaxtı gələndə evlənib çoxlu oğul-uşaq sahibi olsa və o dövrün əlverişsiz şəraitində gənc yaşda dünyadan köçüb getsə, siz nə onu tanıya, nə də bu sətirləri oxuya bilərdiniz. Fəqət elə olmadı. Janna qeyri-adi bir ömür sürdü. Bəli, çox gənc yaşda öldü, lakin onun ölümü adını ölkəsinin milli simvolu kimi tarixə yazdıqdan sonra gerçəkləşəcəkdi…

Onun uşaqlığının ilk illəri adi qaydada keçirdi. Çöldə atasının sürülərini otarır, anası ilə dini mövzularda söhbət edir və ona ev işlərində kömək edirdi. Hər şey təbii axarıyla gedirdi. Çox kiçik yaşlarından ürəyində olan Allah sevgisi, dinə qarşı olduqca həssas münasibəti sonralar onu tanıyanları “O özünü Tanrının və müqəddəs Məryəmin xidmətinə həsr etmişdi” söyləməyə vadar edəcəkdi.

Janna özünü heç vaxt “Janna Dark” deyə təqdim etməzdi. Uşaqlıqdan “Janetta” adlandırıldığını əsas gətirərək, “bakirə Janna” kimi çağırılmasına üstünlük verərdi.

Janna Darkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən 100 illik müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. Avropa qitəsinin yüzillik müharibənin pəncəsi altında inlədiyi, adamların qılınc səslərilə oyandıqları və üzlərini qanla yuduqları bir dövr idi...

Yüzillik müharibə 1337-ci ildə Fransa taxt-tacına iddiası olan ingilis kralı III Eduardın bu əraziyə hücumu ilə başladı. 1415-ci ilədək müharibə gah bu, gah da digər tərəfin üstünlüyü ilə davam etdi. Fransızlar məğlubiyyətə uğramışdılar, lakin onlar ölkənin böyük bir hissəsini əldə saxlamağa müvəffəq olur, hətta bəzi əraziləri geri ala bilirdilər. 1415-ci ildə fransızların vəziyyəti qəflətən pisləşdi: İngiltərədə daxili hərc-mərclik bitdi və hakimiyyətə yeni gəlmiş Lankasterlər sülaləsindən olan V Henrix həlledici həmlələr etdi. Fransanın daxilində də vəziyyət ağır idi: formal olaraq ölkəni zəif kral VI Karl idarə edir, müxtəlif sülalələr arasında isə əsl hakimiyyət uğrunda mübarizə gedirdi. 1415-ci ilin 25 oktyabrında Azenkur yaxınlığındakı döyüşdə fransız qoşunları darmadağın edildi. 1416-cı ildə Fransadakı Burqund hersoqu İoann ingilislərlə saziş bağladı. Çox keçmədən o, Parisin sahibinə çevrildi və zəif kral ilə arvadı İzabella Bavariyalının adından ölkəni idarə etməyə başladı. VI Karlın davamçısı Dofin Karl sanki möcüzə sayəsində ölkənin cənubuna qaça bildi.

1420-ci ildə Truada Dofin Karlın taxt-taca sahib olma hüququndan məhrum edilməsi barədə müqavilə imzalandı. VI Karl öldükdən sonra fransız şahzadəsi ilə nişanlanmış V Henrix, ondan sonra bu izdivacdan olan oğlu kral olmalı idi. Bu, Fransanın müstəqilliyinin ölüm fərmanı demək idi. 1422-ci ildə V Henrix anidən öldü və hər iki dövlətin kralı doqquzaylıq VI Henrix oldu. Azyaşlı kralı ingilis hersoqu Bedford əvəz edirdi. Fəqət Fransa taxt-tacının vəliəhdi VII Karl krallığı bir uşağa tapşırmaq istəmirdi. İngilislər Fransadakı dəstəkçiləri burqundların da köməyilə Fransa ərazisinin yarısını işğal etmişdilər. Vəliəhd VII Karl əyanları ilə birgə bir qəsrə sığınmışdı. O, tac qoymaq üçün Reymsə getmək istəyirdi, lakin Reyms ingilislərin əlində idi. Fransanın Orlean kimi böyük şəhərləri mühasirə altında qalmışdı. Xalqı yoxsul və taqətdən düşmüş, orduları dağılmış Fransa öz tarixinin ən qaranlıq dövrünü yaşayırdı.

İngilislərin bu məşhur zəfəri Fransanın əsilzadələrinin dağılmasına və ölkənin müdafiəsiz qalmasına səbəb olmuşdu. Fransada hakimiyyət uğrunda mübarizə, əsasən, dofinlərlə ingilislərin dəstəklədiyi burqundlar arasında gedirdi. Burqonlara məxsus dəstələr tez-tez Fransa kralına sadiqliyi ilə tanınan Domremi kəndinə hücum edərək əllərinə keçən adamları öldürür və evləri talayırdılar.

Belə bir qorxulu uşaqlıq dövrü yaşayan Janna müharibənin və məğlubiyyətin bütün ağrılarını öz üzərində hiss etmişdi. İngilis işğalını özünə dərd edərək yaşayan balaca qızcığaz kilsədə Allaha dualar edərək, yerlərin və göylərin sahibindən Fransanın xilası üçün yardım istəyirdi... Ölkəni bu durumdan ancaq bir möcüzə xilas edə bilərdi. Bu möcüzənin adı Janna Dark idi…

“Siz mənə ordu verin, mən sizə Fransanı verim!”

Janna Dark 12 yaşında olanda qarabasmalar görməyə başladı. Özünün dediyinə görə, Tanrı Həzrəti-İsanın həvariləri vasitəsilə onunla danışırdı. Bu qarabasmalar əsnasında o, parlaq bir işıq görürdü. Müqəddəs Yekaterina, Marqarita və Cəbrayıl da bu işığın şüaları altında görünürdü. Çox keçmədən Janna həmin müqəddəslərin səslərini eşitdiyini iddia etdi. Bu, normal bir hal sayıla bilməzdi. Nə olur-olsun, cavan qızın qeyri-adi bir durumla üzləşdiyi aydın idi. Bəs Janna Dark hamıdan gizlətdiyi bu qeyri-şüuri anlarda Tanrı ilə nə barədə “danışırdı”? Əlbəttə, Fransa barəsində! Özünün dediyinə görə, Tanrı ona tapşırmışdı ki, fransızları ingilislərin boyunduruğundan xilas etsin və vəliəhdin taxta çıxmasına kömək göstərsin. Tanrı bu missiyanın həyata keçirilməsini Darkın üzərinə qoymuşdu. Vaxt keçdikcə Janna dinə daha da həssas davranırdı. Hər gün tövbə edir və dinə sədaqəti ilə qocaman din xadimlərini belə heyrətləndirirdi.

Müqəddəslərin səslərini eşidəndə Jannanın 13 yaşı vardı. Janna Orleanı əsarətdən qurtarmalı, vəliəhdi taxta çıxararaq qəsbkarları krallıqdan qovmalı idı: “Janna, sən başqa yolla getməli olacaqsan. Çünki Göylərin padşahı səni kralın müdafiəsi üçün seçib”. Bu səslər artır və hər gün “Orleanın mühasirəsini qırmaq lazımdır, sən getməlisən”, - deyib dururdu. Janna onu dəlilikdə günahlandıranların yadına soydaşlarına yaxşı məlum olan qədim məsəli salırdı: “Fransanı qadın məhv edəcək, sonra bakirə qız xilas edəcək”. İş onda idi ki, bu qədim məsəlinin birinci hissəsi artıq çin olmuş – Bavariyalı İzabella əri fransız kralı VI Karlı məcbur etmişdi ki, oğlunu nikahdankənar elan etsin. Fransa kralsız qala bilərdi. Bakirə qız gəlməli və öz sözünü deməli idi! Və bu bakirə qız Jannadan bir başqası deyildi!

Dini həssaslığı onu ən cüzi günahlar işləməkdən xilas edirdi və onun bu hərəkətləri qarşısında, adətən, müəyyən günahlar işləməyi özlərinə ayıb hesab etməyən din xadimləri belə çaşbaş qalmışdı. Qarabasmalar zamanı Tanrı ilə görüşdüyünü söyləyən Janna bunu əvvəlcə gizli saxlayırdı. Lakin 1428-ci ildə, onun dediyinə görə, Tanrıdan bunu ətrafındakılara açıb danışmaq və ətrafına tərəfdarlar toplamaq barədə göstəriş aldı. O öz missiyasını həyata keçirməyə başlamalıydı. Janna savadsız idi, ancaq boynuna qoyulan müqəddəs missiya barəsində məktublar yazdıraraq, onları vəliəhd VII Karla göndərməyə başladı.

1429-cu ilin fevral ayında Domremi kəndi yaxınlığındakı Vokulyeredə yerləşən kral ordusunun kapitanı Roberu de Borikura müraciət edən Janna müqəddəs missiyası barədə ona bilgi verdi və kralla görüşmək arzusunda olduğunu söylədi. Borikur ona yardım etməyi qərara aldı və öncə Krala məktub yazaraq, ona məsələ barədə məlumat verdi. Bunun ardınca isə o, Jannaya kişi paltarı geyinməsini əmr etdi və onu bir neçə silahlı əsgərin müşayiəti ilə mühasirədə olan Orlean şəhərindən 150 kilometr məsafədə yerləşən Şinon qəsrinə - Kralın yanına göndərdi. 4 mart 1429-cu ildə Domremi və Şinon arasındakı burqundlara məxsus ərazini 11 günə qət edən Janna, nəhayət, Dofin Karlın qəsrinə yetişdi.

VII Karlın böyük bir lider olduğunu demək çətin idi. Ölkə selin ağzına düşən bir yarpaq kimi məchul istiqamətdə sürüklənib gedirdi. Fransa şəhərlərinin ingilislərin işğalı altında inlədiyi bir vaxtda ümidsizcəsinə çıxış yolu axtaran vəliəhd yaxın adamları ilə birgə bir qəsrə sığınmışdı. Fransanın ən böyük şəhərlərindən olan Orleanın da təslim olmağına az qalmışdı. O, nə edəcəyini bilmirdi. Kifayət qədər adam, silah və ərzaq yox idi.

O, ölkəni öz ardınca ingilislərin üzərinə apara biləcək bir lider deyildi. Fransa sonu bilinməyən bir istiqamətə sürüklənməkdəydi. Kralın ingilislərə qarşı savaşa girə biləcək güclü bir ordu təşkil etməsi üçün nə ərzağı, nə də silah-sursatı vardı. Belə bir vəziyyətdə özünü Janna Dark kimi təqdim edən cavan bir qızdan krala məktublar gəlməkdə idi… Məktubların birində yazılmışdı: “Mən Tanrının elçisi Janna dArkam. Siz mənə (mənim rəhbərliyim altına) ordu verin, mən də sizə Fransanı verim”. Öncə bu qızın dəli olduğunu fikirləşən vəliəhd, nəhayət: "Əgər bu gənc qız dediklərində səmimidirsə, onda o dindarlığı və Fransaya olan sevgisi ilə bütün Avropanı silkələyərək ayağa qaldıra bilər",- qənaətinə gəlmişdi.

Özünü Tanrı elçisi sanan qız nə etdi?

Nəhayət, Jannaya vəliəhdin hüzuruna çıxmaq üçün icazə verildi. Janna atını dördnala Karlın qəsrinə sürdü. Eyni vaxtda Karlın məşvərətçiləri və baş rahibi onu inandırmağa çalışırdılar ki, bu qız ingilislər tərəfindən tutulan bir sui-qəsdçi, yaxud Tanrı tərəfindən lənətlənən bir şeytan ola bilər. (Orta əsrlərdə minlərlə qadın cadugər damğası ilə tonqalda yandırılmışdı. Bu faktı nəzərə alsaq, Jannanın böyük bir riskə girdiyini başa düşmək asan olar.) Hər halda Karlın itirməli bir şeyi yox idi. Sözlərində səmimi olarsa, 17 yaşındakı bu kəndli qızı öz dindarlığı, sədaqəti və Fransaya məhəbbəti ilə kütlələri hərəkətə keçirmək üçün ideal bir örnək ola bilərdi. Bütün bunlara baxmayaraq, vəliəhd narahatlıq keçirirdi.

Qız vəliəhdi görməmişdi. Elə isə, onu yoxlamaq olardı. Janna, doğrudan da, Tanrının elçisi isə, deməli, adamların arasında əsl kralı tapa bilər. Karl sadiq adamlarından birini öz yerinə qoydu. Janna hüzura çıxdı. Adamların arasında dayanmış Karl maraqla onun hərəkətlərinə göz qoyurdu. Janna vəliəhdin yerinə keçən adamın üzünə uzun müddət baxdı, sonra titrək səslə belə dedi: “Siz yaxşı adama oxşayırsınız, amma kral deyilsiniz. Xahiş edirəm, icazə verin kralla danışım.” Hamı təəccüb içində qalmışdı. Heyrət nidaları ətrafı bürümüşdü. Janna o qədər adamın arasında gözlərini Karlın üzünə dikdi. Ona yaxınlaşdı və yalvaran baxışlarını üzündən çəkməyərək, qəsrə nə məqsədlə gəldiyini danışdı. Karl artıq Jannaya inanırdı. Fəqət ətrafdakılar tərəddüd keçirirdilər. Məşvərətçilərdən biri yenə özünü ortalığa atdı: “Qız deyir ki, guya bakirədi. Düz dediyini haradan bilək?”

Cavan qızın sınaqları qurtarmaq bilmirdi. Karlın yaxın köməkçilərinin və rahiblərin də iştirakı ilə keçirilən yoxlamada Jannanın bakirə olduğu təsdiq edildi. Fəqət bu dəfə din xadimləri Jannanın “müqəddəs missiyasını” şübhə altına aldılar. Ondan möcüzə göstərmək tələb edilirdi. Tanrı tərəfindən göndərilən bir adam möcüzə göstərməkdə çətinlik çəkməməli idi. Jannanın cavabı bütün şübhələrə son qoyacaqdı: “Fransızların qətl edildiyi bir vaxtda Tanrının xidmətkarları olduğunuzu iddia edən sizlər, məndən tələb edirsiniz ki, müxtəlif möcüzələr göstərim. Mən cavan bir qızam. Qılınc vurmağı belə bacarmıram. Bura gəlmək üçün tək başıma iki min beş yüz kilometrlik düşmən xəttindən keçmək məcburiyyətində qaldım. Bu, sizin üçün kifayət deyilmi? Mənə bir ordu verin, istədiyiniz möcüzəni sizə Orleanda göstərim!”

Karl hələ də tərəddüd edirdi. Lakin Janna at sürməsi, bilicilər arasında yayılmış kenten, halqa ilə oyun kimi silahla mükəmməl davranış tələb edən oyunları bacarması ilə VII Karlı və hersoq Alansonskini heyrətləndirdi. VI və VII Karlın katibi Alen Şartye bəraət prosesinin gedişində açıqladı: “Belə təəssürat yaranır ki, bu qızcığaz çöllərdə deyil, məktəbdə, elmi mühitdə tərbiyə alıb”.

Bakirəliyi sübut edilən Jannanı Puatyeyə - ilahiyyatçıların sorğu-sualına cavab verməyə göndərdilər. Kral keçmişini öyrənmək üçün onun vətəninə çaparlar yolladı. Onun adına ləkə gətirə biləcək heç bir dəlil ortaya çıxmadıqda Karl Jannaya qoşun verdi və onu komandan təyin etdi. İngilislərin son həmlələrini dəf edən əsas fransız hərbi rəhbərləri La Gir ləqəbli Etyen de Vinol, Poton de Sentrayl və qraf Dünua onun rəhbərliyi altında hərəkət etməli idilər. Onun qərargahının başçısı şahzadə Alansonski oldu. Karlın bu cəsarətli qərarı verməsində Jannanın Tanrının adından onun qanuni vəliəhdliyini təsdiq etməsi faktı əsas rol oynadı ki, bu da Karlın özü də daxil olmaqla, bütün şübhə edənlərə cavab idi. Dövrün ən yaxşı hərbçiləri Jannanın – 150 santimetrlik balaca qızın əmrinə verildi. Onun ölçüsündə yaraq-əsləhə olmadığından yeniləri hazırlandı. Kişi geyimi geyinmək üçün xüsusi komissiyanın icazəsi alınmalı oldu. Jannanın qılıncı isə onun əmri ilə Sent-Katrin-de-Fyerbua kilsəsindən tapılmışdı. Rəvayətə görə, həmin qılınc Böyük Karla məxsus idi.

Janna Dark Bluaya – qoşunun yerləşdiyi məntəqəyə yollandı və çox keçmədi ki, onun başçılığı altında qoşun Orleana doğru hərəkət etdi.O, bütün keşişləri yığıb qoşunun qarşısında gedərək antifonlar oxumağı xahiş edirdi. Jannanın Tanrı tərəfindən göndərildiyinə inananların sayı kəskin surətdə artmış, tərəddüdlər aradan qalxmışdı və bu hal fransız əsgərləri üçün böyük bir ruh yüksəkliyi demək idi. Tanrı tərəfindən göndərilən elçinin rəhbərlik etməsi xəbəri orduda ruh yüksəkliyi yaratdı. Ümidini itirmiş, sonsuz məğlubiyyətlərdən cana doymuş əsgərlər ruhlandılar və döyüşə cürətləndilər.

Aprelin 29-da Janna kiçik bir qoşunla Orlean şəhərinə girdi. Janna əlindən yerə qoymadığı döyüş bayrağı ilə xəndəkdən-xəndəyə tullanır, bürcdən-bürcə keçirdi. Bəzən ayağına, bəzən də çiyninə sancılan oxlar onu yolundan döndərə bilmirdi. Bunun döyüşən orduya nə qədər böyük bir ruh yüksəkliyi verdiyini heç kim inkar edə bilməzdi. Mayın 4-də onun ordusu Sen-Lu istehkamını ələ keçirərək, ilk qələbəni qazandı. Onlar bir-birinin ardınca qələbə qazanırdılar. Artıq mayın 7-dən 8-nə keçən gecə ingilislər şəhəri mühasirədən azad etmək məcburiyyətində qaldılar. Beləliklə, fransız hərbçilərinin mümkünsüz hesab etdikləri işi Janna Dark 4 gün ərzində həll etdi. Janna Darkla ünsiyyətdə olanların hamısı bu qızın qeyri-adi cazibəsindən danışırdı: “... Qız cazibəli görkəmə və kişi duruşuna malik idi. Az danışır, yeməyi, xüsusilə də şərabı çox sevirdi. Adam yığıncağını və söhbətləri xoşlamırdı. Gözəl atlarla və silahla çox maraqlanırdı. Silah gəzdirəndə ağırlıqdan əzab çəksə də, tərslik edib döyüşü udmayanadək yarağını çıxarmırdı. O bizimlə yol gedəndə meşədən quşlar çıxıb onun çiyninə qonurdu. Döyüş zamanı isə göyərçinlər onun yanından əl çəkmirdi”.

Orleanı aldıqdan sonra Jannaya “Orlean bakirəsi” adını verdilər. İndiyə qədər Fransada 8 may – Orleanın alındığı gün kimi bayram edilir.

Karlın qərarsızlığı və tərəddüdləri ona gətirib çıxardı ki, Janna ingilislərin tutduğu Luar qalalarına növbəti yürüşünü iyunun 9-u etdi. Onun rəhbərliyi altında ordu bu dəfə də çox çevik, həlledici və son dərəcə uğurlu həmlələr etdi. İyunun 11-i ordu ingilislərin Luarda möhkəm dayandığı əsas məntəqəyə - Jarjoya yaxınlaşdı və ertəsi gün Jarjonu ələ keçirdi. İyunun 15-i Janna Mön-sür-Luar, iyunun 16-sı Bojansi üzərinə yürüş etdi, artıq 18-i isə Pat yaxınlığında Talbot və Fastolfun rəhbərlik etdiyi ingilis qoşunları ilə həlledici döyüş baş verdi ki, bu da ingilislərin darmadağın edilməsi ilə nəticələndi. Qəzəbli Talbot əsir düşdü, Fastolf isə qaçdı. Luar əməliyyatı başa çatdı. Janna Darkın rəhbərliyi altındakı ordu Orlean, Pate və Truada zəfərlər qazanmağa başladı. Fransanın bir çox şəhəri ingilis işğalından azad edildi.

Maraqlı burasıdır ki, bütün bu döyüşlərdə Janna heç kimi öldürməmişdi! O öz inamına sadiq qalaraq şiddətdən və adam öldürməkdən çəkinir, hətta müharibə əsnasında düşmənləri olan ingilislərə qarşı lazımsız yerə həddən artıq şiddət göstərilməsinə də etiraz edirdi. Digər tərəfdən, Janna hər döyüşdən öncə düşmənlərinə qarşı “nəzakətli” olmağı yaddan çıxarmır və göndərdiyi məktublar vasitəsilə onlara geri çəkilmələri üçün xəbərdarlıq edirdi: “Geri çəkilməsəniz, bu gün burada çox qan töküləcək. Amma inanın ki, bu, bizim qanımız olmayacaq…”

Zəfərlər qazanıldıqdan sonra Janna kralın yanına getdi və onu fransız krallarının tacqoyma mərasimlərinin keçirildiyi ənənəvi yerə - Reymsə, kral “VII Karl” ünvanıyla tac qoymağa dəvət etdi. Yürüşdən əvvəl Janna kralı təcrübəli hərbçi Rişmonla barışdırdı ki, bu da onu xalqa daha da yaxınlaşdırdı. İyunun 29-u Reymsə qansız-qadasız yürüş oldu. Bütün şəhərlər öz qapılarını kral ordusuna bir-bir açırdı. İyulun 17-si kral Jannanın da iştirakı ilə Reyms kilsəsində təntənəli mərasimini keçirdi. Reyms məbədində keçirilən tacqoyma mərasiminə Janna da birgə döyüşdüyü sərkərdələrlə gəlmiş və mərasimdə fəxri qonaq kimi iştirak etmişdi. Bu, ölkədə milli ruhun oyanmasına səbəb oldu. Burqund hersoqu III Filip mərasimə gəlmədi. Elə həmin gün Janna ona barışığa çağıran bir məktub yazdı.

Beləliklə, Karl 17 iyul 1429-cu ildə keçirilən tacqoyma mərasimində çoxdan bəri həsrətində olduğu taxta təntənəli surətdə çıxdı. Müharibədə göstərdiyi əfsanəvi qəhrəmanlığa görə Janna Darka və onun ailəsinə zadəgan titulu verildi. Cavan qız döyüşçülərin də rəğbətini qazanmış və onların gözündə müqəddəslik mərtəbəsinə yüksəlmişdi.

Karl tacını başına qoysa da, Fransa hələlik sözün tam mənasında müstəqil deyildi. Jannanın komandanlığı altında payızadək bütün ərazilər geri qaytarılmışdı. Qarşıda bircə Paris qalırdı.

Paris ingilislərin əlində idi. Janna da gözünü Parisə dikmişdi. Tacqoyma mərasimindən sonra Janna kralı onlar üçün yaxşı olan vəziyyətdən istifadə edərək Parisə hücum etməyə və ingilisləri oradan çıxarmağa inandırmağa çalışdı. Fəqət taxta çıxandan sonra Karl bu məsələdə tərəddüd etməyə başladı. O, ingilisləri öz ölkəsindən müharibə ilə deyil, danışıqlarla çıxarmaq istəyirdi. Paytaxta hücum qərarı yalnız sentyabrda qəbul edildi, amma hücum çox tez bir zamanda dayandırıldı. Kral ordunun Luara çəkilməsi barədə fərman verdi, sentyabrın 21-də isə ordunu buraxdı. 1430-cu ilin yazında hərbi əməliyyatlar yenidən bərpa edildi, amma Parisi xilas etmək istəyən Janna daim saray əyanlarının maneələri, əngəlləri ilə rastlaşırdı. Mayda o, burqundlar tərəfindən mühasirəyə alınmış Kompyenə köməyə getdi, amma 23 mayda xəyanətkarlıq nəticəsində burqundlulara əsir düşür. (Şəhərə girəndən sonra geri çəkilməsi üçün nəzərdə tutulmuş körpünü kimsə qaldırmışdı). Taxtda oturmasına görə Jannaya minnətdarlıq hissi duymalı olan kral onu xilas etmək üçün heç barmağını da tərpətmədi. Burqundlular Jannanı 10 min qızıl livrəyə ingilislərə satdılar. 1430-cu ilin noyabr-dekabrında Janna Ruana gətirildi.

İngilislərə qan udduran bu kəndli qızı, nəhayət, onların əlində idi. İngilislər Janna Darkın məhkəməsini böyük bir mərasimə çevirmək və bununla fransızlara göz dağı vermək istəyirdilər.

Proses 1431-ci il fevralın 21-i başladı. Rəsmi olaraq Jannanı küfr etdiyinə görə kilsə ittiham etsə də, o, həbsxanada hərbi məhkum kimi saxlanırdı. Prosesə Fransada ingilis maraqlarının müdafiəçisi yepiskop Pyer Koşon rəhbərlik edirdi.

Jannanı cadugərlikdə və kişi paltarı geydiyinə görə kafir olmaqda təqsirləndirirdilər. Halbuki, bir qızın əmri altında döyüşmək sərkərdələrin xoşuna gəlmədiyi üçün Janna Dark saçlarını kəsdirmək və zirehli paltar geymək məcburiyyətində qalmışdı. Kişi hərəkətləri etmək o dövrdə Avropada qadınların “kafir” elan edilməsi üçün kifayət idi. Əslində isə bütün bu iddialar və məhkəmə prosesi saxta bir oyundan və ingilislərin öz gücünü nümayiş etdirməsindən başqa bir şey deyildi. Bütün bu oyunun başında dayanan isə ingilislərin Fransadakı sadiq adamı, fransız milli kimliyini canlandırdığı üçün Janna Darka böyük nifrət bəsləyən yepiskop Pyer Kuşon idi. O öz mövqeyini qoruyub saxlamaq məqsədilə savadsız Jannaya özünün kafir olduğunu etiraf edən bir sənəd imzalatmaqdan da çəkinməmişdi. Beləliklə, Janna ömürlük həbs cəzasına məhkum edildi və həbsxanada ona təzyiq göstərilməyə başlandı. Bir tərəfdən Jannanın bakirə olduğuna inanırdılarsa, digər tərəfdən onun Rober de Armuaz ilə izdivaca daxil olduğunu da iddia edirdilər. Ancaq bu iddianı təsdiqləyən hər hansı bir dəlil mövcud deyildi.

Cadugər, yoxsa müqəddəs?

Məhkəmə ilə bağlı bütün xərcləri ingilislər ödəsə də, cadugərlikdə ittiham edən hakimlər fransız idi. Tribunalın 150 üzvünün qarşısında davam gətirən bu gənc qıza verilən ittihamnamə 70 müddəadan ibarət idi. Məhkəmədə Janna sualları çox mətanətlə cavablandırır, İblislə əlaqələri və küfr hərəkətlər haqqında bütün cəfəngiyyatları heç yaxına da buraxmırdı. Son variantda 12 ittiham maddəsi vardı. Əsas müddəalar qeybdən səs eşitmək, kişi paltarı geyinmək, pəri ağacı, kralı yoldan çıxarma və kilsəyə tabe olmama kimi ittihamlardan ibarət idi. Həm də sübut olunmalı idi ki, Jannanın eşitdiyi səslər İblisin səsi idi. İnkvizisiya Jannanın bakirəliyini yoxlamışdı ki, bəlkə İblislə cinsi əlaqələrini sübuta yetirə bilsin.

Fransız din xadimlərinin Jannanı ömürlük həbs cəzasına məhkum etməsi ingilisləri bir o qədər də razı salmamışdı. Onlar, necə olursa-olsun, Jannanın aradan götürülməsini istəyirdilər. Çox yaxşı anlayırdılar ki, Janna günahını etiraf eləməsə, onun əzabkeş obrazını yaratmış olacaqdılar. Jannaya başqa mətn oxuyub tamam başqa bir kağıza qol çəkməyə razı sala bilirlər. Kişi paltarından rəsmi imtina edəndən sonra Janna yenidən onu geyməyə məcbur olur. Çünki onun qadın paltarını gizlətmişdilər. Kilsə məhkəməsi Jannanın kafirlikdən əl çəkmədiyini bildirdi və bunu kilsəyə təhqir və küfr kimi qiymətləndirib, qızı birbaş tonqala göndərir... İngilislərin planı baş tutmuşdu. İndi onlar bütün xristian aləminə elan edə bilərdilər ki, fransız kralı taxta cadugərin əli ilə çıxıb.

Janna Dark 30 mart 1431-ci ildə Ruan meydanında bir dirəyə bağlanaraq yandırıldı.

Ruan şəhərinin Köhnə Bazar meydanında tonqal yanmağa hazır idi. Jannanın başına qoyulmuş kağız mitrada (kafirləri tonqala aparanda gülünc vəziyyətə salmaq üçün qoyulan xüsusi papaq) yazılmışdı: “Özünü “Orlean qızı” adlandıran, cadugər, İblisin qulu, kafir, mürtəd, bütpərəst”.

Janna: “Yepiskop, mən sizə görə ölümə gedirəm. Sizi Allahın məhkəməsinə çağırıram!”, - deyərək, tonqal başından çığırırdı. Janna ona xaç verilməsini son arzu kimi dilinə gətirəndə ona bir-birinə bağlanmış iki çubuq verdilər. Alov onu bürüyəndə bir neçə dəfə “İsus!” deyə çağırırmış. Bu mənzərəyə baxanların hamısı ağlayırdı... Tezliklə ona çatan alov bir andaca paltarını yandırdığına görə hamı onu çılpaq gördü. Adamlar onun yanmasına doyunca baxandan sonra cəllad odunu artırdı ki, bədən tam külə çevrilsin.

Hər şey bitəndən sonra cəllad külün içində Jannanın yanmamış ürəyini tapır. Bir neçə dəfə odun yığıb ürəyi bir də yandırmağa cəhd etsə də, istəyinə çata bilmir. Axırda 19 yaşlı qızın ürəyini ( cəmi bir neçə saat öncəyədək öz xalqı, Vətəni üçün vuran ürəyini) incitməkdən bezib külü ilə birgə Sena çayı üzərinə səpələyir... Rəvayətə görə, Jannanın edamına tamaşa etməyə on min nəfər toplaşmışdı.

Jannanın öz həyatını həsr etdiyi zalım kral isə onu taxta çıxaran bu qeyri-adi qız diri-diri yandırılarkən barmağını belə tərpətməmişdi. …Orleandan tonqala aparan triumfal marş bitmişdi. Bitmişdimi?!

Janna Darkın məhkəməsi və edamı ingilisləri onun vurduğu zərbədən xilas olmağa kömək etmədi, onlar özlərinə gələ bilmədilər. 1431-ci ilin dekabrında qraf Uorik gec də olsa, Karlın Reymsdə tacqoyma mərasiminin ölkəyə təsirini anlayaraq, VI Henrixin Parisin Müqəddəs Məryəm kilsəsində mirosürtmə mərasimini təşkil etdi. Növbəti il Dünua Şartrı tutdu, kralla barışan Rişmon isə onun əsas müşaviri oldu. 1435-ci ildə Bedford və İzabella Bavarskaya vəfat etdi.

Həmin ilin sentyabrında mühüm bir hadisə baş verdi: Fransa və Burqundiya arasında barışıq əldə edildi və onlar ingilislərə qarşı Arras müqaviləsini imzaladılar. Növbəti il Rişmon öz qoşunu ilə Parisə girdi. Kral sarayındakı iğtişaşlar nəticəsində fransızların həlledici həmləsi bir neçə il gecikdi. 1449-cu ildə fransızlar Normandiyaya hücuma başladılar. Hücum 1450-ci ilin 15 aprelində Formin döyüşündəki qələbə ilə başa çatdı. Normandiya fransızların əlinə keçdi. 1453-cü ildə fransızlar Bordonu tutdular, bu, Yüzillik müharibənin sonu oldu.

Jannanın ölümündən 26 il sonra ingilislər, nəhayət, Fransadan qovuldular və Fransa məhkəməsi 1456-cı ildə ona (qiyabi mühakimədə) bəraət qazandırdı. 25 ildən sonra Jannanın məhkəməsinin sənədləri yenidən qaldırılır, 115 şahid, anası və dostları bir daha dindirilərək, əvvəlki məhkəmənin qərarının haqsız olduğu elan edildi və Jannaya bəraət qazandırıldı. Bundan yüz illər sonra – 1870-ci ildə fransız ordusu Prussiya ordusu qarşısında məğlub olanda (Fransada yenə də milli bir simvol axtarışı başlanarkən) Janna Dark əfsanəsi təzədən canlandırılacaq, mələk yenidən zühur edəcəkdi! Bu olaydan 50 il sonra – 1920 ildə katolik kilsəsi Janna Darkı müqəddəslər sırasına daxil edəcəkdi! 1909-cu ildə X Papa Piy Jannanı müqəddəs elan etdi, 16 may 1920-ci ildə XV Papa Benedikt 30 may gününü Janna Darkın xatirə günü kimi rəsmiləşdirdi. Dövrümüzə qədər Fransadakı bütün katolik kilsələrində müqəddəs Janna Darkın heykəli qoyulub. Bu abidələrdə o, əlində qılınc və kişi qiyafəsində canlandırılıb. Və 1979-cu ildən başlayaraq, hər il mayın 2-ci bazar günü Fransada Janna Dark günü kimi qeyd ediləcəkdi! Tarixləşən Janna Dark adı həm də təqvimləşəcəkdi!

Həqiqətmi, əfsanəmi?

Buraya qədər nəql edilənlər Janna Dark haqqındakı rəvayətlərin həqiqət olduğuna inananların nəsildən-nəslə ötürdüyü hekayətlər idi. Lakin məsələnin bir də başqa tərəfi var: bəzi adamlar əsrlərdir danışılan Janna Dark hekayətlərinin ancaq bir əfsanədən ibarət olduğu qənaətindədir. Milli dövlətləşmə prosesini keçirən başqa ölkələrdə də xalqın birliyini vurğulayan buna oxşar onlarla əhvalat, hekayət mövcud olub. Fransız jurnalistləri Marsel Qey və Rocer Sanziq belə bir iddia ilə çıxış etmişdilər. Onlar Janna Dark mövzusunu təxminən on il tədqiq edəndən sonra qələmə aldıqları “Janna Dark əhvalatı” adlı əsərdə əsrlər boyu Fransanın simvolu olan və ölkəni xilas etmək üçün Tanrı tərəfindən göndərildiyinə inanılan gözəl kəndli qızı Janna Dark haqqındakı hekayətlərin ingilislər qarşısında çətin vəziyyətdə qalan fransız hakim dairələri tərəfindən uydurulması və xalqa ruh yüksəkliyi bəxş etmək məqsədilə “psixoloji bir silah” kimi işlədildiyi fikrini irəli sürürlər.

Qəhrəmanın adının əslində “Janna Dark” yox, “Orleanlı Janna” olduğunu iddia edən tədqiqatçılar Jannadan qalan 19 məktubdan 5-ni tədqiq etmiş və onların heç birində “Dark” adının keçmədiyini aşkara çıxarmışdılar. Bu məktublardan üçündə qızın şəxsi imzası qalmaqdadır. Tədqiqatçılar bununla da kifayətlənməyərək, cavan qızın sadə bir çoban olmadığını irəli sürüblər. Janna məhkəmədə “heç vaxt qoyun və ya başqa bir heyvan güdmədiyini” demişdi. Digər tərəfdən o, yaxşı at minir və zadəganların danışdığı şivə ilə danışırdı.

Tədqiqatçılar qəhrəmanın ölüm tarixi barəsində də rəsmi tarixdən fərqli bir iddia ilə çıxış edirlər. 1431-ci ildə öldürüldüyü bəlli olan Jannanın o tarixdən sonra Fransanın Mets, Belçikanın Arlon, Almaniyanın Köln və hətta 1436-cı ildə Fransanın Orlean şəhərlərində görüldüyü barəsində yüzlərlə dəlilin varlığını nəzərə çatdıran tədqiqatçılar Janna Dark əhvalatının bir manipulyasiya faktından ibarət olduğu nəticəsini çıxarırlar. “XV yüzildə də eynən bu gün olduğu kimi ictimai rəyi idarə edirdilər. Bu, gizli bir diplomatiya idi. Əfsanə gözəldir, ancaq həqiqət daha da gözəldir” – deyən Marsel Qey ingilislər qarşısında çətin vəziyyətdə qalan fransız saray xadimlərinin əsl adı “Orleanlı Janna” olan vətənpərvər qızdan bir “Janna Dark” əfsanəsi meydana gətirdiklərini və artıq dediyimiz kimi, bundan psixoloji silah kimi istifadə etdiklərini irəli sürür.

Janna fransız şahzadəsidirmi?

Başqa bir rəvayətə görə, Janna d’Ark kəndli qızı deyil, kraliça İzabellanın nikahdankənar qızıdır. Bu əfsanə sadə kəndli qızının kralı belə asanlıqla inandırmasını izah edə bilir. Axı, Janna ona təklikdə nəsə deyəndən sonra kral ona inanmağa başlayır. Jannanın siyasi hadisələrdən xəbərdar olması, nizə atmağı bacarması (o vaxtlar cəngavər rütbəsinə layiq olan zadəganlar nizə atmağı bilərdi), əyalət ləhcəsi olmadan təmiz fransızca danışması, padşahlarla çox asan ünsiyyətə girməsi də həmin fərziyyəni izah edirdi. Janna heç bir yerdə öz soyadını çəkmir və öz valideynlərini kənddən çıxan kimi sanki unudub, heç yada da salmırdı. Jannanın ginekoloji müayinəsində sarayın ən rütbəli xanımlarının iştirak etməsi də bu fikri təsdiqləyir. Yoxsa, sadə kəndli qızı üçün bu çox böyük şərəf olardı. Domremi kəndində gizlədilmiş bu kral uşağı gərəkən anda ortaya çıxıb Orleanı azad etməli, qardaşını taxta çıxarmalı və ingilisləri darmadağın etməli idi. Bu, siyasi addıma daha çox bənzəyir. Məhkəmənin sənədlərindən aydın olur ki, inkvizisiyanın ən dəhşətli dövrlərində Jannaya qarşı işgəncə tətbiq edilməyib. Minlərlə adamı sorğu-sualsız yandıran inkvizisiyanın belə davranışını siyasi sifarişi həyata keçirməsilə izah etmək olar. Ola bilər ki, tonqalda yanmaqdan onu elə ögey qardaşı VII Karl özü xilas edib, əvəzinə başqa qadını yandırıblar.

Ancaq bir şey məlumdur: bunlar əfsanə də olsa, gerçək də olsa, yaraşan adama ünvanlanır və yaxud o adama yaraşdırılır ki, o bu “yaraşıqlar”dan sonra da “ayaqda qala bilsin”, şöhrəti kölgələnməsin!

O öldü, arzusu ölmədi!

Bu tarixdən etibarən Fransanın müqəddəs hamisi kimi qəbul edilən və 19 illik ömrünə böyük bir din sədaqətini, fədakarlıq və cəsarəti sığdırmağa nail olan Janna Dark (haqqında deyilənlərin hamısının əfsanə və ya həqiqət olması bir tərəfə qalsın) Fransanın əsas simvollarından biri olaraq qalır. Necə deyərlər, bəzən əfsanə gerçəyə dönür, bəzən gerçək əfsanəyə…

Janna Darkla əlaqədar məhkəmə sənədləri hal-hazırda Fransa Milli Kitabxanasında qorunub saxlanmaqdadır.

Orleanlı qız haqqında onlarla ədəbi-bədii əsər yaradılıb, filmlər ("Janna Darkın iztirabları" (Dreyer), ”Janna Dark” (Fleminq, Berqman), “Janna Dark” (Lyuk Besson), “Janna Dark” (Kanada), “Ağ qarğa”(rok-opera)”, “Qadın döyüşçülər”) çəkilib. Məşhur ingilis dramaturqu Corc Bernard Şou “Müqəddəs Janna” adlı pyesinə görə 1925-ci ildə Nobel mükafatına layiq görülüb. Cüzeppe Verdi “Janna Dark”, Çaykovski “Orlean bakirəsi” operalarını yazıblar. 1965-ci ildə Azərbaycan Dövlət Dram Teatrında "Orlean qızı" (F. Şiller) pyesi tamaşaya qoyulub.

***

Janna Dark – əfsanələşən gerçək, gerçəkləşən əfsanə bu gün də yaşayır.

Hər xalqın öz Janna Darkı (yaxud ona ümidi) var.

Heç bir xalq Janna Darkı doğuracaq şəraitdən sığortalanmayıb.

Əgər əfsanədə həqiqət payı varsa, onun ürəyi yanmayıbsa, bu, onun məhz “yanar ürək” sahibi olduğunu təsdiq edir. Məhz yanar ürəkləri məhv etmək olmur!

Janna Dark – Fransanın üz ağlığı, Fransanın bakirəliyi! Bəlkə o, zamanında Parisi də azad etmiş olsaydı, Paris bu gün bakirə Janna Darkı kimi (onun “təyin”i, yaxud “sifət”i kimi!) ün qazanardı!

Janna Dark var idisə, yoxdu, yox idisə də var!

Janna Dark! Əfsanələşən gerçək, gerçəkləşən əfsanə!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2225

Oxşar yazılar