Kral dəyişsə, siyasət də dəyişəcək...
22 noyabr 2010 12:42 (UTC +04:00)

Kral dəyişsə, siyasət də dəyişəcək...

Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, monarxın onurğasında qan trombu əmələ gəlib və bu tıxac həmin nahiyədə ağırların yaranmasına səbəb olub. Bazar günü saraydan yayılan açıqlamaya görə, şeyx Abdulla «müalicə olunmaq» üçün ABŞ-a səfər edib.

Bölgədə Qərbin ən yaxın müttəfiqi, İsrail və İranın «xoşlamadığı» Səudiyyə Ərəbistanı ilə bağlı ötən gün yayılmış başqa xəbərdə isə bildirilib ki, monarx Abdulla ölkənin ən vacib hərbi qurumlarından birinə - Milli Qvardiyaya komandanlıqdan əl çəkib. O, bu posta şahzadə Mitaba bin Abdullanı təyin edib.

Monarx Qvardiyaya 1962-ci ildən başçılıq edirdi. Bu hərbi qurum Səudiyyə ordusu ilə tarazlıq yaradır. Abdulla kral olmazdan öncə qvardiya onun gücünün ilkin mənbəyi sayılırdı. Bu hərbi birləşmədə 260 min nəfər qulluq edir. Milli Qvardiya başqa işlərlə yanaşı, kral ailəsini, sarayları, şahzadələri qoruyur.

Kralın xəstəliyi Səudiyyə Ərəbistanını beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çıxaracaq. Çünki son aylar səudilərin ABŞ-dan 80 milyard dollarlıq silah və hərbi texnika alacağı barədə xəbərlər yayılıb. Yaxın günlərdə isə Amerika Konqresinin bu ölkəyə 60 milyard dollarlıq silah satışına dair sazişi təsdiqləyəcəyi gözlənilir.

Səudiyyə Ərəbistanında gözlənilən kral dəyişikliyi İsrailə münasibətdə, eləcə də Yaxın Şərqdə yeni siyasi xəttin yürüdülməsi ilə müşahidə oluna bilər. Xatırladaq ki, İordaniya monarxı mərhum kral Hüseyndən sonra hakimiyyət gəlmiş ikinci Abdulla atasında qalma xarici siyasətdə dəyişiklik etdi. Hətta onu bir sıra şərhçilər «islahatçı kral» da adlandırırdılar.

Bu baxımdan, Səudiyyə Ərəbistanında monarx dəyişikliyi gerçəkləşərsə, o zaman ölkənin İrana münasibətdə daha sərt siyasət yürüdəcəyi istisna edilmir.

Saraya yaxın olanların və müxaliflərin çıxışlarından da bunu hiss etmək mümkündür. Bir müddət öncə səudiyyə şahzadəsi, ölkənin ABŞ və Britaniyadakı keçmiş səfiri, hazırda Kral Faysal adına İslam araşdırma mərkəzinə başçılıq edən Türk əl-Faysal bildirmişdi ki, ərəb dövlətləri arasında birliyin olmaması İranın «əlinə oynayır» və bu ölkə yavaş-yavaş Yaxın Şərqdə öz təsirini gücləndirir. Şahzadənin fikrincə, ərəb dövlətləri birliyinin güclənməsində Misir və Suriya (bu ərəb ölkəsi hələ də İranın təsir dairəsindədir) fəal iştirak etməlidir.

Səudiyyə Ərəbistanının islahatçı dairələrinin təmsilçisi doktor Möhsün əl-Auaci Almaniyanın «Der Spiegel» nəşrinə müsahibəsində bildirib ki, İslam Respublikasının atom-nüvə proqramının həllində başqa yol olmazsa, İsrail «İranın nüvə obyektlərini bombalamalıdır».

Onun sözlərinə görə, İsrail məsələsi öz sərhədi daxilindədirsə, «İran problemi ümumdünya xarakterlidir».

Düzdür, sonradan doktor Möhsün əl-Auaci dediklərini təkzib edib. Bunu da təbii qəbul etmək olar, çünki o, Səudiyyə Ərəbistanındakı hakimiyyəti tənqid etdiyinə görə iki dəfə həbs olunub...

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar