19:29
12 Oktyabr 2020

“Gəncəyə raket zərbəsi hərbi cinayətdir” - İqor Korotçenko

“Gəncədəki vəhşi hərbi cinayəti araşdırmaq üçün beynəlxalq istintaq qrupu yaradılmalıdır”

“Gəncəyə raket hücumu Ermənistan ərazisindən “Toçka-U” operativ-taktiki raket kompleksindən istifadə olunmaqla həyata keçirilib. Bu cür raket zərbəsinin endirilməsi üçün ölkənin hərbi-siyasi rəhbərliyinin sanksiyası lazımdır”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert, ehtiyatda olan polkovnik İqor Korotçenko bildirib.

“Gəncəyə raket zərbəsi hərbi cinayətdir”

O, Gəncəyə raket zərbəsinin Ermənistan rəhbərliyinin qərarı ilə həyata keçirildiyini söyləyib: “Yəni ki, bu sanksiyanı ya Paşinyan, ya da müdafiə naziri Tonayan verə bilər. Əgər onlar bu sanksiyanı verməyiblərsə, onda sual olunur, Paşinyan və Tonayan Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətə nəzərət edirlərmi? Məsələ ondadır ki, bu cür raket zərbəsi endirmək üçün uçuş tapşırığı tərtib etmək tələb olunur, haradakı vurulan hədəfin koordinatları dəqiq göstərilir. Bundan sonra isə uçuş tapşırığı raket döyüş başlıqlarının rəqəmsal görünüşü ilə aparılır və raketin buraxılması həyata keçirilir. Yəni ki, bu, döyüş meydanı silahı deyil. Bəli, tərəflər, Azərbaycan və Ermənistan orduları müharibə meydanında döyüş fəaliyyəti aparırlar. Artileriya, tank və reaktiv yaylım atəşi sistemlərinin tətbiq edilməsi haqqında qərarları hərbi komandanlıq yerlərdə verir. Yəni, hərbi hissələrin bölmələrinə rəhbərlik edənlər bu qərarları yerində verir. Raket silahının tətbiqi isə, bir daha qeyd edirəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin sanksiyasıdır. Belə olan halda, bu, hərbi cinayətdir. Beynəlxalq hüquq normaları nöqteyi-nəzərindən və raket zərbələrinin atəşkəs sazişi imzalanandan sonra, həm də gecə vaxtı həyata keçirilməsi baxımından bu hərbi cinayətdir”.

“Bu, İrəvanın əvvəlcədən düşünülmüş hərbi-siyasi təxribatı idi”

İ.Korotçenko Ermənistanın Gəncə təxribatının bir məqsədi olduğunu vurğulayıb: “Məqsəd Azərbaycanı Ermənistan ərazisində cavab zərbəsi endirməyə təxribata çəkməkdir. Belə olan olan halda Ermənistan KTMT-yə müraciət edib, özünü təcavüzün qurbanı kimi qələmə verə bilərdi.

Hesab edirəm ki, bu, İrəvanın əvvəlcədən düşünülmüş hərbi siyasi təxribatı idi. Ona görə ki, bir daha qeyd edirəm, cəbhə xəttindən uzaq məsafədə yerləşən şəhərə raket zərbəsi endirmək düşünülmüş siyasi qərardır. Məsələ Ermənistanda bu qərarı kimin qəbul etməsidir. Bunu araşdırmaq lazımdır. Bunun üçün beynəlxalq istintaq lazımdır. Beynəlxalq istintaq qrupunun yaradılması lazımdır. Ona görə ki, bu, bütün aspektlərdə vəhşi hərbi cinayətdir, Cenevrə konvensiyasının pozulmasıdır və ən əsası da atəşkəsin yekununu tormozlamaq cəhdidir”.

“Moskvada əldə olunan atəşkəs heç nəyi həll etmir”

Rusiyalı ekspert oktyabrın 9-10-da Moskvada Qarabağ danışıqlarının yekunları ilə bağlı əldə olunan razılaşmaya da münasibət bildirib: ”Məncə, atəşkəsin özü heç nəyi həll etmir. Əgər atəşkəsin ardınca Ermənistan qoşunlarının işğal altındakı Azərbaycan ərazilərındən çıxarılması qrafiki ilə bağlı sənəd qəbul olunmasa, müharibə davam edəcək. Yeni status-kvonu qeydə almaq mümkün deyil. Yeni döyüş təmas xəttini qeydə almaq mümkün deyil. Azərbaycan beynəlxalq hüququn normaları çərçivəsində, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən qətnamələri əsasında hərəkət edir. Hərbi əməliyyatlar Azərbaycan ərazisində aparılıb. İşğal altındakı Dağlıq Qarabağa Ermənistanın hərbi-siyasi rəhbərliyi gəlib. Ona görə də bu, Ermənistanın Azərbaycana qarşı Azərbaycan ərazisində müharibəsidir. Əgər Ermənistan işğal altındakı ərazilərdən qoşunlaırını çıxarmasa, sülhə ümid etmək çətin olacaq. Təəssüflər olsun ki, yeni müharibə olacaq”.

Dİgər xəbərlər