18:46
05 Oktyabr 2020

"Bu, növbəti təxribatdır və Ermənistan buna müvəffəq olmayacaq" - Prezident

"Fürsətdən istifadə edərək, bizim digər dost-qardaş ölkələrə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyədən sonra bizə ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi. Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə təbii ki, onların həmrəyliyi, dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir".

APA xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində söyləyib.

Bu mövzuda söhbətini davam etdirən dövlətimizin başçısı deyib: “Rusiya bizim qonşumuzdur. Rusiya ilə münasibətlərimiz uğurla inkişaf edir. Bu gün bir çox sahələrdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Hər iki ölkə bu münasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi yanaşır və bu, birgə imzalanmış müqavilələrdə də öz təsdiqini tapır. Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır. Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil. Halbuki Ermənistan buna çox ümid edirdi. Ermənistanın bu toqquşmanı bölgənin xaricinə çıxarmaq məqsədi də Rusiyanı buraya cəlb etməkdir. Ermənistan Azərbaycana hazırda Ermənistan ərazisindən niyə hücum edir? Məhz ona görə ki, biz də hücum edək, o da Rusiya ilə, başqa ölkələrlə birgə iştirak etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin baş katibliyinə müraciət etsin və desin ki, Azərbaycan bizə hücum edir, gəlin bizə yardım edin”.

Prezident İlham Əliyev qeyd edib ki, iyul ayında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatın hədəflərindən biri bu idi ki, biz də hücum edək və dövlət sərhədini keçək. İstəyirdilər ki, Kollektiv Təhlükəsizlik Təşkilatını, Rusiyanı bu işlərə cəlb etsinlər. Bu, növbəti təxribatdır və Ermənistan buna müvəffəq olmayacaq.

Dİgər xəbərlər