Yaponiyanın Nissan şirkəti Avropa şəhərləri üçün hazırladığı yeni A seqmentli elektrikli şəhər avtomobili “Pixo”nu təqdim edib.
Lent.az xəbər verir ki, “Renault” ilə birgə hazırlanan və “Twingo” platformasına əsaslanan avtomobil Sloveniyanın Novo Mesto zavodunda istehsal olunacaq.
“Pixo” 27,5 kVt/saat tutumlu LFP batareya ilə təchiz edilib və 259 kilometrədək yürüş məsafəsi təklif edir. Təxminən 80 at gücünə malik elektrik mühərriki olan avtomobil 50 kVt-lıq sürətli şarjla batareyanı 15 faizdən 80 faizə 28 dəqiqəyə doldura bilir.
Avtomobildə “Google Gemini” süni intellekti, səsli idarəetmə və marşrut planlaşdırma funksiyaları da mövcuddur. Təxminən 3,8 metr uzunluğunda olan “Pixo”nun arxa oturacaqları qatlandıqda baqaj həcmi 1 221 litrə çatır.
Modelin rəsmi satış qiyməti dekabrda açıqlanacaq, ilk avtomobillərin 2027-ci ilin əvvəlində müştərilərə çatdırılması planlaşdırılır. “Pixo”nun qiymətinin təxminən 20 min avrodan başlayan “Renault Twingo” ilə oxşar olması gözlənilir.