İngiltərədə 11-24 yaş arasında 4 mindən çox gəncin iştirakı ilə aparılan araşdırma onların süni intellektdən geniş istifadə etdiyini üzə çıxarıb.
Lent.az xəbər verir ki, araşdırmaya görə, iştirakçıların 87 faizi süni intellekt alətlərindən aktiv istifadə edir, 47 faizi isə məlumatın doğruluğunu yoxlayarkən insandan daha çox süni intellektə müraciət etməyə üstünlük verir.
Araşdırmada orta məktəb şagirdlərinin 63 faizinin ev tapşırıqlarında, 77 faizinin isə başa düşməkdə çətinlik çəkdiyi mövzuları öyrənmək üçün süni intellektdən istifadə etdiyi müəyyənləşib. İştirakçıların 42 faizi isə süni intellektin məktəb təhsilinin əhəmiyyətini azaltdığını düşünür.
Araşdırmanın müəllifləri İngiltərədəki məktəb və universitetlərin gənclərin süni intellektdən istifadəsinə lazımi səviyyədə uyğunlaşmadığını bildiriblər.
İştirakçıların 10 faizindən azı təhsil müəssisələrinin onları süni intellektin mühüm rol oynayacağı gələcəyə kifayət qədər hazırladığını düşünür.
Hesabatda hökumətə təhsil sahəsində süni intellektlə bağlı 10 maddəlik fəaliyyət planının hazırlanması təklif olunub. Təkliflər arasında Təhsil Nazirliyində xüsusi süni intellekt bölməsinin yaradılması və 100 məktəbi əhatə edən milli süni intellekt şəbəkəsinin qurulması da var.