Məşhur fransalı aktyor Jerar Depardye Fransada vergi məsələləri ilə bağlı araşdırmanın mərkəzinə düşüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Maliyyə Prokurorluğu aktyorun vergi rezidentliyi ilə bağlı yoxlamaya başlayıb.
Məlumata görə, 2013-cü ildə Rusiya vətəndaşlığı alan Depardye Fransadakı şərabçılıq biznesinin idarə olunmasının bir hissəsini Belçika yurisdiksiyasına keçirib. Söhbət aktyorun 1989-cu ildə aldığı Anju bölgəsindəki Çateau de Tiqne malikanəsi və şərabçılıq təsərrüfatından gedir. Hazırda həmin bizneslə əlaqəli şirkətin 98,75 faizi Belçikanın “HOLDING 2712” şirkətinin nəzarətindədir.
Araşdırmaçılar Depardyenin rəsmi olaraq Belçika sakini kimi qeydiyyatda olduğu halda, faktiki olaraq Fransada biznes fəaliyyətini davam etdirib-etdirmədiyini müəyyənləşdirməyə çalışırlar.
Bildirilir ki, aktyor 2014-cü ildə ümumi dəyəri təxminən 12,3 milyon avro olan doqquz Fransa şirkətindəki paylarını Belçika holdinqinə ötürüb. Bu paketə malikanəni idarə edən şirkətin demək olar ki, bütün payları da daxil olub.
2026-cı ilin iyuluna olan məlumata əsasən, Belçika şirkəti şərabçılıq müəssisəsinin 80 payından 79-na nəzarət edib. Təxminən 85 hektarlıq üzüm bağları isə aktyorla əlaqəli Fransa şirkətlərinin balansında qalıb.
Mənbənin hesablamasına görə, bu sxem Depardyenin 2015-2017-ci illərdə Fransada əmlak vergisi üzrə təxminən 550 min avroya qənaət etməsinə imkan vermiş ola bilər. Hazırda bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.