“Musavat” partiyasının Ali Məclisinin sədri Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs olunub.
Lent.az musavat.com-a istinadla xəbər verir ki, onun oğlu Orxan və gəlini Yaqut Hacılılar ABŞ-da yaşayış icazəsi almaq üçün dövlət qurumlarına saxta sənəd təqdim etməkdə ittiham olunurlar.
Məlumata əsasən, Orxan və Yaqut Hacılıların sənəd təqdim etməsindən sonra miqrasiya qurumu araşdırma aparıb. Nəticədə sənədin saxtalığı və real vəziyyətin başqa olduğu ortaya çıxıb. Bundan sonra onlar həbs edilib.
Digər bir məlumata görə isə onların hər ikisi girov müqabilində azadlığa buraxılıb. Lakin cütlüyə qarşı irəli sürülən ittihamlar üzrə məhkəmə araşdırmaları hazırda davam etdirilir.
Qeyd olunur ki, onların ABŞ-dan deportasiya olunmaq ehtimalı var.
Arif Hacılı facebook hesabında oğlunun və gəlininin saxlanıldığını təqdiqləsə də onların həbs edilmədiyini bildirib:
"Oğlumun və gəlinimin ABŞ-da həbs olunması və onlara qarşı ittiham irəli sürülməsi barədə təhrif edilmiş, həqiqətdən uzaq məlumatlar yayılıb. ABŞ-da fəaliyyət göstərən ICE adlı qurumun miqrantlara qarşı keçirdiyi genişmiqyaslı reydlər barədə çoxları xəbərdardır. Belə reydlərdən birində mənim oğlum və gəlinim də saxlanılıb. Müəyyən soruşdurma və araşdırmalardan sonra onların hər ikisi sərbəst buraxılıb.
Daha irəli gedən nəticələr çıxaranlara da bildirməliyəm ki, Müsavat Partiyası tərəfindən nə oğlum, nə də ailəmin digər üzvləri üçün heç vaxt hər hansı müdafiə sənədi verilməyib və heç bir quruma Müsavat Partiyası adından müraciət edilməyib".