“Android” smartfonlarının istifadəçiləri bəzən ekranın yuxarı hissəsində, mobil şəbəkə, Wi-Fi və batareya işarələrinin yanında kiçik “n” hərfini görə bilərlər. Bir çoxları bu işarənin nə demək olduğunu bilmir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “n” hərfi telefonda NFC funksiyasının aktiv olduğunu göstərir.
NFC – “Near Field Communication”, yəni yaxın məsafədən simsiz məlumat ötürülməsi texnologiyasıdır. Bu funksiya smartfonun yaxınlıqdakı uyğun cihazlarla məlumat mübadiləsi aparmasına imkan verir.
NFC texnologiyası uzun illərdir mobil cihazlarda istifadə olunur. Əvvəllər əsasən bahalı flaqman smartfonlarda rast gəlinirdisə, hazırda orta qiymət seqmentində, hətta daha münasib modellərdə də mövcuddur.
NFC-nin ən geniş istifadə sahələrindən biri təmassız ödənişlərdir. Bu funksiya vasitəsilə smartfonla mağazalarda Google Pay və Apple Pay kimi xidmətlərdən istifadə etməklə ödəniş etmək mümkündür. Belə ödənişlər barmaq izi və ya üz tanıma kimi biometrik təsdiqləmə üsulları ilə əlavə qorunur.
Lakin NFC yalnız ödəniş üçün nəzərdə tutulmayıb. Texnologiya bəzi Bluetooth qurğularının sürətli qoşulması, uyğun smartfonlar arasında məlumat ötürülməsi, NFC etiketlərinin istifadəsi və telefondakı müəyyən funksiyaların avtomatlaşdırılması üçün də işlədilə bilər.
Məsələn, iş masasının üzərinə NFC etiketi yerləşdirərək telefonu ona yaxınlaşdırdıqda “Narahat etməyin” rejiminin avtomatik aktivləşməsini təmin etmək olar. Eyni üsuldan avtomobildə müəyyən funksiyaların avtomatik işə salınması üçün də istifadə edilir.
NFC-ni daim aktiv saxlamaq ümumilikdə təhlükəli hesab edilmir. Texnologiya çox qısa məsafədə işlədiyindən bağlantının yaradılması üçün cihazların bir-birinə yaxın olması tələb olunur. Bundan başqa, NFC çox az enerji sərf edir.
Bununla belə, təhlükəsizlik qaydalarını unutmaq olmaz. Saxta NFC etiketləri istifadəçini zərərli və ya fişinq saytlarına yönləndirə bilər. Buna görə də mənşəyi bilinməyən NFC etiketləri ilə qarşılıqlı əlaqə zamanı diqqətli olmaq tövsiyə edilir.
Telefondakı “n” işarəsini gizlətmək üçün isə bəzi smartfonlarda “Parametrlər” bölməsindən ekran və status sətri parametrlərinə daxil olaraq müvafiq seçimi söndürmək mümkündür. Menyunun adı telefon modelindən asılı olaraq fərqlənə bilər.