11:01
02 Oktyabr 2020

Dağlıq Qarabağ Azərbaycan ərazisidir - Macarıstan XİN

Sentyabrın 27-də rəsmi olaraq Azərbaycan ərazisinin bir hissəsi olan, lakin ermənilərin nəzarətində olan Dağlıq Qarabağ bölgəsində döyüşlər yenidən başlayıb və bu, bir sıra mülki və hərbi itkilərə səbəb olub.

APA-nın xəbərinə görə, bu, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin açıqlamasında əksini tapıb.

Bildirilib ki, Dağlıq Qarabağ Azərbaycanın sərhədləri daxilində olduğu üçün Macarıstan münaqişədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

“Dağlıq Qarabağ bölgəsi rəsmi olaraq Azərbaycanın ərazisidir. 1988-94-cü illərdə keçmiş sovet respublikaları Ermənistan və Azərbaycan arasında bölgə uğrunda müharibə gedib. Ermənistan qondarma respublikanı dəstəkləsə də, heç vaxt rəsmi olaraq onu tanımayıb. Ötən bazar günü başlayan döyüşlər 1994-cü ildən bəri ən ağır döyüşlərdir. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir və Macarıstan beynəlxalq hüququn ümumi prinsipi olaraq dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Macarıstan Dağlıq Qarabağda getdikcə artan gərginliyin azaldılmasını və münaqişənin ATƏT-in Minsk qrupu həmsədlərinin məsləhətləşmələri çərçivəsində danışıqlar yolu ilə həllini dəstəkləyir”, - qeyd olunub.

Dİgər xəbərlər